· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Müasir təlim şagirdlərin idrakını inkişaf etdirir

 

Hər bir elmi bilik obyektin müəyyən tədqiqatının, təfəkkürün metodlarının və həmçinin sosial-mədəni həyat fəaliyyəti şəraitinin nəticəsidir ki, bu da tədqiqatçının elmi mövqeyini bəhrələndirir. Bilik, eyni zamanda fiksə olunmuş məhsul kimi  həm də öz üsulları, vasitələri, metodları olan təfəkkür prosesi kimi qəbul edilə bilər.

Məktəb dərsliklərində, adətən, hazır biliklər, yəni müəyyən sahələrdə aparılmış elmi tədqiqatların nəticələri təqdim olunur. Belə hal şagirdləri əvvəlcədən kiminsə əldə etdiyi nəticələri qəbul etməyə  məcbur edir. Bu da canlı müşahidəni, təxəyyülü, mübahisələri, fikir ziddiyyətlərini və nəhayət, hər bir şagirdin fərdiliyini, onun təkrarsız duyğularını əvəz edir.

Bunlar hamısı onu göstərir ki, nə mühazirələrin, nə də saysız-hesabsız məsələlərin verdiyi elmi biliyi əvəz etmək olmaz. Ən yaxşı halda kimsə məlum üsullarla məsələni həll edə bilər. Amma nə müstəqil olaraq problem qoymağı, nə də yeni üsulların axtarılıb tapılmasını öyrənə bilər. Başqa sözlə, idrak fəaliyyətinin yaratdığı təfəkkür prosesini anlamadan şagirdlər tam biliklərə yiyələnə bilməz.

Məktəbdə təhsilin məqsədi tez bir vaxtda "biliklər" toplusunu yığmaqdan ibarət deyil. İlk növbədə, təbiətin canlı və cansız obyektlərinin mahiyyətini ayrı-ayrı fənlər üzrə tədqiqi yolu ilə dərk etməkdir. Məktəb təhsilinin məzmununun belə dərk edilməsi gələcəkdə insanın həyatda özünüdərketməsini, fərdiliyini və ümumbəşəri mədəni dəyərlərini dərindən anlaması üçün şərait yaradır. Demək, məktəb uşaqların həyatında elə bir məkandır ki, bu məkanda təfəkkürün müxtəlif prizmalarından onun fərdiliyi, özünüdərkini, keçmişə, gələcəyə münasibəti yaranır. Təhsil zamanı insan idrak fəaliyyətinin müxtəlif növlərini özünə şamil edir. Şagird öz fərdiliyini dərk edərək məhz ona uyğun fəaliyyət növünü seçir (siyasət, incəsənət, tarix, təbiət və s.).

Nəticə etibarı ilə fərdilik öz-özünü inkişaf etdirir. Təhsil isə bunun üçün lazımi şərait yaradır və insanın şəxsi inkişafı üçün lazım olan vasitələri təmin edir.

Yeni təhsil modeli (kurikulum) ilə qurulan dərslər şagirdləri əzbərçilikdən xilas edir. Əvəzində onların dərs prosesində bilik və bacarıqları tədqiqat yolu ilə əldə etmələrinə, təfəkkür və düşüncələrinin inkişafına gətirib çıxarır.  Bu zaman şagird bir şəxsiyyət kimi özünə inamını artıraraq həm ətrafdakılara, həm də özünə  daha məsuliyyətlə yanaşır.

Kurikulum həm də müəllimi öz üzərində çalışıb yeniliklərdən xəbərdar olmağa sövq edir, dərslərini daha maraqlı, daha rəngarəng keçməsinə imkanlar yaradır. İnteraktiv metodların imkanları bu dərslərdə daha aydın meydana çıxır.

Debatlar, rollar üzrə iş, müzakirələr, kompüterdən istifadə edərək tapılan yeni mülahizələr, dəlillər, tarixi faktlar dərsin elə sinifdə öyrənilməsinə zəmin yaradır.

Hələ kiçik yaşlardan şagirdlərə axtarmaq, sübut etmək mədəniyyəti, texnikaya maraq, qrup şəklində işləmək bacarığı geniş informasiya axınından özünə lazımlını seçmək bacarığı verir. Debatlar şagirdlərdə nitq və dil bacarıqlarına yiyələnməyi formalaşdırır, çıxış edərkən məsuliyyət daşımağın gərəkliliyini tərbiyə edir, danışarkən orfoepiya qaydalarına riayət etməyə, dilimizə daxil olan sözləri, dilin  zənginliyini qorumağa alışdırır, idrakını daha da inkişaf etdirir. Rollu oyunlar real həyatı əks etdirdiyindən onlar həlli sadə olmayan məsələləri müzakirə  obyekti edə bilər.

Müəllimin hər bir şagirdin müxtəlif nöqteyi-nəzərinin olmasını təbii hal kimi qəbul etməsi olduqca vacibdir. Müəllimlər mübahisəli məsələlər haqqında öz fikirlərini şagirdlərə zorla qəbul etdirməyə və ya nə olursa-olsun fikir üstünlüyü qazanmağa çalışmamalıdırlar. Onlar həmrəyliyə gətirən fikirləri ümumiləşdirə, rəy müxtəlifliyi yaradan fikirləri isə müzakirə üçün "açıq" saxlaya bilərlər.

Rollu oyunların təşkili həssaslıq tələb edir.  Müəllim şagirdlərin şəxsiyyətinə hörmətlə yanaşmalı və sinfin sosial strukturunu nəzərə almalıdır.

İbtidai təhsil pilləsində şagirdlərə əşyaların adlarını düzgün söyləmək, gözləri qarşısında canlandırma qabiliyyətini, əşyaların içərisində yalnız ona aid və ya lazım olanını sərbəst seçmək qabiliyyəti tərbiyə edilməlidir. Ayrı-ayrı şagirdlərin bacarıq və dərketmə qabiliyyəti  bu zaman üzə çıxır. Qruplarla işləmək isə hər kəsə bacardığı çərçivədə iş görmək imkanı verir.

 

Şəymən ƏLİYEVA,

Bakıdakı 225 nömrəli orta  məktəbin

Azərbaycan  dili və ədəbiyyat müəllimi