· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

"Azərbaycan müəllimi"  qəzetinin 75 yaşı tamam oldu

 

"Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır.

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

"Azərbaycan müəllimi" qəzeti təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 1934-cü il sentyabrın 2-də Azərbaycan Respublikasının mətbu orqanları sırasına daha bir qəzetin adı yazıldı: "Kommunist maarifi". Qəzetin nəşrində başlıca məqsəd geniş maariflənmə proqramlarının həyata keçirilməsinə kömək etmək, qazanılmış uğurları təbliğ etmək, vəzifələri həyata keçirmək yollarını göstərmək idi. Qəzetin əməkdaşları "Əkinçi" ilə başlanan milli mətbuatın ümumxalq qəzeti olmaq ənənəsini davam və inkişaf etdirirdilər. Azərbaycan xalqının maariflənməsi, təhsil şəbəkəsinin genişlənməsi, milli elmi-pedaqoji kadrların hazırlanması kimi fəaliyyət istiqamətlərini əhatə edən maarif cəbhəsi, əslində, ziyalıların sahəsi idi.

Qəzetin oxucuları ziyalılar, qəzetə yazı göndərənlər ziyalılar, qəzeti cəmiyyətdə tanıdıb şöhrətləndirənlər ziyalılar idilər. Bu ziyalılar Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycanın müəllimlər ordusunun "əsgərləri" idilər. Dörd il "Kommunist maarifi" adı ilə nəşr olunan qəzet 1938-ci ildən "Müəllim qəzeti" adı ilə abunə kataloquna daxil edildi. Böyük Vətən müharibəsi başlananadək Azərbaycan məktəb tarixi, Azərbaycan maarifi, Azərbaycan müəllimləri ilə bağlı müxtəlif janrlı yazılar dərc edən qəzet nəşrini dayandırdı. İlk müəlliflərindən bəzisi repressiya qurbanları olmuş, qəzetin qalan əməkdaşları odlu-alovlu cəbhə yollarında düşmən qurşunlarına hədəf oldular, yaralanıb şikəst qayıtdılar. çox təəssüf ki, onlar haqqında bizə heç nə məlum deyil. İnanırıq ki, haçansa lap bu yaxınlarda kimsə arxivdə işləmək zəhmətini ləyaqətlə boynuna çəkib "Azərbaycan müəllimi"nin 75 illik salnaməsini bütün detallarına kimi öyrənəcək. İndidən ona uğurlar diləyirik.

1946-cı ilin aprelindən qəzet yenidən "Azərbaycan müəllimi" adı ilə nəşrə başlamışdır.

Müharibədən sonrakı illər Azərbaycan maarifi üçün çətin və mürəkkəb bir dövr olmuşdur. Ağır və dəhşətli repressiyadan sonra ziyalıları tükənmək təhlükəsi ilə üzləşən respublikada ali təhsilli müəllimlər çatışmırdı. çoxu müharibənin qurbanı olmuş müəllimlərin əvəzinə məktəblərdə orta məktəbi yaxşı qiymətlərlə bitirənlər çalışırdılar. Boşluğu doldurmaq üçün pedaqoji institutun fakültələrinə kadrlar toplanırdı. Qiyabi ali pedaqoji məktəb fəaliyyət göstərirdi. Bütün bu işlər, bununla yanaşı şəhər və kənd məktəblərinin uğurları, seçilən müəllimlərin təcrübəsi qəzet səhifələrində işıqlandırılırdı. Kənd rayonlarında çalışan müəllimlərin bir qismi qəzetlə əməkdaşlıq edirdi. Redaksiyanın qayğıkeş və yaradıcı əməkdaşları onların yazılarının qəzet səhifələrinə çıxarılmasında obyektivlik və prinsipiallıq göstərirdilər.

***

...1954-cü ildə qəzetin nəşrinin 20 illiyi münasibətilə tədbir keçirilmiş, əməkdaşların fəaliyyəti mənəvi və maddi cəhətdən stimullaşdırılmışdır.

Zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri ilə seçilən respublikada təhsil müəssisələrinin şəbəkəsi genişlənir, yeni tədris binaları, əlavə otaqlar inşa olunur, ayrı-ayrı rayon və şəhərlərdə elmi-pedaqoji konfranslar keçirilir, ayrı-ayrı məktəblərdə çalışan müəllimlər yaradıcı işləri ilə tanınırdılar.

"Azərbaycan müəllimi" bu nailiyyətləri əks etdirən müxtəlif janrlı məqalələr dərc edirdi. Bu gün Azərbaycanda pedaqoji və psixoloji, filoloji və başqa elmlər  sahəsində tanınmış alimlər üçün qəzet ilk tribuna olmuş, onları ictimaiyyətə tanıtmaqda bir vasitə olmuşdur.

ötən əsrin 70-ci illərində "ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında" qərar qəbul edilmişdi. Həmin qərardan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı məqalələr qəzetdə əksini tapmışdır. Yaxud kənd məktəblərinin iş şəraitini yaxşılaşdırmaq haqqında qərarla bağlı respublikada işlər vüsət almışdı. Həmin dövrdə Füzuli, Yevlax rayonlarında məktəb idmanına şərait yaratmaq baxımından dəyərli işlər görülürdü: idman zalları təmir edilir, yenisi inşa olunur; açıq havada idman kompleksi yaradılırdı.

Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyevin bilavasitə rəhbərliyi və göstərişi ilə iqtisadi-ictimai durumu dəyişən kəndlərdə müasir təhsil ocaqları inşa olunurdu.

Hər il onlarca məktəb binası, əlavə sinif otaqları və emalatxanalar tikilib istifadəyə verilirdi. Şagird istehsalat briqadalarının kənd əməkçilərinə köməyi istiqamətində, sözün həqiqi mənasında, müsbət təcrübə toplanılmışdı. Gəncliyin  təlimi və tərbiyəsi sahələrində nailiyyətlər qazanan müəllimlər sayca çoxalmışdılar...

Bütün bu müxtəlif istiqamətli pedaqoji fəaliyyət növləri üzrə Azərbaycanda orta ümumtəhsil məktəblərində qazanılmış nailiyyətlər qəzetin başlıca mövzuları idi. Əməkdaşlar yerlərə ezam olunurdular, kənd və şəhərlərdə çalışan müəllimlər ştatdankənar müxbirlər kimi redaksiyaya məktublar göndərirdilər. Redaksiyada iş qaynayırdı.

1992-ci ilin payızında (noyabrda) qəzetin fəaliyyəti dayandırıldı. Redaktor, filologiya elmləri doktoru, professor Şahin Səfərov işdən getdi. Və xaotik vəziyyət yarandı. Bir müddət keçdikdən sonra qəzet yenidən fəaliyyətə başladı.

Qəzetə müxtəlif zamanlarda ayrı-ayrı şəxslər redaktorluq etmişlər. Onların iş üslubu haqqında heç nə bilmirik. Lakin redaktorluq səriştələri, maarif salnaməsini yaratmaq naminə əməlləri qəzet nömrələri tikililərində özünü yaşadır.

 Müstəqillik dövründə Azərbaycan təhsili böyük inkişaf yolu keçmişdir. Müstəqilliyimizin ilk illərindən ölkəmizdə milli zəminə, demokratik dəyərlərə əsaslanan yeni təhsil sisteminin yaradılması istiqamətində geniş iş başlanmış, 90-cı illərin sonlarından isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, təhsildə də sistemli islahatlara start verilmişdir. Aparılan islahatlar son illər öz bəhrəsini verməkdədir. Təhsilimizin bütün sahələrində diqqətəlayiq uğurlar qazanılıb. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb tikintisi, avadanlıqlarla, İKT ilə təminat sahəsindəki uğurlar xüsusilə ürəkaçandır. Təkcə onu qeyd edək ki, son 10 ildə 1600-dək yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Təhsili inkişafın təməli sayan ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində büdcədə təhsilə ayrılan vəsait ildən-ilə artırılır. Təbii ki, ölkə təhsilində  son illər aparılan bu quruculuq işləri, əldə olunan uğurlar "Azərbaycan müəllimi"nin də əsas mövzuları olmuş, qəzet müstəqillik dövrü təhsilimizin salnaməsini yaratmaq missiyasının öhdəsindən layiqincə gəlmişdir.

Məhz qəzetin bu istiqamətdəki böyük xidmətlərinin nəticəsidir ki, onun müstəqillik illəri ərzində keçirilmiş 2 yubileyində (60 və 70 illik yubileylərində) ölkə Prezidenti qəzetin kollektivinə təbrik məktubları ünvanlamış, həmin məktublarda qəzetin təhsilimizin inkişafındakı rolu layiqincə dəyərləndirilmişdir. Son illər ölkədə, o cümlədən təhsildə gedən böyük quruculuq işləri fonunda təhsil, maarif sahəsinin əsas nəşri olan "Azərbaycan müəllimi" də xeyli inkişaf etmiş, redaksiyanın maddi-texniki bazası möhkəmlənmiş, redaksiya müasir kompüterlərlə təmin olunmuş, sürətli İnternetə qoşulmuşdur.

Qəzetin yaradıcı heyətinin peşəkarlıq səviyyəsi də xeyli yüksəlmişdir. Hazırda qəzetin redaksiyasında 2 nəfər respublikanın əməkdar jurnalisti çalışır, kollektivin bir neçə üzvü "Tərəqqi" medalına layiq görülüb. Bütün bunların nəticəsidir ki, hazırda "Azərbaycan müəllimi" ölkədə ən yüksək tirajla nəşr olunan mətbu orqanlardan biridir.

 

"AZƏRBAYCAN MüƏLLİMİ"