· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Həyati bacarıqlara əsaslanan təhsil"

fakültativ kursunun tədrisi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn kurikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü, inkişafetdirici xarakter daşımaqla şagirdlərdə həyati bacarıqların (kompetensiyaların) formalaşmasına xidmət edir.

Təhsil Nazirliyi məzmun islahatları istiqamətində bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirir. Belə layihələrdən biri də Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən həyata keçirilən "Azərbaycanda İİV/QİçS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsidir. Dünya təcrübəsində geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı ilin yanvarından başlanmışdır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində "Nəyati bacarıqlara əsaslanan təhsil" üzrə fakültativ kursun tədrisi də nəzərdə tutulur. 

Məzmununa görə inteqrativ olan bu kursun məqsədi şagirdlərə sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması, bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv davranış strategiyalarının formalaşdırılmasıdır.

Kursun məzmununa sağlamlığın qorunması ilə yanaşı, insan hüquqları, vətəndaşlıq və digər qlobal sosial rroblemlər də daxil edilmişdir. Kursun tədrisində təlimin fəal/interaktiv üsullarından istifadə edilməklə şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və vərdişləri həyatda tətbiq edə bilmələri əsas məqsəd kimi müəyyənləşdirilmişdir.

Layihə çərçivəsində Təhsil Nazirliyində qabaqcıl müəllimlərdən, metodistlərdən, alimlərdən ibarət işçi qrupu yaradılmış və həmin işçi qrupu tərəfindən "Həyati bacarıqlara əsaslanan təhsil üzrə Milli Konsepsiya" (Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli, 366 nömrəli əmri ilə təsdiq edilmişdir), I-IV, V-IX və X-XI siniflər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun rroqramları  hazırlanmış (Təhsil Nazirliyinin 17.07.2006-cı il tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir), ibtidai, əsas və orta təhsil pillələri üzrə müəllimlər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaiti hazırlanmışdır. Tədris vəsaitinin üstünlüyü ondan ibarətdir ki, burada hər bir mövzunun məqsədi, təlim üsulları, qiymətləndirmə mexanizmi və təlim materialının məzmunu barədə məlumatlar öz  əksini tapmışdır.

Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "təlimçilərin təlimi" üzrə treninqlər keçirilmiş, sonrakı mərhələdə isə resrublikanın 2815 məktəbində "Həyati bacarıqlara əsaslanan təhsil" kursunu tədris edəcək 7166 nəfər müəllim treninqdən keçirilmiş, il ərzində treninqlərin keçirilməsi davam etdiriləcəkdir.

Qeyd olunanları nəzərə alaraq

          

ƏMR EDİRƏM:

 

1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumtəhsil məktəbləri:

1.1. 2009-2010-cu tədris ilindən ümumtəhsil məktəblərinin I-XI siniflərində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun həftədə 1 saat ayrılmaqla tədrisini təmin etsinlər.

1.2. Fakültativ, fərdi və qrup məşğələləri üçün nəzərdə tutulmuş saatlardan kursun tədrisinə ayrılması mümkün olmayan hallarda dərnək məşğələlərində, həmçinin fənlər üzrə müvafiq mövzuların tədrisində nəzərdə  tutulmuş vəsaitdən istifadə olunmasını təmin etsinlər.

1.3. "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi ilə əlaqədar dərs ilinin birinci və ikinci yarımilinin sonunda Təhsil Nazirliyinə yazılı hesabat təqdim etsinlər.

1.4. Kursun müvafiq treninqdən keçmiş müəllimlər tərəfindən tədris edilməsini nəzərdə tutsunlar.

2. Layihənin milli əlaqələndiricisi (F.Qədirov) "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun ümumtəhsil məktəblərində tədrisi və nəticələr barədə tədris ilinin sonunda hesabat təqdim etsin və müvafiq təkliflər hazırlasın.

3. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Nüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini təmin etsin.

4. Təhsil Nazirliyinin ümumi şöbəsi (İ.Mirzəyev) əmrin çoxaldılaraq bütün rayon (şəhər) təhsil şöbələrinə çatdırılmasını təmin etsin.

5.  Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

5 avqust 2009-cu il

 

 

 

 

 

 

 

Qaydaların təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikasında texniki peşə təhsili üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın yerinə yetirilməsi ilə əlaqədar texniki peşə təhsili sahəsində normativ-hüquqi bazanın və ilk peşə təhsili müəssisəsinə şagird qəbulu prosesini təkmilləşdirmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları" təsdiq olunsun (əlavə olunur).

2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)  "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları"nın "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında və  "Təhsil xəbərləri" məcmuəsində çap olunmasını təmin etsin.

3. İqtisadiyyat şöbəsi (H.Zeynalov), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və ümumi şöbə (İ.Mirzəyev) "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları"nın çap olunması və ilk peşə təhsili müəssisələrinin rəhbərlərinə çatdırılması üçün lazımi tədbirləri görsünlər.

4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov) yeni qəbul qaydalarının tətbiq olunması ilə əlaqədar peşə təhsili müəssisələrinə kömək göstərsinlər.

5. Peşə təhsili müəssisələrinin direktorları "İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları"nın icra olunması ilə əlaqədar lazımi işlərin görülməsini təmin etsinlər.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.05.2000-ci il tarixli, 403 N-li əmri ilə təsdiq olunmuş "Peşə məktəbi və peşə liseylərinə şagird qəbulu qaydaları" qüvvədən düşmüş hesab edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

13 avqust 2009-cu il

 

 

 

  

İlk peşə təhsili müəssisəsinə şagird qəbulu qaydaları

 

1. Azərbaycan Respublikasının ilk peşə təhsili müəssisəsinə müxtəlif yaş və təhsil səviyyəli şəxslər qəbul oluna bilərlər.

2. İlk peşə təhsili müəssisəsində tədris qrupları komplektləşdirilərkən qəbul olmaq istəyənlərin yaş və təhsil səviyyələrindəki fərq nəzərə alınır.

3. İlk peşə təhsili müəssisələrinə bir qayda olaraq əsas və orta təhsil sənədi olan şəxslər təhsil müddəti 1-3 il olan və qısamüddətli kurslara qəbul edilirlər.

4. Peşə öyrənmək istəyən müxtəlif istehsal və xidmət sahələrində işləyən peşə hazırlığını təkmilləşdirmək, peşəsini dəyişmək arzusunda olan digər yaş və təhsil səviyyəli şəxslər üçün ayrı və ya qarışıq qruplar təşkil olunur. Həmin şəxslər təhsil müddəti 1-2 il olan və yaxud qısamüddətli kurslarda peşə təhsili ala bilərlər.

5. İlk peşə təhsili müəssisələrinə şagird qəbulu aşağıdakı formalarda həyata keçirilə bilər:

*          seçilən peşə üzrə müsahibə yolu ilə ilkin biliklərin müəyyən edilməsi;  

*          ana dili və riyaziyyat fənləri üzrə biliklərin yazılı şəkildə yoxlanılması;

*          ilkin peşə bacarıqlarının qiymətləndirilməsi vasitəsilə;

*          seçilən ixtisasa uyğun olan ümumtəhsil fənlərindən zəruri minimum bilik və bacarıqların müsahibə yolu ilə yoxlanılması.

6. İlk peşə təhsili müəssisəsinə sənəd qəbulu sentyabr ayının 1-nə kimi davam edir.

7. Şagird qəbulunun təşkili və aparılması məqsədi ilə ilk peşə təhsili müəssisəsində qəbul komissiyası yaradılır. Qəbul komissiyasının tərkibinə direktor, direktor müavinləri, həmkarlar ittifaqının sədri, işəgötürənlərin nümayəndələri daxil edilir. Komissiya üzvlərindən biri sədr seçilir, sonra yeni tərkibə pedaqoji şurada baxılır və direktor tərəfindən təsdiq olunur. üzvlərdən biri komissiyanın katibi təyin edilir.

8. Qəbul komissiyasının vəzifələri:

8.1.      Peşəyönümü işinin təşkil olunmasını, kütləvi informasiya vasitələrində ilk peşə təhsili müəssisəsinə şagird qəbulu barədə elan verilməsini təmin edir;

            Qəbul olmaq istəyənlərlə peşənin seçilməsi, istehsalatda işləmək və təhsil şərtləri haqqında söhbət aparır;

8.2.      Qəbul olunmaq haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxır, sənəd qəbulunu həyata keçirir və sənədlərin qəbul olması barədə vahid formada arayış verir;

8.3.      Şagird qəbulunun keçirilmə formasını müəyyən edir;

8.4.      Şagird qəbulu prosesinin sentyabr ayının 1-dən 10-a qədər keçirilməsini təşkil edir;

8.5.      Şagird qəbulunu həyata keçirir və qəbulun nəticələrinin rəsmiləşdirilməsini təmin edir.

9. Şagirdlər seçim mərhələsinin nəticələrinə əsasən ilk peşə təhsili müəssisəsinə qəbul olunurlar.

10. Qəbul zamanı eyni nəticə göstərənlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:

*          təhsil sənədində (şəhadətnamə və attestat) göstərilən qiymətlərin orta balına əsasən;

*          İşəgötürənlər tərəfindən göndərişlə gələnlərə;

*          ixtisası üzrə iş stajı olanlara;

*          şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara.

11. Qısamüddətli kurslara qəbul tədris ili ərzində ilk peşə təhsili müəssisəsi tərəfindən elan edilir və aparılır.

12. İlk peşə təhsili müəssisəsinə qəbul olmaq üçün seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış təqdim olunur.

13. İlk peşə təhsili müəssisəsinə qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim edirlər:

seçilən peşənin adı göstərilməklə direktorun adına ərizə;

təhsil haqqında sənədin əsli;

müvafiq formada tibbi arayış;

şəxsiyyət vəsiqəsi və ya yaşayış yerindən arayış;

3 x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil.

Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə), hərbi mükəlləfiyyət barədə sənəd şəxsən təqdim olunur. Bu sənədlər əsasında müvafiq qeydlər aparıldıqdan sonra onlar sahibinə qaytarılır.   

14. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ilk peşə təhsili müəssisəsinə bu qaydalara uyğun olaraq ödənişli əsaslarla qəbul olunurlar.

15. Şagird qəbulu barədə əmr sentyabr ayının 14-dən gec olmayaraq verilir.

16. İlk peşə təhsili müəssisəsinə qəbul olunanlar 10 gün müddətində dərsə gəlmədikdə (üzrsüz səbəbdən) təhsil müəssisəsindən xaric olunurlar.

17. İlk peşə təhsili müəssisəsinə qəbul olmayan şəxslərin sənədləri 5 gün müddətində geri qaytarılır.

18. İlk peşə təhsili müəssisəsinə şagird qəbulu ilə əlaqədar şikayətlərə sentyabr ayının 30-dək Təhsil Nazirliyində baxılır.