· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Onlar 700 bal toplamışlar

 

Artıq üçüncü ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. Bu il estafeti Fəridə Musayeva və Ucal Ağaməmmədov davam etdirmişlər. Artıq tələbə adını qazanmış hər iki gənc 700 ballıq nəticə ilə nəinki imtahan verdikləri III qrupun, bütövlükdə builki abituriyentlərin liderlərinə çevrilmişlər. Onları oxucularımıza təqdim edirik.

 

Fəridə Mehman qızı Musayeva

 

1992-ci il iyulun 11-də Bakı şəhərində hərbiçi ailəsində anadan olub. 1998-ci ildə paytaxtın 20 nömrəli orta məktəbində birinci sinfə gedib. Fəridənin həmişə yaxşı təhsil alması haqda düşünən valideynləri IV sinfi bitirdikdən sonra onun təhsilini Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyində davam etdirməsini qərara alıblar. İstedadlı qız həmin liseyə o qədər də asan olmayan qəbul baryerini asanlıqla aşıb - 2002-ci ildə müvəffəqiyyətlə imtahan verərək liseyin V sinfinə qəbul olunub. Liseydə də həmişə fərqlənib, bütün sinifləri tərifnamələrlə, fəxri fərmanlarla başa vurub. Mərkəzləşdirilmiş qaydada keçirilən builki buraxılış imtahanlarını da uğurla verərək liseyi fərqlənmə attestatı ilə bitirib. Liseyin peşəkar müəllimləri bütün fənləri Fəridəyə sevdirməyi bacarıblar. Dəqiq fənləri yaxşı qavrasa da, həvəsi humanitar sahəyə yönəlib, arzusu hüquq təhsili almaq olub və sənədlərini III ixtisas qrupuna verib.

Nəticə isə, göründüyü kimi, çox yüksəkdir. Fəridə öz arzusuna qovuşub. İndi o, seçdiyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsidir.

özünün dediyinə görə, Fəridənin qəbul imtahanlarına hazırlaşmasında oxuduğu XI "A" sinfinin rəhbəri, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı müəllimi Siracəddin Hacının, tarix müəllimi Tofiq Nəcəflinin, riyaziyyat müəllimi Vaqif Şərbətovun, ingilis dili müəllimi Rəxşəndə Tağıyevanın böyük zəhmətləri olub.

öz uğurunda valideynlərinin rolu haqqında isə Fəridə belə deyir:

- Valideynlərim məndən heç zaman maddi və mənəvi yardımlarını əsirgəməyiblər. Həmişə nailiyyətlərimə məndən daha çox seviniblər.

Fəridə 700 bal toplamasında liseylərindəki yüksək tədris mühitinin rolunu da layiqincə qiymətləndirir. Məhz bu mühitin, verilən keyfiyyətli təhsilin nəticəsidir ki, onun oxuduğu XI "A" sinfinin 18 məzunundan 12-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.

"700 bal toplayacağını gözləyirdinmi" sualımızın cavabında Fəridə "Nəinki gözləyirdim, hətta inanırdım. çünki yaxşı hazırlaşmışdım. Həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında iştirak edərək həmişə 650-dən çox bal toplamış, 2 dəfə isə 700 ballıq nəticə göstərmişdim. Atam həmişə mənə deyərdi ki, atalar üçdən deyib. Bu nəticəni üçüncü dəfə qəbulda təkrar etməlisən. Allaha çox şükürlər olsun ki, ailəmin və müəllimlərimin ümidlərini doğrulda bildim".

700 ballıq nəticə ilə bir arzusuna - Prezident təqaüdçüsü olmaq arzusuna da qovuşacağı şübhə doğurmayan Fəridə tələbəlik dövrü və gələcək fəaliyyəti üçün yeni hədəflər müəyyən edib: DİA-nı fərqlənmə diplomu ilə bitirmək, ali təhsilin magistr pilləsini dövlət xətti ilə Avropanın nüfuzlu universitetlərindən birində davam etdirmək, gənc yaşlarında hüquq elmləri doktoru olmaq...

 

 

 

Ucal Novruz oğlu Ağaməmmədov

1992-ci il iyulun 22-də Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. İlk təhsilini də oradakı 812 nömrəli gimnaziyada alıb. O, hələ ibtidai siniflərdə özünü yaxşı oxuyan şagird kimi tanıdıb. Buna görə də onu III sinifdən birbaşa V sinfə keçiriblər. Ucalgilin ailəsi 2003-cü ildə Bakıya köçüb və o, Bakıxanov qəsəbəsindəki 72 nömrəli liseyin rus bölməsində 6-cı sinifdə təhsilini davam etdirib. Həmin dərs ilinin sonunda isə uğurla imtahan verərək Bakı özəl Türk Liseyinə daxil olub. Burada XI sinfədək təhsil alıb. Orta təhsilin son ilini evlərinin yaxınlığındakı 18 nömrəli Zəngilan qaçqın məktəbində oxuyub. Ucal orta təhsil aldığı 11 il ərzində 4 məktəb dəyişsə də, bu, onun yüksək hazırlıqlı məzun kimi həyata atılmasına, qəbul imtahanlarına mükəmməl hazırlaşmasına mane olmayıb. özünün dediyi kimi, bazası güclü olub və fənlərə həvəsi, çalışqanlığı sayəsində potensialını daha da artıraraq orta məktəbi yüksək qiymətlərlə başa vurub. Yaddaşında Moskvadakı 812 nömrəli gimnaziya ilə Bakı özəl Türk Liseyi daha dərin iz salıb. Rusdilli olduğu üçün ilk vaxtlar Bakı özəl Türk Liseyində onun üçün çətin olub. çalışqanlığı sayəsində dil maneəsini çox qısa müddətə aşa bilib və liseyin IX, X siniflərini "əla" qiymətlərlə bitirib.

Ucal ali məktəbə yüksək balla daxil olmasında həmin təhsil müəssisələrinin və son illər onunla fərdi məşğul olmuş repetitor müəllimlərin xüsusi rolu olduğunu qeyd edir.

Ucalın fikrincə, imtahana hazırlaşmağın ən yaxşı yolu planlı, proqram üzrə hazırlaşmaqdır. Hər şey, hətta yuxu da bu planda nəzərə alınmalı və ona dəqiq əməl edilməlidir. Belə olanda adam öyrəşir və hazırlaşmaq rahat olur.

- Evdə valideynlərim, məktəbdə müəllimlərim mənə yüksək bal toplayacağımı desələr də, doğrusu ən yüksək nəticə əldə edəcəyimi gözləmirdim. Düzdür, həmişə sınaq imtahanlarından 650-dən çox bal toplamışdım. Amma 700 bal yığmağıma ümid etmirdim.

Ucal özünə hüquqşünaslıq ixtisasını seçib, Bakı Dövlət Universitetində oxuyacaq. Arzusu səfir olmaqdır. Ona görə III ixtisas qrupuna sənəd verib. Amma uşaqlıqdan texniki fənlərə daha çox həvəsi olub. Ən çox xoşladığı fənn isə kimyadır. Riyaziyyat və kimya üzrə dəfələrlə bilik yarışlarının qalibi olub, olimpiadalarda iştirak edib. Arzusu yaranmasının 90 illiyi bu il tamam olan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmək və vətənə sədaqətli bir dövlət xadimi olmaqdır.

 

Yusif ƏLİYEV