|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Milli Qurtuluş Günü təhsil müəssisələrində qeyd olundu
15 İyun Milli Qurtuluş Günü, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Naxçıvan Dövlət Universitetində də təntənəli şəkildə qeyd edildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Qurtuluş Gününü Azərbaycan xalqının milli müqəddəratında həlledici tarixi dönüş məqamı kimi qiymətləndirdi. ümummilli lider Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışı nəticəsində Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdiyini, ölkədə siyasi stabillik yaratmaqla Azərbaycanın gələcək inkişaf strategiyasını və qətiyyətli siyasi mövqeyini müəyyənləşdirdiyini qeyd etdi. Millət vəkili gənclərə ulu öndər Heydər Əliyevin siyasi irsini və azərbaycançılıq ideologiyasını dərindən mənimsəməyi, müdrik siyasətin bugünkü uğurlarından layiqincə bəhrələnməyi tövsiyə etdi. NDU-nun tədris işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev "15 iyun - inkişaf və tərəqqi yolunun başlanğıcı" mövzusunda ətraflı məruzə edərək 15 iyun 1993-cü il tarixdə Azərbaycan xalqının öz ümummilli lideri ətrafında sıx birləşdiyini xatırladaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın dünya birliyində layiqincə tanınması, milli müstəqilliyin qorunması, ölkənin siyasi-iqtisadi inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışdı. Natiq dahi liderin siyasi kursunun ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən bəhs etdi, universitet kollektivini əlamətdar bayram münasibətilə təbrik etdi. Sonra universitetin xalq çalğı alətləri orkestrinin Milli Qurtuluş Gününə həsr olunmuş konserti oldu. *** İyunun 13-də Azərbaycan Dillər Universitetində Heydər Əliyev adına muzey-lektoriyada 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru Ə.Əliyev, avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı , dosent M. Əliyev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent X.İbrahimov və həmin kafedranın dosenti İ.Zeynalov ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar . Qeyd ediblər ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidilə yenidən hakimiyyətə qayıtdıqdan sonra respublikanın inkişafı üçün böyük işlər gördü, sabitlik, sürətli iqtisadi inkişaf və xalqın sosial rifahının yaxşılaşması üçün etibarlı bünövrə qoydu. *** Azərbaycan Müəllimlər İnstitutunda 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə institutun rektoru, professor A.Naxçıvanlı açaraq bildirdi ki, xalqımızın milli bayramları arasında Milli Qurtuluş Gününün ayrıca yeri var. çünki bu gün 1991-1993-cü illərdə Azərbaycan Respublikası çox məhrumiyyətlərə düçar olduğu, müstəqilliyimizin böyük təhlükə qarşısında qaldığı, ölkədə vətəndaş müharibəsi başlandığı, daxili və xarici düşmənlərin vahid cəbhədə birləşdiyi bir vaxtda ulu öndərimiz Heydər Əliyevin xalqın arzu və tələbi ilə hakimiyyətə qayıdışı ilə əlaqədardır. Qeyd edildi ki, o illərdə müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycan Respublikası çox böyük çətinliklər içində idi. Azərbaycanın torpaqları erməni millətçiləri tərəfindən işğala məruz qalır, daxildə demokratiya adı altında səriştəsiz və bacarıqsız AXC - Müsavat rəhbərliyinin məsuliyyətsizliyi üzündən hərc-mərclik baş alıb gedirdi. Xalq respublikanın bu ağır günündə ancaq xilaskar kimi Heydər Əliyevi görürdü. Bunu nəzərə alan ulu öndərimiz respublikaya rəhbərliyə ikinci dəfə gəlməsinə razılıq verdi. Azərbaycan xalqı özünün böyük xilaskarının ətrafında sıx birləşərək ulu öndər Heydər Əliyevə sonsuz sevgisini və sədaqətini bir daha nümayiş etdirdi.
Kurikuluma dair kurslardan keçən tələbələrə sertifikatlar verilib
Artıq 2008-2009-cu tədris ilindən ibtidai siniflərdə fənn kurikulumları tədris olunmağa başlanılmışdır. Tədris prosesini yüksək peşəkarlıqla təşkil etmək üçün 9000 ibtidai sinif müəllimi Milli Kurikulum üzrə keçirilən xüsusi kurslara cəlb olunmuşdur. Lakin onlar kurslarda iştirak etmək üçün işdən ayrılırlar. Bu işin təşkili üçün çoxlu ezamiyyə xərcləri sərf olunur. Bütün bunları nəzərə alaraq Azərbaycan Müəllimlər İnstitutunun səmərəli təklifi irəli sürülmüşdür. Burada ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alan axırıncı kurs tələbələrinə fənn kurikulumunun öyrədilməsinə dair 30 saatlıq kursların təşkili haqqında qərar qəbul edilmişdir. Respublikada ilk dəfə tətbiq olunan yeni fənn kurikulumu üzrə təşkil olunan birhəftəlik kursda institutun 142 tələbəsi iştirak etmişdir. Seminarın yekununda qiymətləndirmə aparılaraq onların Milli Kurikulumu mənimsəmə dərəcəsi yoxlanılmışdır. Nəticədə 133 nəfər tələbəyə sertifikat verilmişdir. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Sertifikatların təqdimat mərasimində bir neçə tələbə Milli Kurikuluma dair şərti dərs nümunəsi nümayiş etdirmişdir. Yekunda təhsil naziri Misir Mərdanov bu təcrübənin bütün ali məktəblərdə tətbiq olunmasını əhəmiyyətli hesab etmişdir. Sonda kursdan keçən hər bir tələbəyə kurikuluma dair hazırlanmış metodiki materiallar qovluğu verilmişdir.
Türk dünyası riyaziyyatçılarının III beynəlxalq konqresi keçiriləcək
Xəbər verildiyi kimi, iyunun 30-dan iyulun 4-dək Qazaxıstan Respublikasının Almatı şəhərində türk dünyası riyaziyyatçılarının III beynəlxalq konqresi keçiriləcəkdir. Qazaxıstanın Təhsil və Elm Nazirliyi türk dünyasının riyaziyyatçılar cəmiyyəti və Qazaxıstanın əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə beş gün davam edəcək tədbirə Azərbaycan, Türkiyə, ABŞ, Türkmənistan, özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan və Belarus alimləri dəvət olunmuşlar. Konqresin keçirilməsində əsas məqsəd riyaziyyatın inkişaf perspektivləri və qazanılan nailiyyətlərin, həmçinin elmi tədqiqatlarda informasiya texnologiyalarının tətbiqi, türk dünyası alimləri arasında beynəlxalq əlaqələrin və elmi əməkdaşlığın genişləndirilməsidir. ƏDALƏT
Şagirdlər müxtəlif peşələrə yiyələnirlər
Bakıdakı 10 nömrəli Bakı qız peşə məktəbində görülən işlər, həyata keçirilən tədbirlər sayəsində əldə edilən nəticələr fərəh hissi doğurur. Bu, ilk növbədə, şagirdləri yaxşı oxumağa və fənn müəllimlərini, istehsalat təlimi ustalarını daha yaxşı işləməyə ruhlandırır. Peşə məktəbinin direktoru Xuraman Hacıyeva bildirir ki, bu il peşə məktəbində oxuyan 254 şagirddən 177-si təhsilini başa vurmaq üçün qadın bərbəri, manikürçü, tikişçi, tikiş avadanlığı operatoru və mühasib, fərdi kompüter operatoru peşələri üzrə imtahan verəcək. Bunun üçün şagirdlər ciddi çalışırlar. Fənn müəllimlərindən Sevda Ağayeva, Elmira Həsənova və istehsalat təlimi ustalarından Sevinc Zeynalova və Zarina Musayeva isə yiyələndikləri peşələri dərindən mənimsəmək üçün şagirdlərlə ciddi məşğul olurlar.
Şakir CƏFƏROV
AMİ-nin Salyan filialında zona seminar-müşavirəsi
Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının dislokasiyasına daxil olan Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad rayon və Şirvan şəhər təhsil şöbələri metodmərkəzlərinin müdirləri, metodistləri, fəal dayaq məntəqələrinin rəhbərləri, habelə qabaqcıl müəllimlərin iştirakı ilə Salyanda "Azərbaycan təhsil sistemində islahatlar" mövzusunda seminar-müşavirə keçirilmişdir. Müşavirəni filialın direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Dəmirov açmış, təhsil islahatları sahəsində uğurlardan bəhs etmiş, ölkə Prezidentinin təhsil sahəsində imzaladığı sərəncamların, Təhsil Nazirliyinin əmr və kollegiya qərarlarının əhəmiyyətini qeyd etmişdir. Təhsil İslahatının başlıca istiqamətlərindən biri olan əlavə təhsilin əhəmiyyəti, müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsinin vacibliyi ön plana çəkilmişdir. Sonra məruzələr edilmişdir. "Məktəblərdə fənlər üzrə dayaq məntəqələrinin pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində gördüyü işlərin vəziyyəti, qarşıda duran vəzifələr barədə" filialın müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabinetinin müdiri Sahib Həsənov, "Müəllimlərin ixtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi" mövzusunda filialın əlavə təhsil kabinetinin müdiri Babək Həsənov, "Kurikulumun tətbiqi vəziyyəti, şagird şəxsiyyətinin formalaşmasında onun rolu" mövzusunda Şirvan Şəhər Təhsil Şöbəsi metodmərkəzinin müdiri Elçin Həsənov, "Müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsi istiqamətində aparılan işlərdə Salyan Rayon Təhsil Şöbəsi və filialın əlbir fəaliyyəti" mövzusunda Salyan Rayon Təhsil Şöbəsi metodmərkəzinin müdiri Nizami Zərbəliyev məruzələr etmişlər. Məruzələr ətrafında Salyan şəhər texniki təmayüllü məktəb-liseyin kimya müəllimi, respublikanın əməkdar müəllimi Gülşən Piriyeva, Saatlı şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin riyaziyyat müəllimi, respublikanın əməkdar müəllimi Oqtay Məmmədov, Salyan şəhər texniki təmayüllü məktəb-liseyin ingilis dili müəllimi, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü Həsənağa Əhmədov, Saatlı rayonu Qarayevkənd orta məktəbin direktoru Zakir Tağıyev və başqaları çıxış etmişlər. S.HƏSƏNOV, AMİ-nin Salyan filialının kabinet müdiri
|