· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Dövlət Proqramının birinci ili başa çatdı

 

 İyunun 12-də "Gülüstan" sarayında ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın illik iş fəaliyyətinə həsr olunmuş "Müasir tədris texnologiyaları" mövzusunda konfrans keçirildi.

Konfransda Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət vəkilləri və ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin, ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışan qurumların, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak edirdi. Tədbirdə öncə təhsilin keyfiyyətinin artırılmasında müasir tədris texnologiyalarından bir vasitə kimi istifadə olunmasının əhəmiyyətindən bəhs edən film nümayiş etdirildi.

Sonra Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov Proqram çərçivəsində bir il müddətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məruzə-təqdimatla çıxış etdi.

Konfrans iştirakçılarını salamlayan Samir Məmmədov xatırlatdı ki, təhsil sahəsində İKT-nin tətbiqi ilə bağlı birinci Dövlət Proqramı icra olunmağa başlamazdan əvvəl ölkədə məktəblər üzrə kompüter-şagird nisbəti 1:1000, pedaqoji heyətin hazırlığı 1 faiz, İnternet bağlantısı 1,5 faiz idi. 2004-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində məktəblərin İKT ilə təchizatı yaxşılaşdırılmış və inkişaf etmiş ölkələrin standartlarına yaxın səviyyəyə çatdırılmışdır. 29 şagirdə 1 kompüter nisbəti təmin edilmiş, pedaqoji heyətin hazırlığı 8 faiz (12000 nəfər) olmuş, Azərbaycan dili, tarix, fizika, kimya və biologiya fənləri üzrə elektron dərsliklər hazırlanmışdır.

2008-ci il 10 iyun tarixində dövlət başçısı cənab İlham Əliyev "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" haqqında sərəncamı imzalamışdır.

Məruzəçi konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, bu Proqramın əsas məqsədi təhsilin bütün pillələrində İKT-nin səmərəli tətbiqi və istifadəsi, vahid ümummilli təhsil mühitinin formalaşdırılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsilalma imkanlarının təmin edilməsi və Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyasının reallaşdırılmasıdır. Proqramın icrasında qarşıda duran əsas vəzifə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, kadr potensialının gücləndirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsidir.

İnfrastrukturun inkişafı sahəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulub: İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi; kompüter və rəqəmsal avadanlıq təminatı; texniki nəzarət və dəstək sisteminin yaradılması; korporativ şəbəkə, şəbəkə idarəetmə və nəzarət sistemi; İntranet xidmətləri və İnternet  şəbəkəsinə çıxışın təmin edilməsi.

Dövlət Proqramında elektron təhsillə bağlı fənlər üzrə elektron elmi-metodik vəsaitlər kompleksi, İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzi və vahid təhsil portalının yaradılması, elektron təhsil (e-Learninq) resursları bazasının təkmilləşdirilməsi və interaktiv tədris imkanlarının genişləndirilməsi üzrə tədbirlərin həyata  keçirilməsi  nəzərdə  tutulub.

Dövlət Proqramında elektron idarəetmə sahəsində görüləcək işlərə təhsilin idarəolunmasında vahid informasiya infrastrukturunun yaradılması, TİMS-in inkişaf etdirilməsi, "Elektron hökumət" prinsiplərinin tətbiqi və idarəedici dövlət orqanlarının İKT avadanlığı və proqram vasitələri ilə təmin olunması daxildir.

Proqramın ən mühüm hissələrindən biri olan kadr potensialının gücləndirilməsi sahəsində pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılması, pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, bölgələrdə və ucqar rayonlarda İKT üzrə kadr təminatının yaxşılaşdırılması, yaradıcı və innovativ müəllimlərin motivasiya sisteminin yaradılması istiqamətində tədbirlərin icra edilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə mövcud qanunvericilik aktlarının, hüquqi normaların və normativ sənədlərin monitorinqi, zəruri normativ və standartların işlənilməsi və tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi daxildir.

Konfrans iştirakçılarına Dövlət Proqramı çərçivəsində bir ildə görülmüş işlər haqqında məlumat verən Samir Məmmədov bildirdi ki, regionda analoqu olmayan Məlumat və Resurs Mərkəzi yaradılmış və mərkəzin fəaliyyəti tamamilə təhlükəsizlik qaydalarına uyğun qurulmuşdur.  Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan mərkəzin funksionallığı olduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. Proqramın infrastruktur inkişafının tərkib hissəsi olan "Elektron məktəb" layihəsi üzrə 2008-ci ildə 10 pilot məktəb seçilmiş və bu məktəblərdə elektron məktəb modeli tətbiq olunmağa başlanmışdır. Layihənin əsas məqsədi seçilmiş təhsil müəssisələrinin nümunəsində informasiya-kommunikasiya texnologiyalarının orta təhsil sahəsində sistemli tətbiqini həyata keçirməkdir. Bu məktəblər fibro-optik İntranet və İnternet bağlantısı ilə təmin olunmuş, əksər sinif otaqlarında noutbuk proyektorlar yerləşdirilmiş, elektron lövhələr verilmişdir. Həmin müəssisələrdə elektron idarəetmə tətbiq olunmağa başlanmış və elektron tədris üsuluna keçid üçün zəmin yaradılmışdır. Bu məqsədlə 2009-cu ildə əlavə 10 məktəb seçilmişdir.

Əvvəlkindən fərqli olaraq bu Dövlət Proqramının təkcə ümumtəhsil məktəblərini deyil, digər təhsil müəssisələrini də əhatə etdiyini diqqətə çatdıran natiq, ilk növbədə, pedaqoji kadr hazırlığı ilə məşğul olan ali məktəblərdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Slavyan Universiteti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu) iş aparıldığını bildirdi və bir il ərzində həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

Samir Məmmədov bildirdi ki, Dövlət Proqramı çərçivəsində beynəlxalq standartlara uyğun olaraq yalnız lisenziyalı proqram təminatından istifadə olunur. Həmin proqramlar həm Məlumat və Resurs Mərkəzindəki serverlərdə, həm də təhsil müəssisələrində quraşdırılmışdır. Yüksəksürətli və genişzolaqlı təhsil şəbəkəsi qurulur, bunun vasitəsi ilə təhsil müəssisələrinə verilən İnternet arzuolunmayan və zərərli məzmundan qorunur.

2008-ci ildə 200 təhsil müəssisəsinin İnternet bağlantısı ilə təmin olunduğunu deyən məruzəçi 2009-cu ilin sonunadək onların sayının 500-ə çatdırılacağını bildirdi. Qeyd olundu ki, müəssisələrin İKT ilə bağlı problemlərini həll etmək məqsədilə texniki dəstək sistemi yaradılmış və mərkəzi "qaynar xətt" (146) istifadəyə verilmişdir.

Elektron təhsil sahəsində görülən işlər haqqında danışan Samir Məmmədov artıq Milli Təhsil Portalının yaradılması üzrə işlərin birinci mərhələsinin başa çatdığını dedi. Portalın Təhsil Nazirliyi tərəfindən testləşdirilmiş hazır funksionallarından dörd istifadəçi qrupu yararlana bilər: müəllim, şagird, tələbə və valideynlər. Hər bir istifadəçi qrupu üçün xüsusi interfeys və funksionallar nəzərdə tutulub. Bu, onlara rahat və operativ olaraq məhz konkret qrup üçün nəzərdə tutulmuş məlumat və serverlərdən istifadə etməyə imkan yaradacaq.

Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Məlumat və Resurs Mərkəzində qurulan sistemin əsas məqsədlərindən biri də təhsilin idarəedilməsinə dəstək olmaqdır. Elektron idarəetmə sahəsində əsasən Məktəb İdarəetmə Proqramı, Elektron Dərsləri İdarəetmə Proqramı, Elektron Jurnal və Məktəb Xəritəsi proqramlarından istifadə olunur və bunlar son nəticədə təhsilin şəffaflığını və keyfiyyətini artırmağa xidmət edir.

Dövlət Proqramı çərçivəsində kadr potensialı sahəsində görülmüş işlərdən bəhs edən məruzəçi pilot məktəblərin seçimində pedaqoji kadrların hazırlıq səviyyəsinin əsas meyar kimi götürüldüyünü, təhsildə İKT-nin tətbiqinin müəllimlərin hazırlıq səviyyəsindən birbaşa asılı olduğunu qeyd etdi və Təhsil Nazirliyinin təchizatı əsasən peşəkar kadrları olan müəssisə və regionlara yönəltməyə çalışdığını vurğuladı. O, artıq ölkədə hər 4 müəllimdən birinin İKT təbliğatçısına çevrilə biləcəyini dedi.

Bu biliklərin tətbiqi üçün xüsusi qiymətləndirmə və motivasiya sisteminin yaradıldığını bildirən Samir Məmmədov ötən il bir sıra müsabiqələrin keçirildiyini xatırlatdı, inkişaf etmiş ölkələrin təcrübəsinin xüsusi indikatorlar əsasında qurulmuş sertifikatlaşma sisteminin müəllimləri İKT-nin tətbiqinə daha çox sövq etdiyini göstərdiyini nəzərə çatdırdı.

Tədbir iştirakçılarına bildirildi ki, 2008-ci ildə artıq İKT-nin tətbiqi ilə bağlı normativ-hüquqi baza üzrə müəyyən işlər görülmüşdür. Bunlar, əsasən, təhsil nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin İnternet bağlantısının təşkili barədə", "Sınaq Protokolu", "İnternetdən istifadə ilə bağlı Nümunəvi Qaydalar", "Məzmunun süzgəclənməsi üzrə Tövsiyələr" və s. sənədlərdir.

Gələcəkdə Dövlət Proqramı çərçivəsində görüləcək işlərdən danışan Samir Məmmədov növbəti illərdə əsas məqsədin gəncləri XXI əsr qlobal bilik iqtisadiyyatına hazırlamaq olduğunu dedi. Bunun üçün təhsilin təkamülünə aparan istiqamətlər nəzərə alınmalı, XXI əsr bacarıqlarını aşılayan layihələr həyata keçirilməli, rəqəmsal və fərdiləşdirilmiş tədris üçün şərait yaradılmalıdır.

Məruzəçi bununla bağlı bir neçə inkişaf etmiş ölkənin təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı, fərdiləşdirilmiş tədrisin (1 şagird- 1 kompüter, 1 müəllim - 1 kompüter) elektron kommersiyanın inkişafı, istehsalatın və işçi qüvvəsinin artması, işsizliyin azaldılması və yeni iş yerlərinin açılmasına səbəb olacağını dedi. Təqdimatını başa çatdıran Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov çıxışının sonunda gələcək nəslin intellektual inkişafını şərtləndirən belə proqramlara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Məlum olduğu kimi, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edildikdən sonra icrası üçün Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyi yanında ayrıca qurum - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və ULTRA, İntel, Microsoft, HP, SİVECO şirkətlərinin, AZEDUNET və "Mədəd" humanitar təşkilatının iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. Hazırda Dövlət Proqramı çərçivəsində müxtəlif layihələr İKT sahəsində ən aparıcı milli və beynəlxalq təcrübədən istifadə etməklə bu konsorsium tərəfindən həyata keçirilir. Konfransda ULTRA şirkətinin prezidenti Tahir Mirkişili, AZEDUNET təşkilatının direktoru Səməd Abbasov, "Mədəd" humanitar təşkilatının direktoru Emil Məmmədov, Microsoft şirkətinin Azərbaycan "Təhsildə Əməkdaşlıq Proqramı"nın meneceri Emin Axundov və İntel korporasiyasının Qazaxıstan, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Dmitri Kiselin təqdimatları oldu. Təqdimatlarda bu qurumların Dövlət Proqramının icrası istiqamətində gördükləri işlər və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verildi, eyni zamanda onların fəaliyyəti ilə bağlı filmlər nümayiş etdirildi.

Tədbir zamanı bir neçə təhsil müəssisəsi ilə canlı videobağlantı yaradıldı.

Sonra söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. Tədbir iştirakçılarını salamlayan təhsil naziri ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet olduğunu və məhz bunun nəticəsində indi Azərbaycanın bütün ümumtəhsil məktəblərində müəllim və şagirdlər arasında İKT-yə çox böyük həvəs və maraq formalaşdığını dedi. Qeyd etdi ki, bir neçə il əvvəllə müqayisədə fərqli vəziyyəti asanlıqla müşahidə etmək mümkündür. Təhsil müəssisələrinin əksəriyyətində çox sayda kompüter və noutbuklar var və təhsil sistemində İKT-nin tətbiqi yüksək səviyyədə inkişaf edir.

Təhsil naziri Misir Mərdanov konfransı keçirməkdə əsas məqsədin "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 1 il müddətində görülmüş işlər haqqında məlumat verməklə yanaşı, həm də respublika ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək olduğunu vurğuladı.

Nazir artıq regionlarda təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı  çox sayda təlim mərkəzlərinin fəaliyyət göstərdiyini çox əhəmiyyətli bir fakt kimi dəyərləndirdi. Digər sevindirici məqam isə Təhsil Nazirliyinin bazasında yüzə yaxın təlimçi-müəllimin hazırlanmasıdır. Nazir gələcəkdə regionlarda bu işi yaymaq məqsədilə həmin təlimçi-müəllimlərin gücündən geniş istifadə ediləcəyini bildirdi. Respublikada İKT sahəsində fəaliyyət göstərən bütün beynəlxalq qurumların bu işə cəlb olunmasının zəruri olduğunu deyən nazir Misir Mərdanov Dövlət Proqramının çox böyük uğurla icra ediləcəyinə əmin olduğunu söylədi və bu yolda bütün təhsil işçilərinə müvəffəqiyyətlər arzuladı.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər Azərbaycanda İKT sahəsində böyük irəliləyişlərin beynəlxalq səviyyədə diqqəti cəlb etdiyini və təhsil sistemində bu texnologiyaların tətbiqinin inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdığını bildirdi.

Artıq təhsil sistemimizin dünyaya açıldığını deyən nazir informasiya texnologiyalarının qlobal yayılmasının virtual tədris sisteminə gətirib çıxardığını və bunun böyük bir rəqabət yaratdığını qeyd etdi. Əli Abbasov daha sonra dedi: "Təhsil naziri Misir Mərdanov təhsil sistemində mövcud olan bütün problemləri daim cəmiyyətin diqqətinə çatdırmağa və ictimaiyyətin köməyi ilə həll etməyə çalışır. Bu mənada informasiya-kommunikasiya texnologiyaları çox böyük imkanlar yaradır. Mən Misir müəllimə bu istiqamətdəki fəaliyyətində uğurlar arzulayıram".

Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə müxtəlif sahələr üzrə biliklərə dərindən yiyələnmək və daha çox öyrənmək istəyənlər üçün böyük imkanların yarandığını dedi. O, ayrı-ayrı nazirliklər, beynəlxalq şirkətlər və özəl qurumların bu Proqramın həyata keçirilməsində fəal iştirakının fərəhləndirici hal olduğunu vurğuladı.

Bu konfransın ölkədə İKT ilə bağlı görülən işlərin diqqətə çatdırılmasında böyük əhəmiyyətini qeyd edən Fatma Abdullazadə Dövlət Proqramının icrası istiqamətində qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyinə əmin olduğunu bildirdi və bu işdə hamıya uğurlar arzuladı.

Bununla da "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın birillik fəaliyyətinə həsr olunmuş konfrans başa çatdı.

Hicran ƏKBƏROVA