· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

 Hörmətli oxucular, ötən məqalədə özəl ali təhsil müəssisələrinin yaranması mərhələləri, bu sahədə çətinliklər, onların aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən atılan addımlar, o cümlədən 1999-2003-cü illərdə özəl ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində mövcud olan problemlər barədə fikirlərimi bildirmişdim. Vəziyyətin təhlili göstərir ki, son 5 ildə bu sahədə müəyyən müsbət meyillər müşahidə olunsa da, fəaliyyət hələ də ürəkaçan deyildir. Faktları nəzərdən keçirək. Belə ki, özəl ali təhsil müəssisələrinə qəbul planı 2004-cü ildə 1751 nəfər, 2005-ci ildə 294 nəfər, 2006-cı ildə 437 nəfər, 2007-ci ildə 680 nəfər, 2008-ci ildə 299 nəfər kəsirlə yerinə yetirilmişdir. ümumilikdə, 2004-cü ildə qəbul planı 69, 2005-ci ildə 95, 2006-cı ildə 86, 2007-ci ildə 82, 2008-ci ildə 92 faiz yerinə yetirilmişdir. Belə vəziyyət özəl ali təhsil müəssisələrinə qəbul planları hazırlanarkən tərəddüdlərə, yəni artma və azalma tendensiyalarına səbəb olmuşdur.

Məlumdur ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti və rəqabətqabiliyyətli kadr hazırlığı bir sıra amillərdən asılıdır. Həmin amillər içərisində müasir tələblərə cavab verən maddi-texniki baza və infrastruktur, o cümlədən kitabxanalar və laboratoriyalar, cəmiyyətin inkişaf tələblərinə uyğun məzmun, həmin məzmunu özündə əks etdirən dərslik və dərs vəsaitləri, çevik idarəetmə və ən başlıcısı isə yüksək peşəkarlığa malik professor-müəllim heyəti daha əhəmiyyətli yer tutur.

özəl ali təhsil müəssisələrinin maddi-texniki bazasının vəziyyəti və mövcud problemlər barədə ötən məqalədə məlumat vermişdik. Müasir tələblər səviyyəsində təchiz edilmiş kitabxana və laboratoriyalar sahəsində isə özəl ali məktəblərimizdə vəziyyət heç də ürəkaçan deyil, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Dərslik və dərs vəsaitləri ilə təminat məsələsi yalnız özəl ali təhsil müəssisələrində deyil, dövlət təhsil müəssisələri üçün də həll edilməmiş problem olaraq qalır.

Sadalanan əsas amillər içərisində, şübhəsiz, ali məktəblərin peşəkar və səriştəli elmi-pedaqoji kadrlarla təminatı xüsusi yer tutur. Sübut etməyə ehtiyac yoxdur ki, məhz bu amil keyfiyyətin əsas qarantı kimi çıxış edir. Etiraf edək ki, hələlik əksər özəl ali təhsil müəssisələrinin elmi-pedaqoji kadrlarla təminatı istənilən səviyyədə deyildir və keyfiyyətin aşağı olmasının əsas səbəblərindən biri də məhz bununla bağlıdır.

Cədvəldən göründüyü kimi, özəl ali məktəblərdə 0,5 ştatla və saathesabı işləyən müəllimlər üstünlük təşkil edirlər. Belə ki, Azərbaycan İctimai Siyasi Universitetində professor-müəllim heyətinin yalnız 3 nəfəri (3,0%), Bakı Asiya Universitetində 9 nəfəri (16,6%), Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 15 nəfəri (24,1%), Azərbaycan Beynəlxalq Universitetində 229 nəfəri (40,0%) tam ştatda işləyir. Professor-müəllim heyətinin Azərbaycan İctimai Siyasi Universitetində 93,8, Bakı Asiya Universitetində 59,2, Azərbaycan Universitetində 47,5, Azərbaycan Beynəlxalq Universitetində 51,6 faizi 0,5 ştatla fəaliyyət göstərir. Acınacaqlı haldır ki, hazırda bütün özəl ali təhsil müəssisələrində çalışan müəllimlərin yalnız 50 faizi tam ştatda olan müəllimlərdir.

Təhlil göstərir ki, özəl ali təhsil müəssisələrində kadr siyasətinin düzgün aparılmaması səbəbindən müəllim-tələbə nisbəti beynəlxalq standartlardan xeyli aşağıdır. Belə ki, bu nisbət Bakı Avrasiya Universitetində 5,2, Azərbaycan İctimai Siyasi Universitetində 5,8, Azərbaycan Universitetində 6,2, Qərb Universitetində 7,4, Xəzər və Azərbaycan Beynəlxalq universitetlərində 7,8, Odlar Yurdu Universitetində 8,2, Bakı Qızlar Universitetində 8,6 faiz təşkil edir. Maraqlıdır, düşünmək olardı ki, dövlət ali məktəblərində bu nisbətin aşağı olması universitetlərin rəhbərliyini o qədər də narahat etmir, ona görə ki, müəllimlərin əməkhaqqı büdcə vəsaiti hesabına ödənilir. Bəs özəl təhsil müəssisələri hansı səbəbdən müəllim-tələbə nisbətinin optimallaşdırılmasına səy göstərmir və onsuz da məhdud olan maliyyə vəsaitlərindən səmərəli istifadə etmirlər. Fikrimcə, özəl ali məktəblərin rəhbərləri kadr siyasətini formalaşdırarkən bu barədə də düşünməlidirlər.

ümid edirəm ki, özəl ali təhsil müəssisələrinin rəhbərləri təhsilin təşkilinin əsas komponenti olan sabit elmi-pedaqoji kadr potensialının formalaşdırılması və inkişafı, müasir təlim texnologiyalarına bələd olan və onları tətbiq edə bilən yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində ciddi addımlar atacaq, əsaslı dönüşə nail olacaqlar.

Məlumdur ki, ali məktəblərdə tədris prosesinin təşkilində kafedralar aparıcı yer tutur. çünki ali məktəbin elmi-pedaqoji kadr potensialı ayrı-ayrı kafedralarda cəmləşir ki, bunun köməyi ilə təhsil müəssisəsində tədrisin təşkili təmin olunur. Bu mənada özəl ali məktəblərdə ən ağrılı problemlərdən biri də kafedraların təşkili ilə bağlıdır. Təhlil göstərir ki, kafedraların əksəriyyətinin professor-müəllim heyəti ilə komplektləşdirilməsi və onlar üçün normal iş şəraitinin yaradılması vəziyyəti qənaətbəxş deyildir. Belə ki, kafedralarda müdir də daxil olmaqla elmi dərəcəlilərin və ştatda olanların sayı çox azdır. Bir çox hallarda kafedra müdirinin ixtisası kafedranın profilinə uyğun gəlmir, elmi seminarlar keçirilmir, magistrlərın elmi rəhbərlərinin təyin olunması, bakalavr buraxılış işi və magistr dissertasiyalarının mövzularının müzakirəsi və təsdiqi, onların müdafiəyə buraxılması ilə bağlı müzakirələr təşkil edilmir, elmi, elmi-pedaqoji araşdırmalar aparılmır, tələbələr elmi-tədqiqat işlərinə fəal cəlb edilmir.

özəl ali təhsil müəssisələrində magistr hazırlığı sahəsində də ciddi problemlər müşahidə olunur. Hazırda 4 təhsil müəssisəsində (Azərbaycan İctimai Siyasi, Bakı Asiya, Bakı Qızlar universitetləri və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) müvafiq baza və şərait olmadığından ümumiyyətlə magistratura təhsili həyata keçirilmir. Azərbaycan Kooperasiya Universitetində 3, Naxçıvan özəl Universitetində 7, Təfəkkür Universitetində 14, Azərbaycan və Bakı Avrasiya universitetlərində 17 nəfər magistrant təhsil alır. ümumilikdə isə ölkəmizin bütün özəl ali məktəblərinin magistratura pilləsində təhsil alanların sayı cəmi 633 nəfərdir. Dünya səviyyəli universitetlərin reytinqinin müəyyənləşdirilməsində magistrlərin sayının əsas parametrlərdən biri olduğunu nəzərə alsaq, bizim özəl ali təhsil müəssisələrimizdə bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğunun bir daha şahidi olarıq.

Bu gün özəl təhsil müəssisələrində narahatlıq doğuran əsas problemlərdən biri də tələbələrin yekun dövlət attestasiyasına buraxılmasında ciddi nöqsanlara yol verilməsidir. Təhsil Nazirliyi tərəfindən aparılmış monitorinqlər göstərmişdir ki, mövcud qanunvericiliyin tələbləri pozularaq şəxsi işlərində zəruri sənədlər olmadan, akademik borclar ləğv olunmadan, başqa təhsil müəssisələrindən köçürülərkən akademik fərqlər düzgün hesablanmadan, xarici ölkə təhsil müəssisələrindən köçürmələr aparılarkən təlimati sənədlərin tələblərinə əməl olunmadan, müvafiq ixtisaslar üzrə tədris planlarında nəzərdə tutulmuş fənlər tam tədris edilmədən tələbələr yekun dövlət attestasiyasına buraxılırlar. Ona görə də nazirliyin kollegiyası qərar qəbul etmişdir ki, yalnız sənədlər nazirlikdə araşdırıldıqdan və müvafiq razılıq verildikdən sonra tələbələr yekun dövlət attestasiyasına buraxıla bilərlər.

Cari tədris ilində özəl ali təhsil müəssisələrində yekun dövlət attestasiya imtahanlarına buraxılması nəzərdə tutulan tələbələrin sənədləri araşdırılarkən onların əksəriyyətinin ümumiyyətlə istehsalat təcrübəsi keçmədikləri və ya keçdikləri təcrübənin ixtisaslarına uyğun olmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan, Asiya, Qərb, Avrasiya, Qafqaz universitetlərində beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər və politologiya ixtisasları üzrə təcrübə tələbələrin ixtisaslarına uyğun olmamış, hüquqşünaslıq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasları üzrə nə təcrübə rəhbərləri, nə də tələbələr təcrübə keçdikləri ünvan barədə heç bir məlumat verə bilməmişlər. Azərbaycan Kooperasiya Universitetində isə qiyabi şöbədə təhsil alan tələbələrə ümumiyyətlə təcrübə keçirilmir. Nazirlər Kabinetinin 19.09.2008-ci il tarixli, 221 saylı qərarına zidd olaraq Asiya, Bakı Qızlar, Qərb, Azərbaycan, Azərbaycan Beynəlxalq universitetlərinin pedaqoji fakültələrinin qiyabi şöbələrində təhsil alan tələbələri hər hansı bir orta məktəbdə işlədikləri barədə arayış təqdim etməklə təcrübədən yayınırlar. Halbuki mövcud qaydalara əsasən, onların diplom təqdim etmədən işləmək ixtiyarları yoxdur. Bu vəziyyət təhsil müəssisələrində birbaşa bu işə cavabdeh olan şəxslərin öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərinin, müəssisə rəhbərlərinin isə belə bir ciddi işə məsuliyyətsiz yanaşmasının göstəricisidir. Hesab edirəm ki, ali məktəb rəhbərləri qanunvericiliyin tələblərinə ciddi əməl etməli, belə hallara son qoymalıdırlar.

Əksər özəl ali təhsil müəssisələrini bitirən məzunların işlə təminatında da ciddi problemlər vardır. çünki bəzi istisnalar olmaqla, həmin məzunların ixtisas üzrə hazırlıq səviyyəsi qaneedici olmur, rəqabətdə asanlıqla uduzurlar. Məlumdur ki, özəl ali təhsil müəssisələrinin bir çoxu pedaqoji kadr hazırlığı ilə də məşğul olur. Müşahidələr, rayon təhsil şöbələri və ümumtəhsil məktəbləri rəhbərlərinin rəyləri göstərir ki, həmin ali təhsil müəssisələrini bitirmiş və müəllim ixtisasına yiyələnmiş məzunlar nəinki öz ixtisası üzrə, hətta elementar pedaqoji, psixoloji və metodik hazırlığa belə malik olmurlar. ümumilikdə belə bir təsəvvür yaranır ki, onlar ixtisasları üzrə təhsil almamışlar. Təxmin etmək olar ki, digər sahələr üzrə hazırlanan kadrların əksəriyyəti də bu səviyyədədir.

Azərbaycanın Boloniya prosesinə qoşulması ilə əlaqədar bir neçə özəl ali təhsil müəssisəsi istisna olmaqla, ümumilikdə bu istiqamətdə aparılan işləri qənaətbəxş hesab etmək olmaz. Əslində, özəl təhsil müəssisələri bu prosesdə daha fəal iştirak etməli, Avropa məkanına inteqrasiya, rəqabətqabiliyyətli kadr hazırlığı sahəsində səylərini artırmalıydılar. özəl təhsil müəssisələrinin nazirliyə təqdim etdikləri məlumata əsasən, Boloniya Bəyannaməsinin əsas tələblərindən olan tədrisin kredit sistemi ilə təşkili bütün kurslar üzrə 7487 tələbəni əhatə etmişdir ki, bu da ümumi tələbə kontingentinin 39,2 faizini təşkil edir. Azərbaycan İctimai Siyasi, Təfəkkür universitetlərində və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ümumiyyətlə kredit sisteminin tətbiqinə başlanılmamışdır.

Əlbəttə, özəl təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı vəziyyət məlumatda olduğu kimi olsaydı, bu sahədə müəyyən uğurdan danışmaq olardı. Lakin Təhsil Nazirliyi tərəfindən özəl təhsil müəssisələrində aparılan sorğuların nəticələri bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərmişdir.

Belə ki, "Oxuduğunuz ali məktəbdə kredit sisteminin tətbiqi sizi qane edirmi" sualına Odlar Yurdu Universitetində respondentlərin 59, Qərb Universitetində 77 faizi "yox" cavabı vermişlər. "Kredit sistemi ilə bağlı normativ sənədlərlə tanışsınızmı" sualına verilən cavablardan aydın olmuşdur ki, respondentlərin Odlar Yurdu Universitetində 49,1, Qərb Universitetində 54,1, Azərbaycan Universitetində 54,5, Bakı Qızlar Universitetində 76,4 faizi bu sahədə müvafiq normativ sənədlərlə tanış olmadıqlarını qeyd etmişlər.

"Müəllim seçimində sizə müstəqillik verilirmi" sualını cavablandıran respondentlərin Odlar Yurdu Universitetində 74,3, Xəzər Universitetində 59, Qərb Universitetində 96,2, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 73, Asiya Universitetində 46, Bakı Biznes Universitetində 53,4, Azərbaycan Universitetində 100, Bakı Qızlar Universitetində 88,2, Bakı Avrasiya Universitetində 63,8 faizi "yox" cavabı vermişlər.

"Fərdi planların tutulmasında iştirak etmisinizmi" sualına cavablar zamanı da respondentlərin rəyi əsasən mənfi olmuşdur. Belə ki, onların Odlar Yurdu Universitetində 87,1, Xəzər Universitetində 64, Qərb Universitetində 66,6, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 47,6, Asiya Universitetində 53,4, Bakı Biznes Universitetində 46,5, Azərbaycan Universitetində 81,8, Bakı Qızlar Universitetində 91 faizi həmin prosesdə iştirak etmədiklərini bildirmişlər. "Növbəti dərs ilinə fərdi plan tərtib edilərkən sizin fənn seçiminiz nəzərə alınırmı" sualına da demək olar ki, əksər universitetlərdə respondentlərin böyük hissəsi inkar cavabı vermişlər.

"Təhsil aldığınız tədris müəssisəsində akademik borcu olan tələbələr tərəfindən fənni təkrar dinləmədən kreditlərin qazanılması hallarına rast gəlmisinizmi" sualına respondentlərin Odlar Yurdu Universitetində 30,1, Xəzər Universitetində 27, Qərb Universitetində 14,8, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 10,7, Asiya Universitetində 23,2, Bakı Biznes Universitetində 81,3, Azərbaycan Universitetində 11,3, Bakı Qızlar Universitetində 11,7, Bakı Avrasiya Universitetində 13,8 faizi fənni təkrar dinləmədən kreditlərin qazanılması hallarına rast gəldiklərini bildirmişlər ki, bu da Boloniya prosesinin təməl prinsiplərinə tam ziddir.

"Kredit sisteminin tətbiqi biliyinizin obyektiv qiymətləndirilməsinə necə təsir göstərib" sualını cavablandırarkən respondentlərin Odlar Yurdu Universitetində 37,9, Xəzər Universitetində 17,2, Qərb Universitetində 18,5, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 12, Asiya Universitetində 16,2, Bakı Biznes Universitetində 27,9, Azərbaycan Universitetində 15,9, Bakı Qızlar Universitetində 32,3, Bakı Avrasiya Universitetində 19,4 faizi yeni sistemin onların biliyinin qiymətləndirilməsinə heç bir təsir etmədiyini bildirmişdir. Eyni zamanda respondentlərin Odlar Yurdu Universitetində 27,9, Qərb Universitetində 59,2, Bakı Biznes Universitetində 37,2, Azərbaycan Universitetində 15,9, Bakı Qızlar Universitetində 14,7 faizi hətta yeni sistemin qiymətləndirməyə mənfi təsir etdiyi qənaətində olmuşdur.

"Tədris olunan fənlər üzrə metodik təminatınız varmı" sualına respondentlərin Odlar Yurdu Universitetində 41,8, Xəzər Universitetində 24,7, Qərb Universitetində 48,1, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 53, Asiya Universitetində 41, Bakı Biznes Universitetində 37,2, Azərbaycan Universitetində 68, Bakı Qızlar Universitetində 47, Bakı Avrasiya Universitetində 30,5 faizi təminatın kifayət qədər olmadığını qeyd etmişlər.

"Fikrinizcə, kredit sisteminin tətbiqi təhsildə olan neqativ halların aradan qaldırılmasına xidmət edirmi" sualını cavablandırarkən respondentlərin Odlar Yurdu Universitetində 37,4 faizi, Xəzər Universitetində 80, Qərb Universitetində 22,2, Azərbaycan Əmək və Sosial Müdafiə Akademiyasında 86, Asiya Universitetində 65, Bakı Biznes Universitetində 50, Azərbaycan Universitetində 63,6, Bakı Qızlar Universitetində 38,2, Bakı Avrasiya Universitetində 75 faizi müsbət cavablar vermişlər. Lakin bununla yanaşı, respondentlərin təxminən yarısının bu suala mənfi cavab verməsi narahatedici amildir.

Ali təhsil müəssisəsində keyfiyyəti təmin edən əsas amillərdən biri də daha çox sayda abituriyentin həmin təhsil müəssisəsini seçməsi, ciddi rəqabət şəraitində qəbul imtahanlarında yüksək bal toplayan çoxlu sayda abituriyentlərin həmin təhsil müəssisəsinə qəbul olunmasıdır. Təhlil göstərir ki, dövlət təhsil müəssisələri ilə müqayisədə özəl ali məktəblərə yüksək balla qəbul olunan tələbələrin sayı kifayət qədər azdır. Belə ki, 2008-ci ildə 600-dən çox bal toplayanların ali məktəblər üzrə paylanması da bunu sübut edir və heç də özəl ali təhsil müəssisələrinin xeyrinə deyildir. Qafqaz, Xəzər və Qərb universitetləri istisna olmaqla digər özəl məktəblərin heç birinə 600-dən çox bal toplayan bir nəfər abituriyent belə qəbul olunmamışlar.

Qəbulun nəticələrinə əsasən, 400-dən çox bal toplayanlar arasında ali məktəblərin seçiminin təhlili göstərir ki, Qafqaz və Xəzər universitetləri istisna olmaqla, digər özəl ali təhsil müəssisələri belə abituriyentlər tərəfindən, demək olar ki, seçilmir. Müsabiqə vəziyyətinin ən yüksək həddi 3.565 olduğu halda, özəl ali məktəblər üzrə bu göstərici 0.006-0.092 təşkil etmişdir. Abituriyent ərizələrində ali məktəblərin ixtisaslarının birinci yerdə rast gəlmə tezlikləri təhlil edilərkən məlum olmuşdur ki, Qafqaz Universiteti istisna olmaqla, burada da üstünlük dövlət ali məktəblərinə məxsusdur.

Daha bir narahatlıq doğuran hal ondan ibarətdir ki, ali məktəblərə qəbul olunan abituriyentlərin imtahan fənləri üzrə orta statistik göstəriciləri bütün fənlər üzrə özəl ali təhsil müəssisələrində dövlət müəssisələrinə nisbətən xeyli aşağıdır.

Əlbəttə, bütün bunlar son nəticədə özəl ali təhsil müəssisələrində keyfiyyətə mənfi təsir edən amillər kimi çıxış edir. özəl ali təhsil müəssisəsi cəmiyyətdə elə nüfuz qazanmalıdır ki, abituriyentlər ixtisas seçərkən həmin təhsil müəssisələrini ilk olaraq qeyd etsinlər. Sual olunur, əgər özəl təhsil müəssisəsində hər hansı ixtisas üzrə kadr hazırlığının keyfiyyəti dövlət təhsil müəssisəsindən aşağıdırsa, onda onun fəaliyyətinə ehtiyac varmı? Cavab birmənalıdır, əlbəttə ki, yox.

Təcrübə göstərir ki, ali məktəbin formalaşması, inkişaf etməsi, ictimaiyyət arasında nüfuz qazanması birbaşa rəhbərlikdən, onun idarəetmə səriştəsindən, liderlik keyfiyyətlərindən və nüfuzundan asılıdır. Düşünmək olardı ki, dövlət ali təhsil müəssisələrinin fəaliyyətinə müəyyən müdaxilələr edilir, səlahiyyətlərin müstəqil həyata keçirilməsi və qərarların qəbulunda bir çox təsirlər mümkün ola bilir. Bəs özəl ali təhsil müəssisələrində idarəetmə sahəsində problemlərin mövcud olması nə ilə bağlıdır. Axı onlar daha sərbəstdirlər, fəaliyyətlərinə müdaxilələr, demək olar ki, yoxdur. Niyə özəl ali məktəblərimiz dünya səviyyəli universitetlərlə rəqabət aparmağa səy göstərmirlər. Təhlil göstərir ki, həm "Tayms", həm də Şanxay Universitetinin reytinq cədvəllərində ilk yerləri tutan dünya səviyyəli universitetlər məhz özəl ali təhsil müəssisələridir.

İdarəetmənin səmərəli təşkil edilməməsi və kadr seçiminin düzgün aparılmamasının nəticəsidir ki, əksər təhsil müəssisələrinin beynəlxalq əlaqələri, beynəlxalq proqram və layihələrdə iştirakı qənaətbəxş deyildir. Niyə özəl universitetlər qazanılmış qrantlar hesabına müəssisəyə vəsaitlər cəlb edə bilmirlər, ali məktəbin büdcəsini yalnız tələbələrin ödədikləri təhsil haqqı hesabına formalaşdırırlar. Əlavə maliyyə mənbələrinin, investisiyaların cəlbi sahəsində səmərəli iş aparmırlar. Nəticədə isə universitetlərin inkişafına, innovasiyaların tətbiqinə, professor-müəllim heyətinin bacarıqlarının artırılmasına, müəllim və tələbə mübadiləsinə vəsait tapa bilmirlər. Hesab edirəm ki, özəl ali təhsil müəssisələrimiz bundan nəticə çıxarmalı, beynəlxalq əlaqələrini inkişaf etdirməlidirlər.

Hörmətli oxucular, özəl təhsil müəssisələrinin fəaliyyətindən bəhs edərkən daha çox problemlərdən danışırıq. Bu da təbiidir, çünki cəmiyyətin ali məktəblərdən, o cümlədən özəl ali təhsil müəssisələrindən gözləntiləri yalnız yüksək keyfiyyətlə bağlıdır. Bütün sadalanan və sadalanmayan problemlərin fonunda bir uğurlu məqamı da diqqətinizə çatdırmaq istəyirəm. TQDK-nın tərtib etdiyi cədvələ nəzər salsaq, 1999 və 2008-ci illərdə özəl ali məktəblərə qəbul olan abituriyentlərin orta bal göstəricilərinin hissolunacaq dərəcədə yaxşılaşmasını müşahidə edərik. Demək olar ki, bütün özəl ali təhsil müəssisələrində orta bal göstəriciləri yüksəlmişdir ki, bu da həmin təhsil müəssisələrinin uğuru sayıla bilər. Onu da qeyd etməliyəm ki, ölkəmizdə fəaliyyət göstərən özəl təhsil müəssisələri arasında uğurlu nəticələri ilə fərqlənən, dövlət ali məktəbləri ilə rəqabət apara bilənləri də vardır. Qafqaz, Xəzər, Qərb, Odlar Yurdu universitetləri, son iki ildə isə Azərbaycan Universiteti məhz belələrindəndir.

Qafqaz Universiteti özəl ali təhsil müəssisələri arasında ən yüksək reytinqə malik universitetdir. Təsadüfi deyildir ki, hər il qəbul imtahanlarından yüksək bal toplamış abituriyentlər məhz bu universiteti seçirlər, hətta bir sıra dövlət universitetlərindən təhsil almaq üçün tələbələr bu universitetə köçürülməklə bağlı müraciətlər edirlər. 2008-ci ildə ali məktəblərə qəbul zamanı 600-dən çox bal toplayan 120 abituriyent məhz Qafqaz Universitetini seçmişdir. Tələbə qəbulunun yekunlarına əsasən, TQDK-nın hazırladığı reytinq cədvəlində 37 dövlət və özəl ali təhsil müəssisəsi arasında bu universitet 12-ci yerdədir. Həmin universitetin məzunları yüksək peşəkarlığı, rəqabətqabiliyyətliliyi ilə fərqlənirlər və işəgötürənlər tərəfindən həvəslə qəbul olunurlar ki, bu da, ilk növbədə, universitetdə təhsilin keyfiyyəti, idarəetmənin çevikliyi və peşəkar kadr potensialının olması ilə bağlıdır.

Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Xəzər Universiteti beynəlxalq əlaqələrin qurulması, beynəlxalq layihə və proqramlarda iştirak, dünyanın aparıcı universitetləri ilə müəllim və tələbə mübadiləsi, Boloniya Bəyannaməsinin tələblərinə uyğun olaraq Avropa təhsil məkanına inteqrasiya və digər sahələrdə təsirli tədbirlər görməklə kadr hazırlığı sahəsində əsaslı nailiyyətlər əldə etmiş, böyük nüfuz qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu universitet qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri cəlb etməklə təhsildə müasir texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə təhsilin inkişafına zəmin yaratmışdır. Ali məktəblərə tələbə qəbulunun yekunlarına əsasən, reytinq və abituriyent ərizələrində ali məktəblərin ixtisaslarının birinci yerdə rast gəlmə tezliyi cədvəllərində Xəzər Universiteti dövlət ali təhsil müəssisələri ilə rəqabət apara bilir.

Qərb Universiteti beynəlxalq təcrübədən səmərəli istifadə etməklə universitetdə idarəetmənin təkmilləşdirilməsi, tədris prosesinin səmərə və keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması, tələbə mübadiləsi, MBA proqramı üzrə kadr hazırlığı sahəsində müsbət addımlar atmışdır.

Odlar Yurdu Universiteti dünyanın bir sıra aparıcı universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmış, tədris prosesində müasir metodların tətbiqi, müəllim və tələbə mübadiləsi, təhsil mərkəzinin yaradılması və digər sahələrdə uğurlar əldə etmişdir.

Son iki ildə Azərbaycan Universitetinin fəaliyyətində ciddi dönüş yaranmış, bir sıra keyfiyyət dəyişiklikləri baş vermişdir. Mühüm dəyişikliklərdən biri beynəlxalq mübadilə proqramlarında tələbələrin iştirakıdır ki, bu da universitet tələbələri üçün yeni imkanlar açmışdır. Bu universitetdə Karyera Mərkəzinin yaradılması da təqdirəlayiq hesab edilməlidir. Düşünürəm ki, belə Mərkəzin yaradılması işəgötürənlərlə universitet arasında səmərəli əməkdaşlığın yaranmasına və məzunların işlə təminatı məsələlərinin həllinə gətirib çıxaracaq. Universitet Boloniya prosesi çərçivəsində nəzərdə tutulan tədbirlərə də fəal qoşulmuşdur.

Onu da qeyd etmək istərdim ki, müstəqil Azərbaycanda yeni sahə olan özəl təhsil müəssisələrində keyfiyyətin yüksəldilməsini milli mənafe tələb edir. İnanıram ki, ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrinin rəhbərləri qeyd olunan iradları və təklifləri səmimi qəbul edəcək, mövcud problemlərin tezliklə aradan qaldırılması istiqamətində əllərindən gələni əsirgəməyəcək, milli mənafe naminə təhsilin keyfiyyətinin yüksəldilməsində əsaslı dönüşə nail olacaqlar.

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor