· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elan edilib

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2009-2010-cu tədris ili üçün müvafiq ixtisaslar üzrə (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan etmişdir.  MDU-nun yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarında 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Qəbul sınaqları müvafiq fənlər üzrə aparılacaqdır. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə "əla" qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 400 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər. Qəbul sınaqlarında iştirak etmək istəyənlər qəbul komissiyasına 2009-2010-cu tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışını, orta təhsil haqqında sənədi (əsli), şəxsiyyət vəsiqəsini, 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil təqdim etməlidirlər. Yerləşdirmə M.V.Lomonosov adına MDU-nun qəbul komissiyası tərəfindən keçirilən qəbul sınaqlarının nəticələri əsasında aparılacaqdır.

MDU-nun Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə aparılan müsabiqədə iştirak edə bilərlər. Filialın tədris fəaliyyəti MDU-nun tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur. Tədris, əsasən, MDU-nun professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda iki semestr ərzində təhsil almaq imkanı qazanacaqlar. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcəkdir.

Sənədlər iyulun 8-dən 23-dək saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Firudin Ağayev, 14 (metronun "Elmlər Akademiyası" stansiyasının yanı) ünvanında qəbul ediləcəkdir. Əlavə məlumatları 418-00-28 və 510-96-08 əlaqə telefonları vasitəsilə almaq olar.

 

AzərTAc

 

 

 

 

 

Türkiyə universitetlərinin magistratura pilləsində Azərbaycan vətəndaşlarına 12 yer ayrılıb

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, müvafiq elana əsasən, Türkiyə universitetlərinin magistratura pilləsində Azərbaycan vətəndaşlarının təhsil almaları üçün 12 yer ayrılmışdır.

Həmin universitetlərin magistraturasına ali məktəblərin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, 2009-cu il yanvarın 1-dək yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada 70-dən) aşağı olmayan, bu il mayın 3-də keçirilmiş test imtahanının nəticəsinə görə ikinci mərhələyə buraxılmış Azərbaycan vətəndaşları qəbul oluna bilərlər.

Magistratura pilləsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər. Türkiyə universitetlərinin magistr ixtisaslarına müsabiqə ölkəmizin ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaqdır.

Türkiyə universitetlərinin magistraturasına qəbulu aparılan ixtisasları ölkəmizin ali məktəblərinin bakalavr pilləsini müvafiq istiqamət və ixtisaslar üzrə bitirən şəxslər seçə bilərlər.

TQDK-nın "Magistr" jurnalının 4-cü nömrəsində həmin bakalavr və magistr ixtisaslarının siyahısı təqdim olunmuşdur.

 

 

 

 

Alimin yubileyi qeyd edildi

 

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə tanınmış alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun 80-illik yubileyi geniş qeyd olundu.

Mərasimdə çıxış edən  Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli yubilyarın keçdiyi həyat yolundan, ədəbi dil istiqamətindəki yorulmaz fəaliyyətindən ətraflı danışdı.

Vurğulandı ki, ömrünün 60 ildən artıq bir dövrünü Azərbaycan Dövlət Universitetində doğma  dilin tədrisinə, yüksək ixtisaslı dilçi kadrların yetişməsinə həsr edən görkəmli şəxsiyyət və gözəl insan Yusif Seyidov Azərbaycanda dilçilik elminin inkişafına böyük töhfələr verən, Azərbaycan dilçilik məktəbinin yaranmasında sonsuz xidmətləri olan bir alimdir.

Daha sonra yubilyara universitet rəhbərliyi adından hədiyyələr təqdim olundu.

Alimin dostları, tələbə yoldaşları adından çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, NDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Adil Babayev, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev və başqaları yubilyarı təbrik edərək ona ürək sözlərini çatdırdılar.

Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.

 

 

 

 

 

NDU-da "Vay Fay kampus" şəbəkə sistemindən istifadə olunacaq

 

Naxçıvan Dövlət Universitetində CİSCO texnologiyaları əsasında "Vay Fay kampus" şəbəkə sisteminin qurulması məsələləri və qarşıda duran vəzifələr müzakirə olundu. Rektor, akademik İsa Həbibbəyli universitetdə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğuladı.  Qeyd etdi ki, NATO-nun qrant layihəsi əsasında universitetdə simsiz kampus şəbəkəsi qurulacaq, bu ali məktəb DELTA şirkəti tərəfindən ikiillik pulsuz İnternetlə təmin olunacaq. Natiq bildirdi ki, "Elektron Naxçıvan - 5" proqramının həyata keçirilməsi ərəfəsində görüləcək bu tədbirlər ali təhsil ocağında müasir İKT-dən istifadə imkanlarını daha da genişləndirəcək.

Azərbaycan Təhsil Şəbəkəsinin texnoloji dəstək üzrə meneceri Emin Seyidov CİSCO texnologiyaları əsasında universitetdə qurulacaq "Vay Fay kampus" şəbəkə sistemi vasitəsilə universitetin nəinki bütün tədris korpuslarında, 110 hektarlıq ərazisində - park və meydançalarında simsiz İnternet bağlantısından istifadənin mümkün olacağını vurğuladı. Sözügedən simsiz şəbəkədən universitetin elektron mühafizə sisteminin təşkilində, universitetdaxili videotelefon rabitəsinin yaradılmasında da  istifadə oluna biləcək.

Tədbirdə NDU-nun İnformasiya texnologiyaları şöbəsində provayder serverin yaradılması, gələcəkdə informasiya təhlükəsizliyi təminatı, texniki təhlükəsizlik məsələləri və digər təşkilati məsələlər müzakirə olundu.

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

 

 

 

BSU-da  təqdimat  mərasimi

 

İyunun 9-da BSU-da tərcümə problemləri elmi -tədqiqat  laboratoriyasının uzun müddət üzərində işlədiyi A.Kunun "Qədim Yunanıstanın mifləri və  əfsanələri" kitabının ilk dəfə  Azərbaycan dilində  nəşrinin təqdimetmə  mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev bildirib ki, XX əsrin əvvəllərindən, nəşr olunduğu vaxtdan bu günə qədər bütün filoloji, humanitar sahələrdə dərin iz buraxmış bir əsərin Azərbaycan dilində ilk dəfə  nəşr olunması təqdirəlayiq haldır.

 A.Kunun " Qədim  Yunanıstanın mifləri və əfsanələri " kitabı dünyanın əksər dillərinə tərcümə  olunmuş, adi  oxuculardan tutmuş peşəkar ədəbiyyatşünaslara və  mədəniyyətşünaslara qədər hər kəsin  maraqla, dönə-dönə  müraciət etdiyi bir əsərə çevrilmişdir. Müasir dünya ədəbiyyatının və digər sənət növlərinin inkişaf tarixi qədim yunan mifləri ilə üzvi surətdə bağlıdır.

   Tədbirdə qeyd  edildi ki, bu kitabın nəşri BSU-da filoloji-fəlsəfi istiqamətdə aparılan böyük bir prosesin tərkib hissəsidir. Kitabın Azərbaycan dilində  nəşri həm filoloji elm sahəsi, həm də  adi oxucular üçün çox əhəmiyyətlidir.

                                                                                                                   

Şakir CƏFƏROV

 

 

 

 

 

Anlaşma Memorandumu imzalanıb

 

İyunun 7-də Türkiyənin İstanbul Universitetinin rektoru, professor Yunus Söyletin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olub. Səfərdə məqsəd bu iki təhsil ocağı arasında Anlaşma Memorandumunun imzalanması idi. Memorandumda tərəflər arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq nəzərdə tutulur.

Memorandumu Qafqaz Universiteti tərəfindən rektor, professor Ahmet Saniç, İstanbul Universiteti tərəfindən isə rektor, professor Yunus Söylet imzalayıblar.

Tədbiri açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayaraq, ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" ifadəsinin hər zaman bir gerçək olacağını bildirib.

İstanbul Universitetinin rektoru, professor Yunus Söylet çıxışında rəhbərlik etdiyi İstanbul Universitetinin Türkiyənin ən qədim universiteti olduğunu deyib. Universitetdə hazırda 55000 tələbə oxuyur. O, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxildir (2006) və bu baxımdan həmin siyahıya düşmüş yeganə Türkiyə universitetidir. Bu ali məktəb, eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. İstanbul Universitetində 37 fakültənin olduğunu diqqətə çatdıran rektor bu ali məktəbin təkcə tibblə bağlı deyil, digər sahələrdə, xüsusən də pedaqoji kadrlar hazırlığında da öndə getdiyini söyləyib. Mustafa Kamal Atatürkün aydınçılıq, çağdaşlıq ideyalarına həmişə sadiq qalan universitetin məzunları dünyanın müxtəlif yerlərində, ən müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərirlər. Universitet dünyanın bir çox ali təhsil ocağı ilə sıx əlaqə saxlayır, bir sıra beynəlxalq proqramlarda iştirak edir. Rektor onu da vurğulayıb ki, İstanbul Universitetinin məzunu olan Azərbaycan vətəndaşı iki gənc ötən il keçirilən uzmanlıq imtahanlarında 15 min məzun arasında ən yüksək nəticə göstərərək I və II yerlərə çıxıb.

İstanbul Universitetinin rektoru, professor Yunus Söylet səmimi qəbula, haqqında deyilən xoş sözlərə görə Qafqaz Universitetinin rektoruna minnətdarlığını bildirib, səfərlərindən razı qaldıqlarını, zəngin təəssürat topladıqlarını söyləyib.

 

LALƏ

 

 

 

 

 

 

Məzunlar 50 ildən sonra görüşdülər

  

Onlar pedaqoji məktəbi bitirəndə 36 nəfər idilər. ölkəmizin on rayonundan gəlmişdilər. İlk pedaqoji fəaliyyətə boya-başa çatdıqları kəndlərində başladılar. İllər ötdü, hamısı ali təhsil aldı. Aralarında orden və medallara, fəxri adlara layiq görülənlər də vardı. On üç nəfər dünyasını dəyişdi. İxtiyar yaşına çatsalar da, doğma peşələrindən ayrılmayıblar.

50 ildən sonra özlərinə ilk universitet saydıqları Lənkəran Dövlət Humanitar Kollecində görüşə toplaşdılar. Bir-birini tanımayanlar da oldu. Qucaqlaşdılar, sevincdən gözləri yaşardı.

Məzunlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi insanın adını daşıyan muzeydəki eksponatlara böyük maraqla baxdılar. Görüş kollecin zalında davam etdirildi. Buraya şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər və tələbələr toplaşmışdı. Tələbəlik illərini xatırladan həzin musiqi səsləndi.

Humanitar kollecin direktoru Cahangir İbrahimov məktəbi 1959-cu ildə bitirmiş məzunları salamladı, bu təhsil ocağının 80 ildə keçdiyi şərəfli yoldan danışdı. Sonra məzunlardan Astara rayonundakı Siyaku kənd orta məktəbinin müəllimi İsmayıl Məmmədov, İmişli rayonundakı Qızılkənd kənd orta məktəbinin direktor müavini Yavər Məmmədov, Saatlı rayonundakı Qalaçalar kənd məktəbinin müəllimi Babulla Əzizov, ehtiyatda olan polis polkovniki Fəyaz Hüseynov, bu sətirlərin müəllifi və başqaları tələbəlik illərinin xatirələrindən söz açdılar.

Kollecin müəllimi Həlimə Axundova, tələbə və gənclər təşkilatının sədri Aksana Məmmədova məzunları hazırda kollecdə təhsil alanlar adından təbrik etdilər.

Məzunlar Lənkəran şəhərində aparılan quruculuq işləri ilə tanış oldular, yeni tikilmiş məktəblərə və uşaq müəssisələrinə baxdılar, İkinci Cahan müharibəsində və Qarabağ döyüşlərində həlak olan igidlərin abidələrinə gül dəstələri qoydular.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist