· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

20 minə yaxın müəllim təhsildə İKT-nin tətbiqi

üzrə treninqlərdə iştirak edib

 

"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində keçirilmiş treninqlərdə 20 minə yaxın müəllim iştirak edib. 

Təlimlər dünyada qəbul olunmuş metodlar əsasında yaradılmış Skulz Onlayn "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" və İntel "Gələcək üçün təhsil" təlim vəsaitləri əsasında keçilir.  Adıçəkilən təlim vəsaitləri yüksək təcrübəyə malik ekspertlər tərəfindən yerli təhsil sisteminə uyğunlaşdırılmışdır. Təlimlərin əsas məqsədi müəllimlərə texnologiyadan səmərəli şəkildə istifadə etməklə XXI əsr təhsil metodlarına yiyələnmək və bu metodları öz dərslərində tətbiq etməyi öyrətməkdir. Nəticədə müəllimlər yeni interaktiv təlim metodları öyrənmiş və tədrisə tətbiq etmək imkanı qazanmışlar. Təlimlərin ilkin mərhələsində ABŞ-dan və bu sahədə təcrübəsi olan digər ölkələrdən təlim vəsaitlərinin yaradıcıları Azərbaycana dəvət olunmuş və bu təlimlərin keçirilməsi üçün təlimçi heyəti hazırlamışlar.

Dövlət büdcəsi hesabına keçirilən treninqlərin əsas məqsədi gündəlik pedaqoji fəaliyyət çərçivəsində kompüterdən, proqram təminatından, müxtəlif avadanlıqdan (proyektor və s.) istifadə etməklə tədrisi daha səmərəli qurmaqdır.  Treninqlərin effektivliyinin qiymətləndirilməsi beynəlxalq səviyyədə öz əksini tapmışdır. 2009-cu ilin martında Vyanada keçirilən  innovativ müəllimlərin Avropa Forumunda ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin təqdim etdikləri layihələr 60 layihə arasında ilk onluğa daxil olmuşdur.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbin müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha dərin biliklərə yiyələnirlər. "Elektron məktəb" konsepsiyası əsasında həmin məktəblərdə əlavə olaraq təhsil portalının ayrılmaz hissəsi olan elektron cədvəl, elektron qiymət jurnalı və s. elektron resurslar geniş tətbiq ediləcəkdir. Treninqlər bütün bu resurslarla işləmək üçün praktik bacarıqların aşılanmasına yönəlmişdir. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də təhsil portalının resurslarından istifadə edəcəklər. Həmin məktəblərin müəllimləri də xüsusi treninqlər keçəcəkdir. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan məktəblərin müəllim kollektivi üçün də genişləndirilmiş treninqlər keçiriləcəkdir. Treninqlərdən sonra təşkil olunan sınaqlar müəllimlərin öyrəndiklərini təyin etməyə imkan verir.

Dövlət Proqramına müvafiq olaraq müəllimlərin təlimi prosesinə məktəb direktorlarının da cəlb olunması çox mühüm amildir. Təhsil Nazirliyi müəllimlər üçün treninqlərlə yanaşı, məktəb direktorları və rayon təhsil şöbələrinin əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi treninqlərin keçirilməsinə də başlamışdır.