· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Naxçıvan şəhərindəki 8 nömrəli orta məktəbin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib  

Naxçıvan şəhərindəki 8 nömrəli orta məktəbin binası əsaslı yenidənqurmadan sonra martın 29-da istifadəyə verilmişdir.

Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə şagirdləri, müəllimləri və valideynləri təbrik etmişdir. Ali Məclisin sədri bildirmişdir ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri ulu öndərimizin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Bu, qurulan məktəblərdə, tikilən binalarda, çəkilən yollarda, həyata keçirilən tədbirlərdə, bir sözlə, ölkəmizin inkişafında, əhalinin həyat səviyyəsində özünü göstərir. Bu tədbirlər sırasında ən mühüm yeri məktəb quruculuğu tutur.

Qeyd olunmuşdur ki, 1008 şagird yerlik məktəb binası 731 şagirdin, 125 müəllimin istifadəsinə verilir. Məktəb müasir avadanlıqla, istilik sistemi ilə təmin olunmuşdur. Burada 2 laboratoriya, hərbi və muxtar respublikada ilk dəfə olaraq elektron lövhəli kabinet istifadəyə verilmişdir. Eyni zamanda məktəbin 27 kompüterlə təchiz edilmiş 2 kompüter otağı, 18 min 890 nüsxə kitab fondu olan müasir kitabxanası da vardır.

 

AzərTAc

 

 

 

 

 

NDU-da pedaqoji  təcrübənin başlanmasına dair  konfrans keçirilib  

Naxçıvan Dövlət Universitetində tələbələrin pedaqoji təcrübələrinin başlanmasına dair konfrans keçirildi. Konfransda universitetin rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli çıxış edərək istər pedaqoji, istərsə də istehsalat təcrübələrinin tələbələrin gələcək fəaliyyətlərindəki, onlarda əsl pedaqoq və mütəxəssis vərdişlərinin formalaşması və inkişafındakı böyük rolundan danışdı. Pedaqoji təcrübə dövründə tələbələrin və təcrübə rəhbərlərinin üzərinə düşən öhdəliklərlə, onların davamiyyəti, dərsin tədrisi və sair məsələlərlə bağlı öz tapşırıqlarını verən rektor, həm də orta ümumtəhsil məktəblərində müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinin də əhəmiyyətini xüsusilə vurğuladı.

Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli sənədləşmənin aparılması qaydaları haqqında ətraflı məlumat verdi. Bəzi statistik rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdıran natiq qeyd etdi ki, bu il universitetin 7 fakültəsində 14 ixtisas üzrə təhsil alan 324 tələbəsi Naxçıvan MR-in 9 şəhər və 3 kənd məktəbində pedaqoji təcrübə keçəcək.

Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Xudiyev bu il orta ümumtəhsil məktəblərində tətbiq olunmuş yeniliklər barədə  məlumat verdi, təcrübəçi tələbələrə dərs prosesində daha çox yeni metodlara və informasiya texnologiyalarından istifadəyə üstünlük verməyi tövsiyə etdi.

 

Nərmin CƏFƏROVA,

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı  

 

 

 

İranlı mütəxəssislər Naxçıvan Dövlət Universitetində olublar  

İran İslam Respublikasının Azad İslam Universitetinin nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. NDU-nun rektoru, akademik İsa Həbibbəyli qonaqlara universitetin fəaliyyət strukturu, müxtəlif ixtisasları, professor-müəllim heyəti, tələbə kontingenti haqqında ətraflı məlumat verib. Rektor qonşu ölkə ilə elm, təhsil sahəsində əməkdaşlıq istiqamətində son zamanlar mühüm addımlar atıldığını bildirərək, gələcək birgə tərəfdaşlığa dair təkliflərlə çıxış edib. Tehran Azad İslam Universiteti rektorunun 1-ci müavini Cəfəri Hosseinki universitetlə tanışlıq zamanı buradakı təhsilin və tədrisin səviyyəsindən məmnun qaldıqlarını bildirib. O, bir sıra ixtisaslar üzrə tələbələrin qarşılıqlı elmi-istehsalat təcrübələri keçməsinə, müştərək elmi konfransların və simpoziumların təşkilinə təmsil etdiyi ali məktəbin razılığını ifadə edib. Görüşdə iki universitet arasında əlaqələrin inkişafı üçün nəzərdə tutulan perspektiv planlardan da danışılıb. Daha sonra qonaqlar universitet televiziyasına müsahibə veriblər.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universitetinin

Mətbuat şöbəsinin müdiri

 

Müəllimlərin peşəkarlığı artırılır  

Azərbaycan Müəllimlər İnstitutunda Təhsil Nazirliyi və YUNİSEF-in 2009-cu il üçün nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq "Fəal təlimin Milli Kurikulumlarda tətbiqi üzrə müəllimlərin peşəkarlığının artırılması" məqsədilə 10-günlük treninqlər keçirilməyə başlanmışdır. Treninqi giriş sözü ilə Təhsil Nazirliyinin şöbə müdiri F.Qədirov açaraq bu tədbirlərin əhəmiyyəti haqqında geniş məlumat vermişdir.

AMİ-nin rektoru, professor A.Naxçıvanlı çıxış edərək fəal təlim metodlarının Milli Kurikulumda tətbiqinə, müəllimlərin peşəkarlığının artırılmasına böyük ehtiyac olduğunu söyləmişdir.

Ongünlük treninqlərdə iştirak etmək üçün Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanovun müvafiq əmrinə əsasən AMİ-dən və onun filiallarından, Naxçıvan Müəllimlər İnstitutundan, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan və bir sıra rayonların təhsil şöbələrindən 50 nəfər metodist və müəllim dəvət olunmuşdur. Onlar 2009-cu il aprel ayının 11-nə qədər keçiriləcək treninqlərdə iştirak edəcəklər. "öyrədənlərin öyrədilməsi" çərçivəsində treninqlərdə iştirak edən müəllim və metodistlərə sertifikatlar təqdim olunacaqdır.

Treninqin açılışında YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mohamed Benderis Alami də iştirak etmişdir.

 

 

 

 

 

Bakı Dövlət Universitetində "Yapon günləri" mövzusunda tədbir keçirilib  

Bakı Dövlət Universitetində "Yapon günləri" mövzusunda tədbir keçirilmişdir.

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərindən sonra həmin ölkə ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf etmişdir.

Tədbirdə BDU-nun prorektoru İsmayıl Əliyev universitetdə yapon dilinin tədris edildiyini qeyd edərək, hazırda yapon dili ixtisası üzrə 30-dan çox tələbənin təhsil aldığını bildirmişdir.

Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Madsumira Toşio səfirlik tərəfindən BDU-ya yapon dilinin tədrisi üçün lazımi kitab və avadanlığın verildiyini diqqətə çatdırmışdır. Eyni zamanda qeyd etmişdir ki, Yaponiya hökuməti Azərbaycanda təhsilin inkişafına böyük maraq göstərir.

Sonra tədbir iştirakçıları BDU-da "Yapon günləri" çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olmuşlar.

 

AzərTAc