· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda keçirilən Beynəlxalq muğam festivalı hələ uzun illər yaddaşlarda yaşayacaq

Bir həftə ərzində Bakı "Muğam aləmi" Beynəlxalq festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçısı Beynəlxalq muğam festivalında bir araya gəlmişdir. Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq muğam festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.

 

İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində "dunya mədəniyyətinin şah əsəri" adlandırılan muğamın məkanına çevrilmişdir. Martın 18-dən 25-dək Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan etmişdir.

Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açmışdır. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamı ifa olunmuşdur.

Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova "Şur" təsnifini ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqisinin ən gözəl incilərini dinləmişlər. "Muğam aləmi" Beynəlxalq festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənmişdir. Azərbaycan musiqisi böyük maraqla izlənilmiş, hər bir ifa sürəkli alqışlarla qarşılanmışdır.

Beləliklə, Azərbaycanda martın 18-dən başlayan "Muğam aləmi" Beynəlxalq festivalına martın 25-də yekun vurulmuşdur.

Muğam sənətinin qorunması və inkişafına xidmət edən "Muğam aləmi" Beynəlxalq festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilmişdir.

2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində, Novruz bayramı günlərində şəhərimizdə keçirilən bu möhtəşəm musiqi bayramı muğam ifaçılığı tarixində ilk belə tədbir kimi artıq tarixə çevrilmişdir. Bakı bir həftə ərzində, həqiqətən də, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri olan muğamın paytaxtına çevrilmişdir. Yenidən nəzərlər Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmizə yönəlmişdi - bu dəfə Azərbaycan mədəniyyətinin təntənəsinə...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Muğam aləmi" Beynəlxalq festivalının açılışı martın 20-də Beynəlxalq Muğam Mərkəzində olmuşdur.

Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq muğam festivalını yüksək qiymətləndirərək demişdir: "Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl muğam mərkəzində keçirilir"...

Beynəlxalq muğam festivalının açılışında, festival çərçivəsində keçirilən bir sıra tədbirlərdə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura da iştirak etmişdir.

Beynəlxalq muğam festivalı çərçivəsində martın 18-də Milli Tarix Muzeyində "Muğam aləmi" Beynəlxalq elmi simpoziumu keçirilmişdir. Simpoziumun açılış mərasimində xalqımızın mədəni irsinin keşiyində ləyaqətlə dayanan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etmişdir. Azərbaycan muğamı YUNESKO-nun Dünya İrs Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilmişdir. "Biz azərbaycanlılar muğamımızla fəxr edirik", deyən Mehriban Əliyeva muğamı gözəlliyin və məhəbbətin rəmzi adlandıraraq qeyd etmişdir ki, bu simpozium muğamın təkcə Azərbaycanda yox, bütün dünyada məşhurluğunun göstəricisidir. Mehriban xanım Əliyeva demişdir: "Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının nəşri və sair. Bu sırada "Muğam ensiklopediyası"nın nəşri xüsusi yer tutur".

YUNESKO təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq "Muğam ümumi bir dil, ümumi bir məqamdır, o, musiqiçilər arasında anlaşma, ünsiyyət vasitəsidir", deyərək Azərbaycan muğamının inkişaf etdiyini, zənginləşdiyini və onun bu istiqamətdə digər ölkələrə yol göstərdiyini vurğulamışdır.

üç gün davam edən elmi simpoziumda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən gələn muğam tədqiqatçılarının məruzələri dinlənilmişdir. Muğam sənətinin tarixində yeni, mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirilmişdir.

Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında italiyalı Silvio Barbatonun dirijorluğu ilə üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konsertini Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun Baş direktoru Koişiro Matsuura da izləmişlər.

Beynəlxalq Muğam Mərkəzində keçirilən festival konsertlərdə azərbaycanlı ustad ifaçılarla yanaşı, İtaliyanın "Maraği", Suriyanın "Al Kindi", İraqın "Anqam Al Rafidain", Mərakeşin "Nahda", özbəkistanın "çargox", Misirin "Əl Ədvar" ansambllarının çıxışları anşlaqla keçmişdir.

Martın 22-dən 24-dək Dövlət Kukla Teatrında keçirilən Muğam müsabiqəsi isə əsl sənət yarışmasına çevrilmişdir. Müsabiqədə 11 ölkədən 20 ən istedadlı ifaçının çıxışları münsiflər heyətinin işini çətinləşdirsə də, seçimin nəticəsindən hamı -  ifaçılar da, münsiflər heyətinin bütün üzvləri də, tamaşaçılar da razı qalmışlar. "Qran-pri" Azərbaycan ifaçısına  Təyyar Bayramova nəsib olmuşdur. Birinci yerə özbəkistandan Yulduz Turdıyeva, ikinci yerə İrandan Məhəmməd Motamidi, üçüncü yerə misirli Mustafa Səid layiq görülmüşlər.

Bakı Caz Mərkəzində keçirilən etno-caz gecələri də festivala bir rəngarənglik gətirmişdir. Bütövlükdə "Muğam aləmi" Beynəlxalq festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə olmuşdur. "Muğam aləmi" Beynəlxalq muğam festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar İslam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılmışlar.

 

AzərTAc