![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyinin "Kurrikulum" adlı yeni jurnalı nəşrə başladı
Hazırda təhsil sahəsində aparılan
islahatların mühüm bir istiqamətini ümumi təhsilin
məzmununun müasir tələblər zəminində
yeniləşdirilməsi təşkil edir. Bu
istiqamətdə görülən işlər "Kurrikulum
islahatı" adı altında aparılır. Dövlətin
ümumi təhsillə bağlı siyasətini,
cəmiyyətin ehtiyac və tələbatını,
habelə şagirdlərin maraqlarını üzvi şəkildə
əlaqələndirən Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası ("Milli Kurrikulum"u) hazırlanıb,
hökumət tərəfindən təsdiq edilmişdir.
Həmin konseptual sənəd əsasında fənn
kurrikulumları yaradılır, onların tətbiqinə
hazırlıq işləri aparılır. Bütün bu işlərin,
habelə bu sahədə qəbul olunan yeni
sənədlərin məzmun və mahiyyətinin, onlarla işin
xüsusiyyətlərinin müəllimlərə,
metodistlərə, məktəb rəhbərlərinə
çatdırılmasına, onların elmi-metodik və
psixoloji hazırlığının artırılmasına
böyük ehtiyac vardır. Məhz bu ehtiyacı
nəzərə alan Təhsil Nazirliyi özünün yeni nəşrini
- "Kurrikulum" jurnalını təsis etmişdir.
Jurnalın təsis olunması ilə həmçinin pedaqoji
ictimaiyyət arasında maarifləndirmə və təbliğat
işlərinin səmərəliliyinin artırılması,
təhsil işçilərinə elmi, pedaqoji köməyin gücləndirilməsi,
gələcəkdə kurrikulumların təkmilləşdirilməsi
və keyfiyyətinin yüksəldilməsi ilə bağlı
elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq,
ölkəmizdə və xaricdə qabaqcıl təcrübə
nümunələrinin yayılmasını təmin etmək
və s. kimi niyyətlərin gerçəkləşdirilməsi
nəzərdə tutulur. İri formatda rəngli, nəfis şəkildə
çap olunan jurnalın baş redaktoru təhsil naziri Misir
Mərdanovdur. Redaksiya heyəti təhsil və elm
sahəsində tanınmış yerli və xarici alim
və mütəxəssislərdən ibarət olan jurnal rübdə
bir dəfə nəşr olunacaqdır. Yeni jurnalın ilk nömrəsi bu günlərdə
çapdan çıxmışdır. Oxuculara təqdim olunan
birinci nömrədə baş redaktorun oxuculara müraciəti,
təhsil nazirinin müavini, Təhsil Sektorunun İnkişafı
Layihəsinin milli koordinatoru, respublikanın əməkdar
müəllimi İsgəndər İsgəndərovun ölkəmizdə
təhsil sahəsində aparılan islahatlara, onların
əhəmiyyəti, prioritet istiqamətləri və
nəticələrinə, nazirliyin şöbə müdiri,
"Kurrikulum islahatı" üzrə alt komponent
koordinatoru, jurnalın hazırlanmasında və nəşrində
xüsusi zəhməti olan respublikanın əməkdar müəllimi
Aydın Əhmədovun ümumi təhsil sistemində
kurrikulum islahatına, Təhsil Problemləri İnstitutunun
direktor müavini, Kurrikulum Mərkəzinin direktoru, respublikanın
əməkdar müəllimi Ənvər Abbasovun yeni
kurrikulumların səciyyəvi xüsusiyyətlərinə
dair məqalələri və digər yazılar verilmişdir.
İlk nömrədəki yazılar
"Kurrikulum nəzəriyyə və praktika",
"Yeni pedaqoji və psixoloji yanaşmalar",
"Monitorinq və qiymətləndirmə",
"Təlim strategiyası", "Təhsil standartları",
"İnformasiya" və "Rəsmi
sənədlər" adlı rəngarəng rubrikalarla
təqdim olunub. ümumiyyətlə, jurnalda fənn və
məktəb kurrikulumları ilə işin texnologiyasına,
kurrikulumların tətbiqi sahəsində qabaqcıl iş
təcrübəsinə, tədqiqatların yekunlarına,
təhsilin məzmunu, təlim texnologiyaları və şagird
nailiyyətlərinin qiymətləndirilməsi
məsələlərinə həsr olunmuş yazılar,
tərcümə materialları, fənn kurrikulumları
əsasında müasir dərslik və dərs
vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl
məktəb rəhbərləri və müəllimlərinin
iş təcrübələri, şagird
nailiyyətlərinin milli və beynəlxalq
qiymətləndirmə nəticələri, inkişaf etmiş
ölkələrin mövcud ümumi təhsil modelləri və s.
mövzularda məqalələr dərc olunacaqdır. Jurnalın
redaksiyasında tanınmış mütəxəssislərin
iştirakı ilə ümumi təhsilin aktual
məsələlərinə həsr olunmuş
"dəyirmi masa"ların, müzakirələrin təşkil
edilməsi, müəllim və şagirdlər arasında
tədqiqat xarakterli sorğuların aparılması və
nəticələrin oxuculara çatdırılması
nəzərdə tutulub. Mətbuat ailəsinə yenicə daxil olmuş
"Kurrikulum" jurnalının yaradıcı
heyətini təbrik edir, jurnala uzun ömürlülük ,onun yaradıcı
kollektivinə isə uğurlar, məqsədlərinin
reallaşdırılması yolunda səmərəli
fəaliyyət arzulayırıq. Y.ƏLİYEV
|
![]() |
![]() |
![]() |
![]() |