|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəb-valideyn əməkdaşlığı Valideynlər
nə düşünürlər?
Son illər təhsilimizdə aparılan
islahatlar, həyata keçirilən tədbirlər özünün müsbət
nəticələrini büruzə verməkdədir. Bu gün
təhsilin ən müxtəlif pillələrində bir
yeniləşmə, canlanma hiss olunmaqdadır. Xüsusilə
orta məktəblərimizdə aparılan dəyişikliklər
təhsilimizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə
səbəb olmaqla yanaşı, müəllimlərimizin öz
işlərinə daha yaradıcı şəkildə
yanaşmasına, yüksək peşəkarlıq nümayiş
etdirməsinə imkan yaradıb. Hazırda Azərbaycan
məktəbi dedikdə göz önündə tamam fərqli, daha
müasir, təlim-tərbiyə prosesini çox yüksək
səviyyədə quran təhsil ocaqlarımız canlanır.
Təbii ki, bu dəyişikliklərin
təlim-tərbiyə prosesinin iştirakçıları olan
müəllim və şagirdlər canlı şahididirlər. Bəs görəsən valideynlər
necə, öz övladlarının təhsil aldıqları
orta məktəblərdə həmin dəyişiklikləri
hiss edirlərmi? Valideynlərin məktəblə
əlaqələri hansı səviyyədədir? Təsadüfi deyil ki, təhsil naziri Misir
Mərdanovun təhsil işçiləri ilə keçirdiyi müxtəlif
görüşlərdə, tədbirlərdə hər zaman
məktəb rəhbərlərinə tövsiyəsi bu olur
ki, valideynlərlə əməkdaşlığa
diqqət verilməli, əlaqələr daha sıx olmalıdır.
Bəs təhsil nazirinin xüsusi önəm verdiyi bu
məsələ ilə bağlı valideynlərin özləri
nə düşünür? Bu və yuxarıda qeyd etdiyimiz
digər suallarla bağlı bir neçə valideynlə görüşərək
onların fikirlərini öyrəndik. Aygün Əlibəyova (18 nömrəli orta
məktəbin valideyni): - 2 övladım
var. Hər ikisi bu məktəbdə oxuyur. Vaxtilə özüm
də həmin məktəbdə təhsil almışam
və ona görə də bura mənim üçün doğmadır.
Məktəb həyatında yaxından iştirak
etməyə çalışıram. özüm VII sinfin valideyn
komitəsinin sədriyəm. Digər valideynlərlə
birlikdə məktəbin problemlərinin həllində
yaxından iştirak edirəm. Fikrimcə, şagirdin yaxşı
oxuması üçün təkcə müəllimin əməyi
kifayət deyil. Bu işdə valideynlər müəllimlərin
ən yaxın köməkçisi olmalıdır. Ona görə
də valideyn-müəllim münasibətini fəallaşdırmaq
lazımdır. Bu proses qarşılıqlı
əməkdaşlıq şəklində olmalıdır.
Yəni buna həm müəllim, həm də valideyn can atmalıdır.
Müəllimlə valideynin fikirləri üst-üstə düşərsə,
bu şagirdlərin istər təlim, istərsə də
tərbiyəsində müsbət nəticələr verə bilər. Bizim məktəbdə valideynlər
dərslərə mane olmamaq şərti ilə
istədikləri vaxt məktəbə gələrək
onları maraqlandıran mövzularda söhbət apara bilər,
hətta direktor müavininin icazəsi ilə
dərslərdə iştirak edə bilərlər. Aynurə Əliyeva (20 nömrəli
məktəb-liseyin valideyni): - övladlarımın ikisi də bu
məktəbdə oxuyur. Onlar hələ kiçikdirlər. Oğlum
II sinifdə, qızım isə I sinifdə oxuyur. Uşaqlarım
ibtidai siniflərdə oxuduğundan onların müəllimləri
ilə daim ünsiyyətdə oluram. övladlarım yuxarı
siniflərdə oxuyan zaman da bu əlaqələrin müntəzəm
olaraq saxlanmasına çalışacağam. Yəqin ki, onların
təhsil həyatında fəal iştirak
edəcəyəm. Valideyn olaraq son illər təhsil
sahəsində aparılan islahatlardan xəbərim var
və bunun müsbət nəticələrini görürəm. Məktəb-şagird-valideyn əməkdaşlığı
bu gün çox önəmli bir məsələdir. Düşünürəm
ki, əməkdaşlıq bizim öz uşaqlarımızı
daha yaxından tanımağa, onların nəyə qadir
olduqlarını öyrənməyə imkan verir. Zəka İbrahimov (7 nömrəli orta
məktəbin valideyni): - Söz yox ki, indiki şagirdlər 20-30 il
bundan əvvəlkilərdən tam fərqlidirlər. Onlar
öz fikirlərini söyləməkdə daha sərbəst
və müstəqildirlər. Biz valideynlər də, müəllimlər
də uşaqlara bir şəxsiyyət kimi yanaşmalıyıq.
Əlbəttə ki, müəllimlə valideyn arasında
səmimi bir əməkdaşlıq olmalıdır. Onu da
qeyd edim ki, vaxtilə mən özüm də bu
məktəbdə təhsil almışam. Buradakı
istər təlim-tərbiyənin səviyyəsi,
istərsə də müəllimlərin valideynlərə
səmimi münasibəti məni qane etdiyindən övladım
da məhz burada təhsil alır. Artıq qızım
Kəmalə VIII sinifdə oxuyur. Mən bir valideyn kimi qızımın
təhsili ilə yaxından maraqlanmaqla yanaşı,
məktəbin həyatında baş verən
proseslərdə yaxından iştirak etməyə çalışıram.
Hesab edirəm ki, məktəblə-valideyn
əlaqələri daim inkişaf etməli, genişlənməlidir. Müxtəlif fənlər üzrə
əyləncəli proqramların
keçirilməsi (ədəbi tamaşaların qurulması,
viktorinaların təşkil edilməsi), bunların təşkilinə
valideynlərin cəlb olunması və bilavasitə iştirakı
da, fikrimcə, bizlərin məktəblə
əlaqələrinin daha çıx olmasına gətirib çıxara
bilər. Bilirsiniz, ilk növbədə, valideyn özü
məktəblə əlaqə qurmaqda maraqlı olmalıdır. Azər Hətəmov (18 nömrəli orta
məktəbin Valideyn-Müəllim
Assosiasiyasının prezidenti): - Təhsilin keyfiyyətinə təsir
edən amillər sırasında ailə birinci yeri tutur.
Məhz buna görə də məktəbin
fəaliyyətinin təşkilində, idarə olunmasında,
təlim-tərbiyə prosesində valideynlərin fəal
iştirakının təmin olunması olduqca vacibdir. Bir
valideyn kimi öz təcrübəmə və bu
məsələ ilə əlaqədar apardığım
təhlillərə əsaslanaraq tam əminliklə
deyə bilərəm ki, hər bir valideyn öz övladının
gələcəyinə xüsusi diqqət göstərərək
məktəblə, müəllimlərlə
əlaqələri daha sıx və daha möhkəm qurarsa,
bu, onun övladının bilik səviyyəsinin yüksəlməsinə,
gələcəkdə ölkəmiz üçün layiqli
vətəndaş kimi yetişməsinə də bir
təkan verər. Mənim övladlarımın təhsil aldıqları
məktəblə, onların müəllimləri ilə sıx
əlaqələrimin nəticəsi buna bariz nümunədir.
Qeyd edim ki, valideyn-müəllim-şagird
əməkdaşlığı çox əhəmiyyətli
və olduqca vacib bir məsələdir. Bununla
əlaqədar olaraq məktəbimizdə də Milli
Valideyn-Müəllim Assosiasiyası yaradılıb. Bu
assosiasiyanın qarşısında duran əsas
məqsəd və vəzifələr valideynlərin,
ictimaiyyətin məktəbin həyatında rolunun artırılması,
xüsusən valideynlərin məktəbin idarə olunmasında
geniş iştirakının təmin edilməsidir. Məktəblə sıx
əlaqələri olan, oradakı proseslərdə yaxından
iştirak etməyə çalışan hər bir valideyn yaxşı
anlayır ki, son illər təhsildə gedən dəyişikliklər,
əldə olunan müsbət nəticələr,
məktəblərdə tətbiq olunan bir sıra
yeniliklər onun övladının yüksək təlim və
tərbiyə almasına yönəlib. Samirə KƏRİMOVA |