|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İnstitutda, ümumiyyətlə
ictimaiyyət arasında sadəcə olaraq "Budaq müəllim"
deyə müraciət
olunan akademik Budaq Əbdüləli oğlu Budaqov 1928-ci il
fevralın 23-də qədim Zəngibasar mahalının çobankərə
kəndində dünyaya göz açıb və ilk təhsilini doğulduğu
kənddə alıb. 1947-ci ildə
İrəvan Pedaqoji Məktəbində təhsilini
başa vurub, həmin il Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun coğrafiya fakültəsinə daxil olur.
1951-ci ildə institutu Stalin təqaüdü
ilə bitirən
B.Budaqov Moskvada SSRİ EA Coğrafiya İnstitutunda
geomorfologiya ixtisası üzrə aspiranturaya qəbul olub. O,
görkəmli geomorfoloq N.V.Dumitraşkonun rəhbərliyi altında
"Cənub-şərqi Qafqazın geomorfologiyası"
mövzusunda namizədlik dissertasiyasını
başa çatdırıb və 1955-ci ildə Moskvada uğurla müdafiə
edib. Elmi şuranın qərarı ilə
Budaq müəllimin namizədlik dissertasiyası 1957-ci
ildə monoqrafiya şəklində
çap olunub. Bu
əsər Azərbaycanın geomorfologiyasına dair ilk
monoqrafik əsər idi. Müdafiədən sonra Budaq müəllimin
fəaliyyəti Azərbaycan EA Coğrafiya İnstitutu
ilə bağlı
olub. *** Cənub-şərqi Qafqazın çox maraqlı
və mürəkkəb geoloji-geomorfoloji quruluşunu,
ərazinin geomorfoloji cəhətdən zəif
öyrənilməsini, eləcə də
geomorfologiya və geologiyanın bir sıra mübahisəli
məsələlərinin düzgün həll olunması üçün
unikal ərazi olmasını və
əldə edilən elmi nəticələrin alp qırışıqlıq
zonasına daxil olan digər dağlıq
ərazilərə də tətbiq
edilə bələcəyini nəzərə alaraq B.
Budaqov bu regionda tədqiqatlarını
davam etdirmişdir. O, ərazidə
yayılmış qədim və müasir buzlaşmaları
öyrənmiş, onların yaşı, yayılma arealı
və miqdarı haqqında
indiyə qədər mübahisəli olan
məsələlərə aydınlıq gətirmişdir.
O, 1965-ci ildə çapdan
çıxmış "Böyük Qafqazın Azərbaycan
hissəsinin müasir və qədim buzlaşmaları"
monoqrafiyasında Alp dağlarında dörd buzlaşma haqqında
Penk-Bryükner sxeminin mexaniki olaraq Böyük Qafqaza şamil
edilməsinin səhv olduğunu göstərmiş və
bunu faktik materiallarla
əsaslandırmışdır. B.Ə.Budaqov A.L.Reynqart,
L.N.Leontyev, S.A.Kovalevski və başqalarının Böyük
Qafqazda buzlaşmanın miqdarı haqqında fikirlərini
tənqid etmiş
və ərazidə dağ-dərə
xarakterli iki buzlaşmanın
(Qusar və Şahnabad)
olduğunu təklif etmişdir. Böyük Qafqazın cənub-şərq
hissəsində çox geniş yayılmış və
demək olar ki, hər il təsərrüfata böyük ziyan vuran
sel hadisəsi Budaq müəllimin əsas tədqiqat
obyektlərindən biri olmuşdur. O, 1959-cu ildən başlayaraq
bu problemin öyrənilməsi ilə
məşğul olmuş, sel hadisələrinin
genetik təsnifatını vermiş və sel ocaqlarını,
onların qidalanma mənbələrini müəyyənləşdirmişdir.
O, apardığı tədqiqatlara əsaslanaraq Böyük
Qafqazın cənub yamacında sellərin
zəifləməsi haqqında L.N.Leontyevin fikrini inamlı
surətdə rədd etmiş və
sübut etmişdir ki, ərazidə sel prosesləri
zəifləmir, əksinə, daha da
güclənir. Budaq Budaqov sellərin
güclənməsinin səbəblərini araşdırıb
müəyyənləşdirmiş və bu təbii
fəlakətlə mübarizə üçün səmərəli
tədbirlər təklif etmişdir. O, eyni zamanda sel
təhlükəsinə görə
respublika ərazisinin rayonlaşma
sxemini tərtib
etmişdir. B.Budaqovun ilk dəfə
olaraq Şahdağ massivində 3600 m yüksəklikdə
üst sarmat yaşlı dəniz çöküntülərini aşkar
etməsi ən yeni tektonikanın inkişafında mühüm
addım olmuş və tektonikanın
nəzəri sahələrinə
yenidən baxmağa imkan vermişdir ki, bu da ən
yeni tektonikanın inkişafına alimin qiymətli
hədiyyəsi olmuşdur. O, bu tədqiqatları ilə
Böyük Qafqaz dağlarının son 9 milyon
il ərzində əmələ gəldiyini sübut
etmiş və Qafqazın
yeni tektonik inkişaf mərhələsinin
başlanğıcını dəqiqləşdirmişdir. Keçmiş sovet respublikaları sırasında birinci olaraq 1956-cı ildə çapdan çıxmış "Azərbaycanın
geomorfoloji xəritəsi" nin
və 1959-cu ildə nəşr
olunmuş "Azərbaycanın geomorfologiyası" (rus
dilində) monoqrafiyasının müəlliflərindən
biri B.Budaqov olmuşdur. O, uzun müddət apardığı
tədqiqatların nəticəsi olaraq 1967-ci ildə
"Azərbaycanın Böyük Qafqaz hissəsinin
geomorfologiyası və yeni
tektonikası" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə etmiş və coğrafiya
elmləri doktoru elmi dərəcəsini almışdır. Akademik Budaqovun tədqiqatları ümumi
geomorfologiya, morfostruktur təhlil, paleogeomorfologiya, Dördüncü
dövr çöküntülərinin stratiqrafiyası, landşaftşünaslıq,
landşaftın geokimyası, yeni tektonika, paleocoğrafiya,
geologiya, toponimiya, torpaqşunaslıq, ekologiya, konstruktiv coğrafiya
və digər
sahələri əhatə edir. Respublikada geomorfologiya məktəbinin
əsas yaradıcılarından biri kimi akademik B.Ə.Budaqovun
respublikada landşaftşünaslığın (onun yaradıcılarından
biri kimi), toponimiyanın (Azərbaycan
və ingilis dilində çap
olunmuş "Türk uluslarının yer yaddaşı",
"Avrasiyanın türk adları" monoqrafiyalarını
qeyd etmək kifayətdir), Xəzərin
səviyyəsinin dövri tərəddüdü
məsələsinin, təbiətin mühafizəsi işinin
(respublikada ekoloji problemi qabaqcadan görərək), relyefin
estetikası məsələsinin (respublikada bu
istiqamətin yaradıcılarından biri kimi) və
bir çox başqa sahələrin inkişafında böyük
xidmətləri olmuşdur. O, coğrafiya və geologiya elminin görkəmli
nümayəndələri ilə sıx əməkdaşlıq
etmiş, onlarca elmlər namizədi və elmlər doktoru
yetirmişdir. Akademik B.Budaqov respublika və xarici ölkələrdə yüzlərlə
(1000-dən çox) məqalə, monoqrafiya və
xəritələr nəşr etdirmiş, respublika
və xarici ölkələrin
medalları və mükafatları ilə təltif
edilmişdir. Budaq müəllimin
yetirmələri Qazaxıstan, özbəkistan, Türkmənistan,
Qırğızıstan, Dağıstan respublikalarında,
İran İslam Respublikasında
uğurla çalışırlar. O, 1987-ci ildən
Azərbaycan Milli Elmlər Akademiyasının bu gün
akademik H.Ə.Əliyevin adını daşıyan Coğrafiya
İnstitutunun direktorudur. Akademik B.Budaqov Respublika Coğrafiya
Cəmiyyətinin prezidenti, bir çox xarici ölkələrin coğrafiya
cəmiyyətlərinin üzvi,
respublika və xaricdə çıxan bir sıra
qəzet və jurnalların redaksiya heyətinin üzvidir. O, vətəndə
və xarici ölkələrdə keçirilən çoxlu
sayda konfranslarda, simpoziumlarda, elmi yığıncaqlarda,
beynəlxalq ekspedisiyalarda fəal iştirak etmiş və
təşkilatçılarından olmuşdur. Akademik B.Ə.Budaqovun - H.Ə.Əliyev,
A.A.Qriqoryev, İ.P.Gerasimov, K.K.Markov, A.F.Treşnikov, M.A.Topçubaşov,
Ş.F.Mehdiyev, Ə.Ş.Şıxəlibəyli, Q.G.Gül,
Z.M.Bünyadov, H.B.Zərdabi, Əziz Əliyev, çokan
Vəlixanov, Vaxuşti Baqrationi, N.V.Dumitraşko, Ə.M.Şıxlinski,
Şıxəli Qurbanov və bu kimi görkəmli alim və
ictimai xadimlərin xeyirxahlığına minnətdarlıqla
həsr olunmuş "Elmin yanar şamları" kitabını
xüsusi qeyd etmək lazımdır. B.Budaqovun təbiət və
şeriyyət, relyefin gözəlliyi, təbiət
abidələri və insan
mövzusunda nəşr
etdirdiyi dərin
mənalı və məzmunlu məqalələri,
publisistik yazıları, şübhəsiz ki, onun
ədəbi istedada, incə zövqə
malik olmasının əsas göstəriciləridir. Budaq Budaqovun "Mənim doğma vətənim", "çobankərə
eli", "XX əsrin erməni burulğanı"
əsərləri, silsilə
məqalələri və bir sıra
başqa yazıları öz doğma-əziz torpaqlarını
itirmiş insanın qəlb ağrılarının
tərənnümüdir. Bu yazılarda erməni təcavüzü,
həmvətənlərin kütləvi qırğını,
ermənilərin Azərbaycan, ümumiyyətlə türk xalqına
qarşı qəddarlığı
ittiham edilir, pislənir. Görkəmli alim orta və ali
məktəblər üçün dərsliklərin hazırlanmasında,
proqramların tərtibində bilik və tövsiyələrini
əsirgəməyib. ömrünü coğrafiya elminin inkişafına
həsr etmiş alim 80 yaşında da ictimai
fəaliyyət göstərir, respublika Ağsaqqallar şurasının
sədridir. Xalid TANRIVERDİYEV, coğrafiya elmləri doktoru, Aydın SƏFƏROV, coğrafiya elmləri namizədi |