· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Məktəb direktorları üçün İKT kursları yaxın günlərdə fəaliyyətə başlayacaq

ötən ilin sonlarında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində aparılan monitorinqin nəticələri təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinin məktəb rəhbərliyinin kompüter savadından asılı olduğunu göstərdi. Məhz bu səbəbdən təhsil sistemində kadrların həmin sahə üzrə bilik və bacarıqlarının minimum səviyyəsini müəyyənləşdirən meyarların hazırlanması və məktəb direktorları üçün kursların təşkil edilməsi qərara alınıb. Artıq təhsil nazirinin buna müvafiq əmri verilib.

Həmin əmrə əsasən həyata keçiriləcək tədbirlərlə əlaqədar nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqova müraciət etdik. Onun bildirdiyinə görə, əmrin verilməsindən keçən müddət ərzində şöbədə təhsil sistemində kadrların İKT üzrə minimum bilik və təcrübəyə malik olması üçün təyin olunan meyarlar hazırlanıb və buna uyğun proqramların tərtib edilməsi məqsədilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna göndərilib. Meyarlar ECDL-ə (beynəlxalq miqyasda qəbul olunmuş kompüter savadı standartı) əsasən nisbətən sadələşdirilmiş variantda hazırlanıb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müəyyən olunmuş tələblərə uyğun biliklərə təkcə təhsil işçiləri deyil, informasiya cəmiyyətinin hər bir üzvü yiyələnməlidir. Bura kompüterin əsas komponentlərinin təyinatını, fayl və qovluq anlayışlarını bilmək, elektron poçtdan istifadə üzrə təsəvvürə malik olmaq və s. aiddir.

İ.Sadıqov daha sonra məlumat verdi ki, İKT ilə təminat proqramının idarəetmə qrupu ilə birlikdə kurslarda dərs deyəcək yüksək bacarıqlara malik müəllimlərin siyahısı hazırlanaraq Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna təqdim olunub. Müəllimlər bu kurslara əsas iş yerlərində əməkhaqqının saxlanılması ilə cəlb olunur.

Bundan başqa, Bakı və Sumqayıt şəhərlərinin məktəb direktorlarının və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşlarının dəqiqləşdirilmiş siyahısı və kurslardan keçmə qrafiki də tərtib olunur. Dərs ilinin sonunadək İKT üzrə təlim kurslarından 400-dək təhsil işçisinin keçəcəyi nəzərdə tutulur. Əmrdə göstərildiyi kimi, bu kurslar 3 mərhələdə aparılacaq və proqrama uyğun olaraq 10 gün müddətində davam edəcək.

Məktəb direktorları işdən ayrılmamaq şərtilə məşğələlərə günün I və ya II yarısında gələcəklər. İKT üzrə müəyyən qabiliyyət və biliyi olanların isə müntəzəm iştirakı məcburi deyil. Lakin onlar da kursun sonunda imtahan verdikdən sonra sənəd ala bilərlər. Yaxın günlərdə ilk mərhələnin məşğələləri başlanacaq.

Hicran ƏKBƏROVA