· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

İnternetin təhlükəli cəhətlərindən necə qorunmalı?

İnternet indi təkcə iş üçün deyil

İnternetə ümumdünya hörümçək toru deyilir. Əzəldən İnternet yalnız iş məqsədilə yaranıb. Bu, hər yeri əhatə edən xaker, geymer, fişerlərin (qanunsuzluqlar edən, ziyan vuran, dağıdan mənasındadır) İnterneti işğal etməsindən xeyli əvvəl idi. Bir çox uşaqlar, yeniyetmələr valideynlərin və yaxınlarının əsəbləşməsinə, qıcıqlanmasına baxmayaraq, bütünlüklə virtual aləmə daxil olaraq asudə vaxtının çox hissəsini İnternetdə keçirirlər. Əgər bunu böyüklər belə edirsə, onda uşaqlar haqqında nə demək olar? Onlar heç də virtual aləmə qapanmaqdan imtina etməz. Onlar bu aləmdə nə ilə məşğul olur və bunun onların gələcəyinə təsiri necə olacaq? Məqsədimiz məhz elə bu kimi problemləri araşdırmağa çalışmaqdır.

İnternet müxtəlif saytlarla zəngindir. Onların baxılması uşaqların psixikasına mənfi təsir göstərir. Böyüklərdən fərqli olaraq, uşaq psixikası hər şeyi daha həssas qəbul etməklə baş verənləri, müxtəlif informasiyaları daha tez mənimsəyir.

 

Qadağa uşağı İnternetdən ayırmaq üçün faydalı üsul deyil

Bu, təkcə valideynlərin tez-tez forumlarda müzakirə etdiyi pornosaytlara aid deyil, həm də kompüter oyunlarına aiddir. Son vaxtlar bu oyunlar o dərəcədə reallıq kəsb edir ki, uşağın ekranda baş verənlərə asanlıqla inanmasına səbəb olur. Beləliklə, kövrək uşaq şüurunda bu kimi neqativ hallar baş verir. Belə oyunlar animasion (uydurma, fantastik) oyunlardır. Uşağın bir neçə saat ardıcıl animasion oyunların eybəcərliklərinə tamaşa etməsi onun şüurunda real və virtual aləmlərin hədlərinin getdikcə pozulmasına səbəb olur. Uşaqlar həmyaşıdları və yaxınlarına qarşı hirsli və qəddar olmağa başlayır. Bu oyunların uşaqlarda qəddarlıq aşılaması dəfələrlə təsdiqlənib. Valideynlərin və yaxınların uşağı güclə sıx elektron tordan dartıb çıxarmağa çalışması isə çox zaman bir fayda vermir. Bu çalışmalar isə, bir qayda olaraq, danlaq, cəzalandırma, zor tətbiqi, yəni dədə-baba üsulları ilə olur. Psixoloqlar hesab edir ki, onlayn-oyunlara son dərəcə meyillənən, ona vərdiş edən uşaqları danlamaq, döymək və bu oyunlardan birdəfəlik imtina etməyə məcbur etmək heç bir nəticə vermir. Lakin bu hərisliyə uşağın keçid dövrünün növbəti problemli mərhələsi sayaraq, tamamilə etinasız yanaşmaq da səhv addım sayılır. Məsələ burasındadır ki, "fağır, zərərsiz" xobbi (vərdiş) getdikcə asılılığa çevrilir ki, bu asılılığı hətta xəstəlik də adlandırmaq olar. Xəstəliyin qarşısını almaq isə onu müalicə etməkdən daha səmərəli və asandır. Bu "xəstəliyin" də elə ilkin mərhələdə qarşısını almaq, yolunu kəsmək  lazımdır. Əgər müəyyən səbəblərdən həmin məqamı əldən buraxmısınızsa, deməli "xəstəliklə" mübarizə etməli olacaqsınız. Bu asılılıqla mübarizə yollarının bir neçəsini diqqətinizə təqdim edirik.

 

İnternetə marağı daha güclü maraq azalda bilər

İlk növbədə, qarşınızda artıq formalaşmış psixikalı böyük insan deyil, çox həssas psixikalı, tez-tez dəyişkənlik həvəsində olan bir uşağın olmasını yaddan çıxarmamalısınız. Odur ki, düzgün və məntiqli yanaşma ilə onu başqa bir şeylə maraqlandırmaq lazımdır. Uşağınızın virtual "reallığın" sirli aləminə baş vurmazdan əvvəl nə ilə maraqlandığını yadınıza salın və onu daha faydalı bir məşğuliyyətə cəlb etməyə çalışın.

Yeri gəlmişkən nəzərinizə çatdıraq ki, uşağın ümumdünya İnternet toruna coşqun, çılğın marağı həmişə əndişə, ehtiyat hissi doğurmamalıdır. Bir çoxları hər ikinci yeniyetmədə olan adi ənənəvi xobbini asılılıqla səhv salırlar. Amma hər halda, evinizdə İnternetə qoşulmuş kompüter varsa, uşağın ona aludə olmamasına nəzarət etməyiniz zəruridir. Unutmayın ki, kiberasılılıq (hədsiz asılılıq) qurbanına çevrilmiş uşağın ilk əlamətləri onun sizə, ətrafdakılara, həm də dərslərinə etinasız, laqeyd yanaşmasıdır. Siz isə getdikcə uşağınızın həmyaşıdları ilə ünsiyyətdə, danışıqda istifadə etdiyi  "möhtəşəm, yenilməz" dili anlamırsınız.

 

İnternetə hədsiz aludəlik onurğa sistemi və görmə ilə bağlı problemlər yaradır

Şübhəsiz ki, onlayn-da uzunmüddət olması və yaxın adamların bundan ciddi narazılığı, ilk növbədə,  asılılıq qurbanına çevrilən uşağın psixikasına ciddi mənfi təsir göstərir. Lakin həkimlərin təcrübəsi bu asılılıqdan, orqanizmin risq altına düşməsini  təsdiqləyir. Belə ki, oturaq həyat tərzi insanın onurğa sisteminin müxtəlif problemlərilə üzləşməsinə gətirib çıxardığı halda, sizcə, böyüməkdə, inkişaf etməkdə olan yeniyetmə haqqında nə demək olar? Bu azmış kimi, bir çox kompüterçilər İnternetdə gecə saatlarında olmağa üstünlük verir, həmin məşğuliyyətə gecənin 8-10 və hətta daha çox saatını sərf edir. Bu isə görmə qabiliyyətinə ciddi mənfi təsir göstərmək iqtidarındadır. Bütün bunların nəticəsi olaraq, beli əyilmiş, gözü zəif görən və yalnız öz şəxsiyyətinə pərəstiş edən böyüməkdə olan nəslin nümayəndələri ərsəyə gələcək.

Lakin problem yalnız "mədəni uşağ"ınızın sutkalarla misilsiz İnternet aləminə baş vurub orada xarüqələr yaratmasında deyil. Əsas odur ki, üzərində "18 yaşdan kiçik uşaqlara qadağandır" möhürlü saytlardan istifadənin qarşısını ala biləsiniz.

 

Məktəblərdə təlimatlandırma işləri lazımi səviyyədə aparılmalıdır

Hələlik bu bəladan yüz faizlik qorunma  vasitələri yoxdur. Yalnız nəzəriyyədə haradasa mövcud olan bir qrup proqramçı var ki, gecə-gündüz maraqlı və hər şeyin həvəsində olan balaların pornosaytlara daxil olmamasına nəzarət edir. Heç məktəblərdə də bu mövzuya aid təlimatlandırma işləri lazımi səviyyədə aparılmır. Odur ki, uşağınızın marağını nəyə cəlb etməniz barədə yaxşı-yaxşı düşünməlisiniz. Uşaqların diqqətini metodik sənədlərdə tövsiyə olunan müəllim simasında insan faktoruna cəlb etmək çox önəmlidir. Valideynlərin işləməsini və saatlarla evdə olmamasını nəzərə almaqla, evdə belə təcrübələr daha məsuliyyətli və faydalıdır. Düzdür, valideyn evdədirsə, uşağın ona qadağan olunan sayt və oyunlara daxilolma ehtimalı, risqi sıfır dərəcəsindədir. Hələlik isə pornosaytlara giriş bütün maraqlananlar üçün  sərbəst və açıqdır. İnanmırsınızsa, özünüz şahidi ola bilərsiniz. İstənilən axtarış sistemində pornosayt tapmaq çox asan bir işdir. Götürək "google" saytını. Pornoqrafiya axtarışı zamanı 40 səhifəyə yaxın istənilən zövqdə pornosayt tapmaq mümkündür. Maraqlısı odur ki, bu sayt istifadəçilərindən heç bir məlumat, qeydiyyat tələb olunmur, sadəcə, istədiyiniz şəklin üstünə vurun, baxın, kompüterinizə köçürün və s. Hətta  saytda qeydiyyat tələb olunursa belə, bu amil heç nəyi dəyişmir. İstənilən saytda qeydiyyat olunmaqdan asan nə var ki? Yaş bölməsində 18 və ya ondan yuxarı yaşı yazmaqla artıq istənilən saytın istifadəçisi olursan. Dünyada milyonlarla İnternet istifadəçisinin doğum və s. məlumatlarını yoxlayan kimdir? Bəzi portallarda yaşın bu saytlara daxil olması üçün yetərli olmasının təsdiqi kimi, uşaq atasının kredit kartının nömrəsini daxil edir. Kredit kartın nömrəsinin həqiqi olması "sayt nəzarətçiləri"nə məlumatın düzgün olmasına dəlalət edir.

 

Yaşı təyin edən cihaz

Lakin bütün ölkələrdə bu kimi fırıldaqlar mümkün deyil. özünə artıq yaş yazan şəxslər hər zaman istədiyinə nail olub, asanlıqla "böyük həyatı"na baş vura bilmir. Məsələn, Norveçdə xüsusi cihaz var ki, yaşı çatmayan uşağın ona qadağan olan saytlara daxil olmasının qarşısını alır. İsrail firması olan "İ-Mature"nin təchizat sistemi  insanın yaşını yumruğundan təyin edir. Bu cihazlar insanın orta barmağının sümüyünün uzunluğunu ölçür və bu sümük lazımi dərəcədə möhkəm olmazsa, senzo-proqram aktivləşir. Bu cihazları hazırlayanların dediyinə görə, 100 faiz hallarda cihaz yaşı tamamilə düzgün təyin edə bilir.

Hazırda böyüməkdə olan nəsil, əksər hallarda, İnternet şəbəkəsinə nizamsız, səhlənkar yanaşır. Bu onların özlərini məsuliyyətli işlə yükləməməsilə müşahidə olunur. Məsələn, bir çox gənc xakerlər özgə şəxslərə, saytlara  məxsus olan  musiqi, şəkil və s.-ni tamamilə cəzalanmadan oğurlamağa nail ola bilir. Belə fəaliyyət uşağınızı sonu cinayət çəkişmələri, məhkəmələrlə bitən nəticələrə gətirib çıxarmaq iqtidarındadır. Məhz belə halların qarşısının alınması məqsədilə, İnternet istifadəçisi olan övladınıza bəzi qaydalar tətbiq etməniz önəmlidir.

 

Uşaqlarla söhbət müsbət təsir göstərə bilər

Uşağın İnternetdən istifadə və davranmasına sizin onlarla birgə söhbət, fikir mübadiləsi etməniz də müsbət təsir etmək iqtidarındadır. Əsası odur ki, övladınıza real və qeyri-real (virtual) aləmlərin bir-birindən fərqlənməsini və onları bir-birilə eyniləşdirməyin düzgün addım olmadığını vaxtında başa salıb anlatmağınızdır. Misal üçün, hansısa saytda qeydiyyat zamanı özü haqda bütün məlumatları  - ev telefonu, ünvan, soyadı, ad və s. qeyd etmək olmaz. Bu,  ilk növbədə, özünə və ailəsinə hörmət edən bir kəsin təhlükəsizlik tədbirlərindən sayılır.

Bundan əlavə, uşağın ümumdünya İnternet torunda olmasını məsləhət bildiyiniz müəyyən şərtlərlə, gündə 1,5-2 saatla məhdudlaşdırmaq olar. Bunu isə kompüter evinizə gələn andan hesablamaq önəmlidir. Sonradan valideynin oturub İnternetdə mövzu ilə əlaqədar hər hansı yardım, məlumat  axtarması artıq gec ola bilər.

 

İnternetlə ünsiyyətin monitorinqi ilə bir çox problemlərin qarşısını almaq olar

İnternetdə uşaqlar və gənclərin vaxtının çox hissəsini qurban verdiyi bir sahə də var.  Bu, müxtəlif bloq və forumlar, çat və ünsiyyət sistemləridir ki, istifadəçi buna real həyatda olan söhbət və yığıncaqlardan daha çox vaxt səfr edir. İlk baxışda burada qəbahət və qeyri-adi heç nə yoxdur. Adi ünsiyyətdir, uşaq yaradıb, qoy dünya ilə ünsiyyətdə olsun, burada nə var ki? Lakin bu forumlar kimi, orada müzakirə olunan mövzuların da müxtəlif səpkili olduğunu nəzərə alanlar isə azdır. Hər şeydən əlavə, virtual ünsiyyət zamanı öz həmsöhbətini görmədən ona adi həyatda cəsarət etmədiyin məlumatları vermək, onunla istənilən mövzuya toxunmaq heç bir çətinlik törətmir.

Əslində, uşaqlarınıza təhlükəli olan İnternetlə bağlı bir çox problemlərin qarşısını İnternet-ünsiyyətin monitorinqilə almaq mümkündür. Həmçinin, onların hansı saytlara daxil olmasını, İnternetdən ibrətamiz elmi, fəlsəfi, psixoloji, incəsənət, tarixi və s. məlumatlarla maraqlanmasını, yaxud da pornosaytların yenilikləri ilə tanış olmalarını da yoxlaya bilərsiniz. Uşağa uzunmüddət sürən, onu bezdirən  suallar vermək, cəzalandırmaq, hətta döymək də tərbiyə üsullarına daxil ola bilər. Lakin, əziz valideyn və müəllimlər, bu üsullara müraciət etməzdən əvvəl qarşınızdakının hədələnmiş, qorxaq bir heyvan deyil, böyüməkdə, inkişaf etməkdə və sizə, məsləhətinizə, dəstəyinizə, ünsiyyətinizə, nəvazişinizə ehtiyacı olan bir insan olduğunu qətiyyən unutmamalısınız! Tərbiyə üsullarında məhz bunları əsas götürün.

Rusiyanın www.content-filterinq.ru saytının materialları əsasında hazırlanıb.