· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Mehriban ƏLİYEVA: "Heydər Əliyev Fondu yaradılan ilk gündən təhsilə diqqəti öz fəaliyyətinin ən prioritet istiqaməti kimi elan edibdir"

 

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarının bir qrupu oktyabrın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

Konfrans iştirakçıları ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli liderimiz təhsilin, elmin inkişafına həmişə böyük diqqət yetirmişdir.

Qonaqlar sonra Heydər Əliyev Fondu haqqında filmə baxdılar.

* * *

Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə konfrans iştirakçılarının görüşü oldu.

Mehriban ƏLİYEVA qonaqlara müraciətlə dedi:

- Hörmətli qonaqlar, ilk növbədə, sizi Azərbaycanda salamlayıram. Heydər Əliyev Fonduna xoş gəlmişsiniz.

İSESKO-nun Baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tüveycrini xüsusi salamlayıram və onu ölkəmizdə yenidən görməyə çox şadam. Əminəm ki, İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı uğurlu olacaq, səmərəli keçəcək və gələcəkdə ölkələrimizin bu sahədə daha da uğurlu inkişafına öz layiqli töhfəsini verəcəkdir.

Bildiyiniz kimi, indi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. İqtisadi artım baxımından Azərbaycan dörd ildir ki, dünyanın lider ölkəsidir və bütün bu inkişaf, demək olar, həyatımızın bütün sahələrində özünü göstərir. ölkədə son beş il ərzində 700 mindən artıq yeni iş yeri açılıbdır. Hər bir sahədə inkişaf gedir, yeni yollar tikilir. ötən beş ildə ölkədə 1500-dən artıq yeni məktəb tikilibdir. Əlbəttə, sosial problemlər öz həllini tapır. Son bir neçə ildə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmışdır. Beş il ərzində ölkənin büdcəsi on dəfədən çox artmışdır.

Əlbəttə, bunlar hamısı ölkəmizin qarşısında gözəl perspektivlər açır. Bu baxımdan təhsil dövlət siyasətində ən vacib, ən önəmli bir istiqamətdir. Artıq bu gün hamı üçün aydındır ki, hər bir dövlətin ən böyük sərvəti onun intellektual potensialıdır. Məhz buna görə də indi ölkədə təhsil sahəsində bir çox irimiqyaslı layihələr həyata keçirilir. Mən qeyd etdiyim kimi, son illərdə 1500 yeni məktəbin tikilməsi, bir sıra ali məktəblərin təmiri və onların maddi-texniki bazasının yeniləşdirilməsi, dövlətin dəstəyi ilə ölkəmizin 1000-dən artıq tələbəsinin dünyanın ən qabaqcıl ali məktəblərində oxumaq imkanı alması buna misaldır. Bütün orta məktəblərdə kompüterləşmə gedir, məktəblər ən müasir avadanlıqla təmin olunur.

Bir sözlə, bugünkü gənclərin təhsili üçün ölkədə böyük imkanlar açılır və bizim məqsədimiz ölkəmizdə dünyada ən yüksək standartlara cavab verən təhsili təmin etməkdir. Əminəm ki, bugünkü konfrans da bu sahədə öz töhfəsini verəcəkdir. Bilirəm ki, bu konfransa bir çox ölkədən qonaqlar gəliblər və yəqin ki, Azərbaycanın bu sahədə uğurları, təcrübəsi onlar üçün maraqlıdır və konfransda təhlil olunacaqdır. Eyni zamanda bizim üçün də başqa ölkələrin bu sahədəki uğurları çox faydalı və maraqlıdır.

Qeyd etmək istəyirəm ki, son illər İSESKO ilə Heydər Əliyev Fondu arasında çox sıx əməkdaşlıq var. Biz həm təhsil sahəsində, həm də digər sahələrdə artıq bir neçə birgə layihə həyata keçirmişik. Bu ilin iyun ayında İSESKO-nun və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın paytaxtında - Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda böyük bir konfrans keçirildi. Əlbəttə ki, biz bu konfransda da təhsil məsələlərinə çox ciddi fikir vermişdik. Konfrans çox böyük əks-səda doğurmuşdur və biz belə qərara gəldik ki, bunu ənənəvi şəkildə, hər iki ildən bir Bakıda keçirək. Yəni bizim bu sahədə İSESKO ilə işimiz davam edir və əminəm ki, gələcəkdə birgə daha yeni, çox layihələr həyata keçirəcəyik.

Mən sizi bir daha Azərbaycanda salamlayıram, sizi görməyə çox şadam və konfransın işinə böyük uğurlar arzulayıram.

Heydər Əliyev Fondu yaradılan ilk gündən təhsilə diqqəti öz fəaliyyətinin ən prioritet istiqaməti kimi elan edibdir. Bu sahədə bir çox layihələr həyata keçirmişik. Mən bu gün çox fəxr hissi ilə demək istəyirəm ki, ilk 200 yeni məktəb məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Sonradan dövlət bu təşəbbüsü dəstəkləyib, yeni tikilən məktəblərin sayı artıq 1500-ə çatmışdır. Yəqin ki, siz filmdə bizim fəaliyyətimiz barədə ətraflı məlumat aldınız. Ona görə mən bu barədə çox danışmaq istəmirəm. Demək istəyirəm ki, Heydər Əliyev Fondu həm təhsil sahəsində, həm də digər sahələrdə, ölkələrimizin inkişafı üçün faydalı olan istiqamətlərdə hər bir beynəlxalq təşkilatla, ölkə ilə sıx əməkdaşlığa həmişə hazırdır. Təşəkkür edirəm. Bir daha sizə uğurlar arzulayıram.

* * *

Qonaqpərvərliyə görə konfrans iştirakçıları adından minnətdarlıq edən İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondu ilə yüksək səviyyədə olan əməkdaşlığından danışdı, bu sahədə İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolunu vurğuladı.

İslamın sülh və əmin-amanlıq, elm, təhsil, müasirlik dini olmasının dünyada daha geniş tanıdılması məsələsinə toxunan İSESKO-nun Baş direktoru Mehriban xanımın fəaliyyətinin bu istiqamətdə nümunə olduğunu dedi.

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının əhəmiyyətini vurğulayan Baş direktor bu cür tədbirlərin islam dünyasında elmə, təhsilə, tərəqqiyə verilən diqqətin göstəricisi olduğunu bildirdi.

Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın İslam dünyasında oynadığı rolu xüsusi vurğulayaraq, Bakı şəhərinin 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunduğunu xatırlatdı. O, əmin olduğunu bildirdi ki, İSESKO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.

İSESKO-nun xoşməramlı səfiri statusunu daşımağın şərəfli olduğunu deyən Mehriban Əliyeva gələcəkdə Heydər Əliyev Fondunun İSESKO ilə birgə fəaliyyətinin, xüsusilə İslamın əsl dəyərlərinin dünyada tanıdılması işinin genişlənəcəyini bildirdi.

İKT-nin üzvü olandan sonra Azərbaycanın bu qurum çərçivəsində fəal iş apardığını xatırladan Mehriban xanım bildirdi ki, təşkilata üzv ölkələrin xarici işlər, turizm nazirlərinin Bakıda iclasları keçirilmişdir, hazırda isə ali təhsil və elm nazirlərinin konfransı davam edir. Bu konfrans əlaqələrimizin inkişafına töhfə verəcəkdir.

Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlərə toxunan Mehriban xanım Fondun bu istiqamətdəki beynəlxalq layihələrindən danışdı. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanın Müzəffərabad şəhərində qızlar üçün müasir tələblərə cavab verən yeni məktəb binasının tikildiyini bildirdi.

Mehriban xanım vurğuladı ki, Heydər Əliyev Fondu bu istiqamətdə İSESKO ilə əməkdaşlığa hər zaman hazırdır və Fond gələn il İslam mədəniyyəti ili çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştirak edəcəkdir.

 

AzərTAc