· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Astarada 6 yeni məktəb tikilir

Astara Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda bu il dövlət vəsaiti hesabına 6 məktəb üçün yeni bina tikilir. Onların hamısı kənd məktəbləridir. Rayonun Şahağacı 2 nömrəli, Rinə, Səncərədi kənd orta məktəblərinin hər biri üçün tikilən 360 şagird yerlik yeni binalarda indi son tamamlama işləri görülür və bu işlər yeni dərs ilinədək başa çatdırılacaq. Marzasəy kənd əsas məktəbi üçün tikilən 180 şagird yerlik yeni bina da "Bilik günü"ndə təhvil veriləcəkdir. Burada aparılan tikinti işləri artıq yekunlaşmaq üzrədir.

Pensər kənd 2 nömrəli məktəb-liseyi üçün nəzərdə tutulmuş 480 şagird yerlik yeni binada da tikinti-quraşdırma işləri sürətlə aparılır. Hazırda binanın dam örtüyü vurulur. Məktəbdə inşaat işləri ilin sonunadək başa çatdırılacaq. Bu il rayonda tikilən ən böyük məktəb isə Pəlikəş kəndində olacaq. 640 şagird yerlik həmin binada inşaat işlərinə yenicə başlanıb.

Rayonda təhsil ocaqlarının təmirinə də ciddi fikir verilir. Hazırda şəhər 3 nömrəli orta məktəbdə dövlət vəsaiti hesabına əsaslı təmir işləri aparılır. Sentyabrın 15-də 680  şagird yerlik bu məktəb də əsaslı təmirdən sonra öz qapılarını şagirdlərin üzünə açacaqdır.

Yeni dərs ili ərəfəsində rayonda daha bir yeni məktəb binası təhvil veriləcək. Bu, ötən ilin planında olan və tikintisi artıq başa çatmış Şiyəkəran kənd 2 nömrəli orta məktəbidir. 420 şagird yerlik məktəb binasının yeni dərs ilinin ilk günündə təntənəli açılışı gözlənilir.

Y.ƏLİYEV

 

 

 

 

Azərbaycanlı müəllimlər Türkiyədə yapon texnologiyasını öyrənəcəklər

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə bu ilin noyabrından başlayaraq Azərbaycanın peşə liseylərinin 30 müəllimi İzmirdəki Mazhar Zorlu Anadolu Texniki Liseyində Yaponiya lisenziyalı robot texnologiyasını öyrənəcək. 84 min avro dəyərində bu layihə çərçivəsində yaponiyalı mütəxəssislər robot texnologiyası ilə yanaşı, sənayenin avtomatlaşdırılması və mexatronik texnologiyaları öyrədəcəklər. ölkəmizi təmsil edəcək müəllimlər elektrik, elektronika, kompüter və toxuculuq maşınları mütəxəssisləri arasından seçiləcəkdir. Tədris müddəti üç ildir.

TİKA və Türkiyənin Milli Təhsil Nazirliyi Azərbaycandan sonra bu layihəni digər türkdilli dövlətlər üçün də reallaşdıracaqdır.

 

 

 

 

Bakı məktəblərinin birinci siniflərində 28 min 500-dək şagird təhsil alacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzərTAc-a bildirmişlər ki, 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq şagirdlər dərsliklərlə təmin ediləcəklər.

Bu il BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrinin birinci siniflərində 28 min 500-dək şagirdin təhsil alacağı gözlənilir.

 

 

 

 

Bakının ümumtəhsil məktəbləri vahid İnternet şəbəkəsinə qoşulacaq

2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı çərçivəsində yeni tədris ilindən Bakı şəhərinin ümumtəhsil məktəblərinin vahid İnternet şəbəkəsinə qoşulması nəzərdə tutulmuşdur. Layihənin dərs ili boyunca həyata keçirilməsi planlaşdırılır.

Yeni dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində əsaslı təmir işləri aparılmaqla yanaşı, mövcud şagird sıxlığı nəzərə alınaraq, əlavə sinif otaqları da tikilir.

Paytaxtın 29 məktəbində 12200 şagird yerlik 603 əlavə sinif otağı inşa olunur.