|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ali məktəblərə qəbul olunanların adları açıqlandı Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasından AzərTAc-a bildirmişlər ki,
2008-2009-cu tədris ili üçün respublikanın ali
məktəblərinə keçirilən qəbul imtahanları
nəticəsində müsabiqə şərtlərini ödəyən
abituriyentlərin İnternet vasitəsilə ixtisas seçimi
avqustun 5-də gecə saat 00:00-da başa çatmışdır.
Ali təhsil müəssisələrinə
yerləşdirmənin nəticələri avqustun 6-da saat
16.00-da TQDK-nın İnternet saytında verilmişdir.
Abituriyentlər ali məktəblərə qəbul
olunub-olunmamaları barədə məlumatı mobil
telefonla "İmtahancell" xidməti vasitəsilə
də öyrənə bilərlər. Bunun üçün onlar iş
nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.
Bu il ali məktəblərə ayrılmış
28 min 132 plan yerinə 26 min 571 nəfər qəbul olunmuşdur.
Ali təhsil müəssisələrinə qəbul olunanların
siyahısı avqustun 7-də "Abituriyent" jurnalının
5-ci nömrəsində dərc ediləcəkdir. Tələbə adını qazananlar
avqustun 11-dən 21-dək sənədlərini daxil olduqları
təhsil müəssisəsinə təqdim etməli, TQDK
tərəfindən ali məktəblərə təqdim
olunmuş qəbul olunanların siyahısında imza
etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən
edilmiş müddətdə qeydiyyatdan keçməmək
abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən
imtina etməsi kimi qiymətləndiriləcək və
onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Dövlət Neft Şirkəti bu il 22 tələbəni xaricə təhsil almağa göndərəcək Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Təqaüd Proqramı çərçivəsində
bu il daha 22 tələbə xarici ölkələrin ali
təhsil ocaqlarında oxumağa göndəriləcəkdir.
Dövlət Neft Şirkətindən bildirmişlər
ki, artıq həmin tələbələrin 5
nəfərdən ibarət ilk qrupu Almaniyaya yola salınmışdır.
Onlardan 4-ü ikiillik magistr dərəcəsi, 1-i isə üçillik
bakalavr pilləsi üzrə müxtəlif universitetlərdə
oxuyacaqdır. Əvvəlcə Berlində iki aylıq
kurslara cəlb olunacaq bu tələbələr,
əsasən, iqtisadiyyat və neft mühəndisi ixtisası
üzrə təhsil alacaqlar. Növbəti 2 qrupun yola salınması
isə avqustun axırı, sentyabrın
əvvəllərinə planlaşdırılır. Onlar
Almaniya ilə yanaşı, Fransa, Böyük Britaniya, Hollandiya
və Amerikanın nüfuzlu universitetlərinə göndəriləcəklər.
Şirkətin 2006-cı ildən həyata keçirdiyi Təqaüd Proqramı çərçivəsində hazırda 29 tələbə təhsilini xaricdə davam etdirir. Artıq onlardan 4-ü Vətənə qayıtmış və ixtisasları üzrə işlə təmin olunmuşdur.
Beynəlxalq elmi-praktik konfrans keçiriləcək Oktyabrın 7-də Ukraynanın Vinnitsa
şəhərində "İnternet-Elm-Təhsil -
2008" mövzusunda altıncı beynəlxalq elmi-praktik
konfrans keçiriləcəkdir. Vinnitsa Milli Texniki Universitetində keçiriləcək
tədbirin təşkilatçıları Bakı Dövlət
Universiteti, Rumıniyanın Stefan çel Mare Universiteti və
Ukrayna İnformasiya Texnologiyalarına Dəstək və
Onların İnkişafı Assosiasiyasıdır. Konfransın məqsədi elm, təhsil
və sənayedə informasiya texnologiyaları və İnternetdən
istifadənin son elmi və praktik nəticələrini müzakirə
etmək, yeni əlaqələrin qurulmasına nail olmaq
və gəncləri elmi axtarışlara cəlb
etməkdir. AzərTAc İstedadlı uşaqlar üçün yay təlim - istirahət düşərgəsi açılıb Avqustun 4-də paytaxtın Şüvəlan
qəsəbəsindəki 16 nömrəli internat
məktəbin bazasında ümumtəhsil
məktəblərinin xüsusi istedada malik şagirdləri
üçün yay təlim-istirahət düşərgəsi açılıb.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən
təşkil olunmuş düşərgədə hazırda
43 uşaq dincəlir. Təhsil Nazirliyi Kənd rayonları üzrə
ümumi təhsil və məktəbəqədər
tərbiyə şöbəsinin müdiri Aydın Əhmədovdan
aldığımız məlumata görə, belə düşərgələrin
təşkili "Xüsusi istedada malik uşaqların
(gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"nın icrası ilə əlaqədar
nazirliyin Fəaliyyət Planında nəzərdə
tutulub. Belə ki, planın 17.1. bəndində Bakı
şəhərində və digər kurort zonalarında
fəaliyyət göstərən internat tipli müəssisələrdə
istedadlı uşaqlar üçün yay və qış təlim -
istirahət düşərgələri yaradılması xüsusi
olaraq qeyd edilib. Şüvəlanda açılmış yay
təlim - istirahət düşərgəsi bu sahədə
ilk təşəbbüsdür. Düşərgəyə
riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə
yerlərdə aşkara çıxarılmış istedadlı
şagirdlər arasından ən layiqlilərini
müəyyənləşdirmək məqsədi
ilə 2008-ci ilin mayında Bakı şəhərində
aparılmış təkrar seçimdə
fərqlənənlər, respublika fənn olimpiadası
və digər bilik yarışlarının qalibləri
cəlb olunmuşlar. Onlar ölkənin müxtəlif bölgələrini
təmsil edir. Bir neçə il əvvəl Heydər Əliyev
Fondu tərəfindən yüksək səviyyədə
təmir olunmuş 16 nömrəli internat məktəbdə
istedadlı uşaqların öz istirahətlərini
mənalı keçirmələri üçün hər cür şərait
var, burada kompüter sinifləri fəaliyyət göstərir. Düşərgədə uşaqlar
istirahət etmək, vaxtlarını mənalı keçirməklə
yanaşı, bir-birləri ilə yaxından
tanış olmaq, ünsiyyətə girmək, görkəmli
alimlərlə görüşmək imkanı qazanacaqlar. Tanınmış
alimlər tərəfindən onlarla təlim məşğələlərinin
keçirilməsi nəzərdə tutulub. Bütün bunlar istedadlı
uşaq və gənclərin alimlərlə təmas
qurmasına, tədqiqatçılıq qabiliyyətlərinin
üzə çıxarılması üçün mütəxəssislərin
onlarla daha yaxından məşğul olmasına imkan
verəcək. Uşaqlara şərait yaradılacaq ki, müəyyən
problemlər haqqında yaş xüsusiyyətlərinə
və bilik səviyyələrinə uyğun öz
fikirlərini bildirsinlər, diskussiyalarda iştirak edib
fikir mübadiləsi aparsınlar. İstedadlı
uşaqları qarşıda bir-birindən maraqlı
mədəni-kütləvi tədbirlər də gözləyir. Yay təlim - istirahət düşərgəsi
2 həftə davam edəcək. Yusif ƏLİYEV Yeni dərs ili qarşısında Bakıdakı Əsəd Əhmədov adına
308 nömrəli ümumtəhsil məktəbi ötən dərs
ilində istifadəyə verilmiş təhsil ocaqlarındandır.
1296 şagird yerlik məktəbdə 511 şagirdin
təlim-tərbiyəsi ilə 50 müəllim məşğul
olur. Təhsil ocağında akt zalı, yeməkxana,
rəqs studiyası, idman zalı, üzgüçülük hovuzu şagirdlərin
istifadəsinə verilib. Tədris ilini uğurla başa vurmuş
məktəbin dəhlizlərində şagirdlərin
davranışına nəzarət etmək üçün kameralar qurulub, I-Xl sinif şagirdləri üçün
ədəb qaydaları asılıb. Məktəbdə müəllimlər ayrı-ayrı
fənn kabinetlərində interaktiv
təlim metodlarından istifadə etməklə
dərslərini yüksək səviyyədə qura
bilirlər. Direktor Təranə Məmmədova bildirdi
ki, sentyabrda bu təhsil müəssisəsinin
istifadəyə verilməsinin bir ili tamam olacaq. - İndi
yeni dərs ilinə hazırlıq işləri gedir. Keçən
illə müqayisədə qarşıdakı dərs
ilində şagirdlərimizin sayı çoxalacaq.
Məktəbin təchizat sahəsində də elə bir
problem yoxdur, su, istilik sistemi saz vəziyyətdədir. Tətil günləri davam etsə də müəllimlərdən
Zərifə Hidayətova, Aidə Əfəndiyeva,
Tahirə Əsədova və Həcər Əliyeva tez-tez
məktəbə gəlir,
yeni dərs ilinə hazırlıqla
əlaqədar köməkliklərini
əsirgəmirlər. Şakir CƏFƏROV
Daxili imkanlar hesabına Sumqayıt Dövlət Universitetində yeni
dərs ilinə hazırlıq çərçivəsində cari
təmir işləri aparılır. Universitetin
təsərrüfat işləri üzrə prorektoru Rafiq
Səfiyevdən aldığımız məlumata görə,
iyul ayının əvvəllərindən başlamış
təmir daxili imkanlar hesabına təhsil ocağının
texniki işçiləri tərəfindən həyata keçirilir. Dördmərtəbəli iki korpusdan ibarət
təhsil müəssisəsinin bütün dəhlizlərində
və auditoriyalarında döşəmələr təmir
edilir, qapı və pəncərələr dəyişdirilir,
ağartma və rəngləmə işləri aparılır.
ümumilikdə ağacdan hazırlanmış 311 qapının,
plastik materialdan istehsal edilmiş 400-dən yuxarı
pəncərənin dəyişdirilməsi
nəzərdə tutulub. Həmçinin istilik sistemi, su boruları,
elektrik xətləri dəyişdirilir, sanitar qovşağı
müasir tələblər səviyyəsində yenidən
qurulur. Universitetin akt zalı da əsaslı
təmir olunaraq yeni oturacaqlarla təchiz edilib,
həyətyanı sahədə səliqə-sahman yaradılıb.
Abadlaşdırılmış idman meydançasında yeni
qurğular qurulub. Tələbələr üçün
soyunub-geyinmə otağı və şırnaqlar quraşdırılmış
hamam inşa edilib. Universitetin I korpusu təzə stol və
stullarla tam təchiz ediləcəkdir. Təmir yeni dərs
ilinə kimi başa çatacaq. Nizami MİRZƏ Rusiyanın ən yaxşı pedaqoqlarının adı açıqlanıb Rusiya Federasiyasının Təhsil və
Elm Nazirliyi 2008-ci il müsabiqəsinin qalibləri olan 10 min
ən yaxşı müəllimin adını təsdiq edib.
Onların hər biri "Təhsil" milli layihəsi çərçivəsində
100 min rubl miqdarında dövlət yardımı alacaqdır. Xatırladaq ki, müsabiqə üçüncü ildir ardıcıl
keçirilir. 2006 və 2007-ci illər ərzində 20 min
Rusiya müəllimi dövlətdən yardım alıb. 2008-ci
ildə mükafata əvvəlki müsabiqələrdə qalib
gəlməyən pedaqoqlar iddia edə bilərdilər. ölkənin bütün regionlarında ən yaxşı
müəllimləri hamilərin assosiasiyalarının,
məzunların, ümumi təhsil məsələləri üzrə
ekspertlərin və məsləhətçilərin, rektorlar
şurasının, peşə təhsili müəssisələri
rəhbərlərinin, işə götürənlər
birliklərinin, valideynlərin və digər ictimai təşkilatların
iştirakı ilə xüsusi yaradılmış komissiyalar
seçmişlər. Seçim kriteriyaları kimi son 3 ildə şagirdlərin
təlim nailiyyətlərinin müsbət dinamikası, uşaqların
tədris fənləri üzrə dərsdənkənar
fəaliyyətdə uğurları, müəllimlərin
sinif rəhbəri kimi işinin nəticələri, müasir
təlim texnologiyalarından, o cümlədən İKT-dən
istifadə, şəxsi pedaqoji təcrübənin ümumiləşdirilməsi
və yayılması, peşə müsabiqələrində
iştirak, ixtisasın artırılması götürülmüşdür. Qaliblər RF Təhsil və Elm Nazirliyinin mükafatını
və diplomlarını ənənəyə uyğun
olaraq peşə bayramı - Müəllim Günü
ərəfəsində alırlar. Şəkidə 6 məktəb üçün yeni bina tikilir Azərbaycanın bütün bölgələrində
olduğu kimi Şəkidə də məktəb
tikintisinə və təmirinə böyük diqqət yetirilir.
Son illər rayonda 11 məktəb üçün yeni bina və
əlavə tədris korpusu tikilib istifadəyə verilmiş,
4 kənd və qəsəbə məktəbi əsaslı
təmir olunmuşdur. Rayonda məktəb tikintisi bu il də sürətlə
davam etdirilir. Hazırda rayonun Baş Göynük 2 nömrəli,
Kiçik Dəhnə 2 nömrəli kənd orta
məktəblərinin hər biri
üçün 640, Aydınbulaq və Dərəcənnət
kənd orta məktəbləri üçün 240, Kosalı və
Aşağı Kəldək kənd məktəbləri
üçünsə hərəsi 80 şagird yerlik yeni binalar
tikilir. Dövlət proqramı çərçivəsində büdcə
vəsaiti hesabına inşa olunan məktəb binalarının
yeni dərs ilinə istifadəyə verilməsi
nəzərdə tutulub. Eyni zamanda rayonda 9 məktəbin istilik
sisteminin müasir tələblər səviyyəsində
yenidən qurulması işi
başa çatmaqdadır. Bunlardan əlavə, rayonun
digər təhsil ocaqlarında da daxili imkanlar hesabına
cari təmir işləri aparılır. Bu
məqsədlə 140 min manat vəsait ayrılmışdır. Təzə inşa olunan bütün
məktəblər müasir tədris avadanlıqları
ilə təmin olunacaqdır. Y.ƏLİYEV Əsaslı təmir işləri aparılır Yeni dərs ilinə hazırlıqla
əlaqədar Bakının Nizami rayonunda yerləşən
62 nömrəli orta məktəbdə əsaslı
təmir-tikinti işləri aparılır. Belə ki,
Təhsil Nazirliyinin ayırdığı vəsait hesabına
təhsil ocağı binasının çöl
və içəri divarları qaşınıb.
Məktəbin bütün otaqlarının qapı və
pəncərələri, istilik qurğuları, tavan
və döşəmələr təzələri ilə
əvəz olunub. Məktəbin direktoru Mətanət
Cabbarlıdan aldığımız məlumata görə,
46 ildir ki, fəaliyyət göstərən təhsil ocağı
bu günə kimi əsaslı təmir olunmayıb. Təhsil
ocağında 40 sinif otağı, 2 laboratoriya, idman və
akt zalları, 3 informatika kabineti var. Yeni dərs ilinə
kimi məktəb tam təmir olunaraq şagirdlərin
və müəllimlərin ixtiyarına veriləcək. Rəşad
ZİYADOV Muzeyin restovrasiyası başa çatıb 2005-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin göstərişi və Milli
Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının
muzeyləri haqqında" qanun çərçivəsində
Nizami adına Ədəbiyyat Muzeyinin əsaslı şəkildə
rekonstruksiya edilməsinə başlanıldı. üç il müddətində
bina təmir olundu,
fondun qlobal inventarizasiyası aparıldı, müasir qurğular yerləşdirildi, dünya standartlarına cavab
verən ən yeni texnologiya tətbiq edildi. Binanın çölünün və içərisinin, döşəmə
və tavanın, pəncərə və qapıların
təmiri üçün ən bahalı materiallardan istifadə
olunub. Muzeyin mükəmməl
soyutma və istilik sistemləri yaradılıb. Kompüterlərlə
təmin olunan muzeydə artıq bir çox dövrlər və
şəxsiyyətlər layiqincə təqdim olunub.
Muzeyin zallarında çoxlu ədəbi süjetli
xalçalar, tətbiqi sənət nümunələri,
rəsm əsərləri, bu və ya başqa bir dövrü
əks etdirən mebellər vardır. Binanın perimetri
boyunca Azərbaycanın ən görkəmli sənətçilərinin
portretləri və qısa şəkildə onların
əsərləri haqqında annotasiya yerləşdirilib.
Fəvvarələr meydanında quraşdırılmış
monitorda tarixi mövzulara aid süjetlər nümayiş
etdiriləcək. Bu da nəinki
bakılılara, həmçinin şəhərimizin
qonaqlarına Azərbaycan xalqının tarixinə və
mədəni dəyərlərinə bələd olmağa
imkan yaradacaq. L.ƏLİYEVA Pekin olimpiadasında ölkəmizi təmsil edən idmançılarımıza uğurlar arzulayırıq Bu gün Pekində Yay Olimpiya Oyunları öz işinə başladı. Bununla
əlaqədar "Təhsil" Respublika İdman
Mərkəzindən aldığımız məlumatda
bildirilir ki, XXIX Yay Oimpiya Oyunlarında ölkəmizdən 27
idman növü üzrə - güləş (sərbəst güləş
7, yunan-Roma güləşi 6 və qadın güləşi 3),
taekvando (1), gimnastika(qrup hərəkətləri üzrə
komanda 6, fərdi yarışlarda 2), boks (2),
atıcılıq(1), atçılıq (1), üzgüçülük
(2), cüdo (6), atletika (2) və ağırlıq qaldırma (5) idman növlərində
cəmi 44 idmançı iştirak
edir. İdman tariximizdə ilk
dəfə olaraq atletlərimiz olimpiadanın atçılıq yarışlarında
və bədii gimnastika üzrə qrup
hərəkətlərində öz qüvvələrini sınayırlar.
Həm də "Pekin - 2008" qadın güləşçilərimizin
mübarizə aparacağı ilk
olimpiya kimi tarixə düşəcək. ölkəmizi təmsil
edən idmançıların
8 nəfəri "Təhsil" Respublika İdman
Mərkəzinin nümayəndəsidir.
Onlardan Ramil Quliyev (atletika, 73 kq, məşqçisi Eldar
Quliyev) 5 nömrəli Bakı şəhər İOEUGİM-nin,
Vəfa Hüseynova (bədii gimnastika, 49 kq, məşqçisi
Nina Qasımova), Valeriya Yeqay (bədii gimnastika, 57 kq, məşqçisi
Valentina Ukleina) 4 nömrəli
Bakı şəhər İOEUGİM-nin və Əfqan
Bayramov (ağırlıqqaldırma, 69 kq, məşqçisi
Soltan Kərimov), İlqar Abdulov (yunan-Roma güləşi, 74
kq, məşqçisi Bəhram Mürvətov),
Oksana Hətəmxanova (üzgüçülük, 49 kq, məşqçisi
Vaqif Nəsibov), Şalva
Qadabadze (yunan-Roma güləşi, 84 kq, məşqçisi
Bəhram Mürvətov),
Tural Abbasov (üzgüçülük, 76 kq, məşqçisi Vaqif
Nəsibov) isə 1 nömrəli
Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman
Məktəbinin yetirmələridir. Biz də idmançılarımıza uğurlar
arzulayırıq.
Dərsliklər avqustun sonuna kimi hazırlanaraq yerlərə göndəriləcək Təhsil Nazirliyindən aldığımız
məlumatda bildirilir ki, 2008-2009-cu dərs ilinə nəşri
nəzərdə tutulan 68 adda dörd milyon nüsxəyə yaxın
dərsliyin çapı başa çatmaq üzrədir.
Dərsliklərin 70 faizdən çoxu təchizat
bazasına təhvil verilib.
Hazırda bu dərsliklər təsdiq olunmuş bölgü
əsasında respublikanın
rayon və şəhərlərinin təhsil şöbələrinə
göndərilir. I siniflər üçün Milli Kurrikulum əsasında
dərslik hazırlığı da yekunlaşmaq
ərəfəsindədir. Bütün dərsliklər avqustun
sonuna kimi hazırlanaraq
yerlərə göndəriləcək. Şakir CƏFƏROV Yeni kurrikulumun tələblərinə uyğun hazırlanacaq II sinif dərslikləri üçün tender elan olunub Təhsil Nazirliyi 2009-2010-cu dərs ilinə
ümumtəhsil məktəblərinin II sinifləri üçün
dərslik komplektlərinin yeni kurrikulumun
tələblərinə uyğun olaraq hazırlamasını
və çapını təşkil etmək məqsədi
ilə tender elan edib. Komplektə dərslik, müəllim
üçün vəsait və iş dəftəri daxildir. Tender iki mərhələdə 14 lot üzrə
keçiriləcək. Tender yolu ilə ibtidai məktəbin II
sinfi üçün Azərbaycan və rus bölmələri üzrə 21 dərslik
komplektinin hazırlanması və çapı
nəzərdə tutulur. Tenderdə dərsliklərin hazırlanması
və çapı sahəsində təcrübəsi, texniki
və maliyyə imkanları olan nəşriyyat-poliqrafiya müəssisələri
(müəllif və ya müəlliflər qrupu ilə
birlikdə) iştirak edə bilərlər. "İddiaçı"
statusu alanlar 2008-ci il sentyabrın 1-dən sonra məlum
olacaq. Y.ƏLİYEV
|