|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəb direktorları üçün seminar Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə 4-6
avqust tarixlərində məktəb rəhbərləri
üçün "Məktəb direktorları: peşəkarlıq,
liderlik və səmərəlilik" mövzusunda seminar keçirib.
Məktəb direktorlarının peşəkarlığını
artırmaq, onları məktəbin idarə olunması
sahəsindəki dünya təcrübəsi ilə, mütərəqqi
modellərlə tanış etmək məqsədi daşıyan
seminarda paytaxtdan və bölgələrdən 17
məktəb direktoru iştirak edib. Seminarın məşğələlərini
ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru xanım
Ketrin Magno aparıb. Seminarda "Liderlik ehtiyaclarının
müəyyən edilməsi", "Liderliyin
sahələri", "Şəxsi liderlik
keyfiyyətləri və bacarıqları ilə
əlaqəli fəaliyyətlər",
"Məktəbin təkmilləşməsinin yeni
modelləri: ABŞ təcrübəsi",
"Məktəb liderinin qiymətləndirilməsi",
"Valideynlərin təhsil prosesində iştirakı"
və s. mövzu və istiqamətlər ətrafında müzakirələr
aparılıb, təqdimatlar olub. Avqustun 6-da Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzində üçgünlük
seminarın başa çatması və iştirakçılara
sertifikatların təqdim olunması ilə bağlı
mərasim keçirildi. Mərasimdə təhsil naziri Misir
Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma
və kadrların idarəolunması şöbəsinin müdiri
Fərzəli Qədirov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak
edirdilər. Mərasimi giriş sözü ilə açan
təhsil naziri Misir Mərdanov seminar üçün seçilmiş mövzunun
aktuallığını qeyd etdi, Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzinin təhsilimizin inkişafı
naminə fəaliyyətini, irəli sürdüyü təşəbbüsləri
təqdir edən nazir seminarın keçirilməsini, onda
şəhər məktəbləri ilə yanaşı,
bölgələrdən də xeyli ümumtəhsil müəssisə
rəhbərinin iştirakını yüksək
dəyərləndirdi. Bütövlükdə təhsil
sistemində idarəetmə məsələlərinin öyrədilməsinə
böyük ehtiyac duyulduğunu deyən Misir Mərdanov
indiyədək ölkəmizin ali məktəblərində
təhsilin idarəolunması ilə bağlı ayrıca
ixtisasın öyrədilməməsini, təhsil
menecerlərinin hazırlanmamasını təəssüf
hissi ilə qeyd edib, bu məqsədlə yaxın
gələcəkdə Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında müvafiq
şöbə və ya bölmənin yaradılması mümkünlüyü
barədə fikirlərini tədbir iştirakçıları
ilə bölüşdü. Məktəbi idarə etməkdən ötrü
xüsusi istedad və qabiliyyət tələb olunduğunu söyləyən
təhsil naziri məktəb direktoru üçün zəruri olan
liderlik keyfiyyətlərindən söz açdı, bu
keyfiyyətləri hər bir məktəb rəhbərinin
özündə aşılamasının vacibliyini vurğuladı.
Məktəb direktorluğuna təyinat
məsələsinə toxunan təhsil naziri yaxın
gələcəkdə direktorluğa namizədlərin
məktəbin icması tərəfindən irəli sürülməsi
barədə təşəbbüslə çıxış
ediləcəyini söylədi. Misir Mərdanov çıxışının
sonunda seminarın təşkilatçılarına
minnətdarlığını bildirdi, onun aparıcısı,
ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru xanım
Ketrin Magnoya təşəkkür etdi. Seminarda söz alan xanım Ketrin Magno
Azərbaycana gəlməsindən, belə bir xeyirxah, öyrədici
tədbirdə təlimçi kimi iştirakından məmnun
qaldığını söylədi. Sonra seminarda iştirak etmiş direktorlara
sertifikatlar təqdim olundu. Yusif ƏLİYEV
|