|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yeni
Azərbaycan Partiyasında mətbuat konfransı
Martın
7-də Yeni Azərbaycan Partiyasının qərargahında
təhsil naziri Misir Mərdanovla mətbuat konfransı keçirildi.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev
tədbiri açaraq sözü Misir Mərdanova verdi. Yeni Azərbaycan Partiyasının idarə
heyətinin üzvü, təhsil naziri Misir Mərdanov təhsil
sahəsində görülən işlərlə bağlı
KİV-ə müntəzəm məlumat verildiyini xatırladaraq
diqqətə çatdırdı ki, bu görüşdə qarşıda
duran vəzifələrdən, 2008-ci ildə təhsil
sistemində həyata keçiriləcək
tədbirlərdən söhbət açılacaq. Təhsil sahəsinin ayrı-ayrı
pillələrində müəssisələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi
istiqamətində görüləcək işlər haqqında
məlumat verən nazir bildirdi ki, cari ildə bu
məqsədlə 196 milyon manat vəsait ayrılıb.
İl ərzində 523 obyektdə iş aparılacaq.
Onlardan 243-ü ümumtəhsil məktəblərinin istilik
sistemlərinin təmiri və bərpa olunması ilə
bağlıdır. Yeri gəlmişkən, ötən il
təkcə Bakı şəhərində 270
məktəbin istilik sistemi bərpa olunub. 2008-ci ildə respublikada 115 yeni
məktəbin, 32 əlavə korpusun, 4 rayonda təhsil
şöbəsi üçün yeni binanın tikilməsi, 94 ümumtəhsil
məktəbinin, 21 körpələr evi-uşaq bağçasının,
4 peşə məktəbinin əsaslı təmir olunması
nəzərdə tutulub. Eyni zamanda yeni tikilən və
əsaslı təmir olunan bütün təhsil müəssisələri
müasir standartlara cavab verən avadanlıqlar və istilik
sistemi ilə təmin olunacaq. Kompüterləşmə ilə bağlı
3 illik proqramın başa çatdığını və
artıq təsdiq mərhələsində olan yeni proqrama
əsasən bu sahədə işlərin davam
etdiriləcəyini bildirən Misir Mərdanov
diqqətə çatdırdı ki, bu mərhələdə
İKT avadanlıqları ilə təmin olunmuş müəssisələrdə
onlardan səmərəli istifadəyə, müasir
texnologiyaların yalnız ümumtəhsil
məktəblərində deyil, bütövlükdə təhsil
sistemində tətbiqinə, təhsil müəssisələrinin
genişzolaqlı sürətli İnternet şəbəkəsinə
qoşulmasına xüsusi önəm veriləcək. 2008-2009-cu dərs ilində respublikanın
ümumtəhsil məktəblərinin I siniflərində
tədrisin Milli Kurrikulum sənədinə əsasən
aparılacağını xatırladan təhsil naziri
bildirdi ki, həmin şagirdlər və onların müəllimləri
üçün yeni dərsliklər və dərs vəsaitləri
çap olunacaq. Daha sonra təhsil naziri yeniliklərdən
biri olan mərkəzləşdirilmiş üsulla aparılan
buraxılış imtahanları haqqında danışaraq
bildirdi ki, artıq 52 min şagirdi əhatə edən 2 sınaq
imtahanı keçirilib və aprel ayında 3-cü yoxlama imtahanının
təşkil edilməsi nəzərdə tutulub. İyunun
6-da isə XI-lər mərkəzləşdirilmiş
qaydada son buraxılış imtahanı
verəcəklər. Misir Mərdanov qeyd etdi ki,
gələcəkdə hər bir təhsil
pilləsindən digərinə keçid zamanı da
mərkəzləşdirilmiş üsulla test imtahanının
keçirilməsi nəzərdə tutulur və bu
istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Təlimin keyfiyyətinin yüksəlməsinə
yönəlmiş 50 ən yaxşı ümumtəhsil
məktəbinin və 100 ən yaxşı müəllimin
seçilməsi haqqında sərəncamı ölkə başçısı
cənab İlham Əliyevin bu sahəyə göstərdiyi böyük
qayğı və diqqət kimi dəyərləndirən
Misir Mərdanov müsabiqələrin keçirilməsi
məqsədilə Təşkilat Komitəsi və işçi
qrupları yaradıldığını, hər 2 müsabiqənin
3 mərhələdə təşkil ediləcəyini,
hazırda Təhsil Nazirliyində I mərhələ üzrə
sənəd qəbulu aparıldığını və
bu prosesin martın 20-dək davam edəcəyini bildirdi. Daha sonra təhsil naziri
məktəbəqədər, peşə təhsili
sahəsində dövlət proqramları çərçivəsində
görüləcək işlərdən söz açdı və ali
təhsillə bağlı hazırlanan proqram haqqında
məlumat verdi. O, bu il ölkə Prezidentinin təsdiq etdiyi
Proqram çərçivəsində artıq azərbaycanlı
gənclərin dünyanın ən nüfuzlu ali
məktəblərinə təhsil almağa göndərildiyini
deyərək gələcəkdə bu işin daha geniş
miqyasda davam edəcəyini diqqətə çatdırdı. Hicran ZöHRABQIZI
|