Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

700 BAL TOPLAYANLAR

 
 

2014

 

 Xəbər verildiyi kimi, Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası 2014-2015-ci dərs ili  üçün  ali və orta ixtisas təhsili müəssisələrinə iyulun 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirib. İmtahanlarda 27735 abituriyent iştirak edib. Nəticələrə əsasən I ixtisas qrupu üzrə 12319, IV ixtisas qrupu üzrə 3022 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.  İmtahanlarda  7 abituriyent ən yüksək nəticə - 700 bal toplayıb. Onlardan 5-i I, 2-si isə IV ixtisas   qruplarında imtahan verən gənclərdir. Buyurun, onlarla siz də tanış olun.

Nicat QASIMOV 

1997-ci il fevralın 16-da Ağsu şəhərində anadan olub. 2003-cü ildə Ağsu şəhər 3 nömrəli tam orta məktəbin I sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbin IX sinfini bitirdikdən sonra təhsilini Ağsu şəhər 1 nömrəli tam orta məktəbin X sinfində davam etdirib. 2014-cü ildə həmin məktəbin XI sinfini bitirib. X sinifdə oxuyarkən ATV kanalında yayımlanan "LC" Bilik Akademiyası yarışında həftənin oyununda I yerə, ayın oyununda isə III yerə layiq görülüb.

- Mən 700 bal toplayacağıma tam əmin idim. Lakin həm də həyəcanlı idim. Fikirləşirdim ki, birdən yığa bilmərəm. İlk iki əsas fənni yoxladıqdan sonra əmin oldum ki, artıq 700 bal toplamışam. TQDK-nin və "Araz" ali məktəbə hazırlıq kurslarının sınaq imtahanlarında daim iştirak edirdim. Müxtəlif vaxtlarda  670, 681, 679 bal toplamışdım.

Mən Tibb Universitetinin müalicə işi ixtisasını seçərək sevdiyim həkimlik peşəsinə yiyələnəcəyəm.


Fatimeyizəhra NƏBİZADƏ 

 1997-ci il martın 27-də Bakı şəhərində anadan olub. 2007-ci ildən Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyində təhsil alıb. 3 il "Araz" ali məktəbə hazırlıq kurslarında oxuyub. Məktəb illərində fəal şagird kimi tanınıb. 4 dəfə şəhər üzrə bilik yarışında iştirak edib, 2 dəfə birinci yerə çıxıb.

- Sınaqlarda 700 bal toplaya bilmirdim. Nəticələrim 675-695 arası olurdu. Amma 3 ildir qarşıma məqsəd qoymuşdum ki, 700 bal toplayacağam. Çünki 700 bal yığmaq  üçün potensialım olduğunu bilirdim. Məqsədimə çatdım. İmtahan mənim üçün çox da çətin olmadı, - deyə Fatimeyizəhra bildirir. - İxtisas seçimimə gəldikdə hələ dəqiq qərar verməmişəm. Mexanika mühəndisliyinə daha yaxınam. Xaricdə oxumağı düşünürəm


Məmməd HACILI 

1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin "Dədə Qorqud" liseyindən məzun olub. 10-cu sinifdə oxuyarkən Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasında  iştirak edərək bir qızıl və bir gümüş medala layiq görülüb.

Son iki ildə abituriyent kimi qəbul imtahanlarına ciddi hazırlaşıb. Bizimlə söhbətində sınaq imtahanlarındakı nəticələrinə əsasən 700 bal toplamağı gözlədiyini bildirən Məmməd sınaq imtahanlarında 680-700  arası ballar yığdığını söylədi. İxtisas seçimində Qafqaz Universitetinə üstünlük verən Məmməd bu ali məktəbin kompüter mühəndisliyi ixtisasında oxumağı planlaşdırıb


Nurlan QULUZADƏ 

1997-ci il aprelin 6-da Bakıda anadan olub. Ailələri 4 nəfərdən ibarətdir. Atası Fəzayıl Quliyev polis sistemində çalışır, anası Məlahət Ələkbərova mühəndisdir, bacısı isə universitetdə təhsil alır.

Nurlan əvvəlcə Bakı şəhərindəki 7 nömrəli tam orta məktəbdə, sonra isə 287 nömrəli "Zəkalar" liseyində təhsil alıb. Oxuduğu müddətdə fizika fənni üzrə olimpiadalarda iştirak edib və rayon, şəhər birincisi olub. "Araz" ali məktəbə hazırlıq kurslarının keçirdiyi bilik yarışlarında 3-cü yeri tutub.

Hələ orta məktəbdə oxuduğu son illərdə məqsədi ən yüksək nəticəni toplamaq olub və bunun üçün çalışıb. X sinifdə oxuyanda sınaqlarda 650-dən yuxarı bal toplayıb. Bu il də sınaq imtahanlarında iştirak edib və 674, 684 bal yığıb. İxtisas seçimi mühəndislikdir.


İlkin MƏMMƏDZADƏ 

1996-cı il oktyabrın 26-da Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 2014-cü ildə Ağdam rayonunun Ə.İsgəndərov adına Çəmənli kənd tam orta məktəbini bitirib. Məktəbdə fəallığı ilə seçilib. Bilik yarışlarında, olimpiadalarda müntəzəm iştirak edib.

- Qəbul imtahanlarında 700 bal toplayacağıma tam əmin olmasam da, 650-680 bal toplayacağıma  inanırdım. Çünki 3 il idi ki, qəbul imtahanlarına hazırlaşırdım. TQDK-nın aprel-iyun aylarında keçirdiyi bütün sınaq imtahanlarında iştirak etmişdim və müvafiq olaraq 677, 670, 682 bal toplamışdım. Özümə güvənirdim. Çox çalışırdım.

İlkin ixtisas seçimində tibbi ixtisaslara üstünlük verəcəyini deyir. Arzusu xaricdə mükəmməl tibbi təhsilə yiyələnərək cərrah olmaqdır.


Eltun İBRAHİMOV 

1997-ci ildə Bakıda anadan olub. 2014-cü ildə  Kimya-biologiya təmayüllü  liseyi bitirib. Liseydə oxuduğu müddətdə fəal şagird kimi dəfələrlə fəxri fərmanla təltif olunub. Respublika fənn olimpiadalarında  iştirak edib.

- Bir il idi ki, hazırlaşırdım, - deyə Eltun bizimlə söhbətində bildirdi. Bu il keçirilən bütün sınaq imtahanlarında iştirak etmiş və müvafiq olaraq 675, 684, 687 və 642 bal toplamışam. 700 bal toplayacağıma inanırdım. Çünki mükəmməl hazırlığım buna imkan verirdi. Nəticəmdən çox sevinirəm. Sevinirəm ki, özümün və müəllimlərimin  əməyi hədər getmədi. Valideynlərimə və müəllimlərimə minnətdarlığımı bildirirəm.

Eltun ixtisas seçimində yalnız Bakı Ali Neft Məktəbinin ixtisaslarını qeyd etməyi nəzərdə tutub. Gələcəkdə neft sahəsində çalışan mühəndis olmaq istəyir.


Könül QURBANLI 

1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakıdakı 289 nömrəli orta məktəb - "Zəngi" liseyinin 1-ci sinfinə daxil olub. 2014-cü ildə həmin liseyi bitirib. Qəbula "Araz" kurslarında hazırlaşsa da, sinif rəhbəri Rövşən müəllimin də onun üzərində əməyi böyük olub.

Məktəbdə bir çox bilik yarışları və olimpiadalarda fəal iştirak edib. Bundan əlavə, liseyin "Xəmsə" komandası ilə birlikdə yeniyetmələr arasında "Xəmsə" çempionatında iştirak edərək Azərbaycan çempionu adına layiq görülüb. Bununla yanaşı, liseyin komandası ilə birlikdə müxtəlif "Breyn-rinq", "Kim, harada, nə zaman?" və digər bilik yarışlarında liseylərini və Nizami rayonunu dəfələrlə layiqincə təmsil edib, bir çox hallarda birincilik qazanıb. Son günlərdə başa çatmış "İstedadların hazırlığı laboratoriyası" layihəsində birinci yerə layiq görülüb. Bunlar ona qəbula daha yaxşı hazırlaşmaqda stimul rolunu oynayıb.

- Valideynlərim, müəllimlərim, eləcə də yoldaşlarım həmişə məndən ən yüksək bal gözləyirdilər. Təbii ki, bu, məni daha da həvəsləndirirdi, - deyə Könül bildirir.

TQDK-nın sınaq imtahanlarında 648, 651, 655, sonuncuda isə 690 toplayan Könül əvvəlki sınaqlarda balının nisbətən az olmasının səbəbini proqramı tam keçməmələrində görür. Lakin iyul ayında kursda keçirilən imtahanlarda 695, bəzən isə 700  bal toplaması onu həvəsdən düşməyə qoymur.

Könül də hələlik ixtisas seçiminə qərar verməyib, lakin informasiya və kommunikasiya texnologiyaları mühəndisliyi maraq göstərdiyi sahələrdəndir. "ADA" Universitetini və Bakı Ali Neft Məktəbini qeyd etməyi nəzərdə tutur.

 
 
 
Səhifənin başına qalx Bölməyə dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov