Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

700 BAL TOPLAYANLAR

 
 

2011

 

Artıq beşinci ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. Bu il estafeti Ləman Məmmədova, Cahandar Camallı, Xavər Feyzullayeva və Əli Əliyev davam etdiriblər. Onların hamısı Bakı məktəblərinin builki məzunlarıdır.

Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq nəticə ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki abituriyentlərin liderinə çevrilib. Həmin qalib gənclər haqqındakı yazıları oxucularımıza təqdim edirik.

 

Məmmədova Ləman Elşən qızı 

1993-cü il noyabrın 27-də Bakıda ziyalı ailəsində anadan olub. 2000-ci ildə Bakının Sabunçu  rayonundakı N.Rzayev adına 169 nömrəli məktəbin I sinfinə qəbul olub. 2011-ci ildə həmin məktəbi "əla" qiymətlərlə bitirib. Təhsil aldığı bu illər  ərzində məktəbin bütün ictimai işlərində fəal iştirak edib. Dəfələrlə inşa müsabiqələrində, olimpiadalarda iştirak edib, diplomlar alıb. XI sinifdə oxuyarkən məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı şəhəri üzrə I yeri tutub.

2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında I ixtisas qrupu üzrə yüksək bilik nümayiş etdirərək 700 bal toplayıb. Qafqaz Universitetinə daxil olan Ləman burada informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına yiyələnəcək.

Bu günlər redaksiyamızın qonağı olan Ləman Məmmədova öz sevincini bizimlə bölüşdü:

- Hələ uşaqlıqdan oxumağa böyük həvəsim olub. Atam mühəndis, anam Xatirə Əlibəyova riyaziyyat müəllimidir. Yaxşı oxumağımda onların əməyi danılmazdır. Elə bu uğurum üçün mənə yaratdıqları şəraitə və mənəvi dəstəyə görə valideynlərimə minnətdaram. Eyni zamanda ibtidai sinif müəllimim Gülcənnətə, sinif rəhbərim və kimya müəllimim Dürdanəyə, riyaziyyat müəllimim Gülşənə, fizika müəllimim Yeganəyə, ingilis dili müəllimim Solmaza, Azərbaycan dili müəllimim Arifəyə və əlbəttə, məktəbimizin direktoru Elnarə xanıma öz dərin təşəkkürümü bildirirəm.

Ən böyük arzum daxil olduğum ali məktəbi də "əla" qiymətlərlə başa çatdırmaq və gələcək illərdə təhsilimi dünya şöhrətli Amerika universitetlərindən birində davam etdirmək, daha sonra doğma Azərbaycana qayıdıb layiqli bir mütəxəssis kimi xalqıma xidmət etməkdirE

Bu yolda Ləmana biz də uğurlar arzulayırıq. 


 

Camallı Cahandar İlqar oğlu 

1994-cü il iyulun 22-də Naxçıvan MR-in Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1997-ci ildə valideynləri ilə birlikdə Bakı şəhərinə köçüblər. 2000-ci ildə Bakının Xətai rayonundakı 263 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. Bu təhsil ocağında oxuduğu illərdə olimpiada və müsabiqələrdə çox az iştirak edib. Amma birinci qrup üzrə hazırlaşdığı fənlərdən "beş", qalan fənlərdən "dörd" də alıb. Əsas məqsədi isə TQDK-nın keçirdiyi sınaq və qəbul imtahanlarında yüksək nəticə göstərmək idi. Son sınaq zamanı 663 bal toplayıb. Cahandar sınaq imtahanlarında daha çox mexaniki səhvlərə yol verdiyini bildirdi. O özü etiraf edərək deyir ki, qəbul imtahanında çalışıb bu səhvlərimi düzəltdim. Bir qədər həyəcanlı olsam da, sualların 125-ni də cavablandırandan sonra həyəcanım tamamilə keçdi. Özümə çox inanırdım. Yüksək nəticə göstərəcəyimə  əmin idim.

Mənim 700 bal yığmağımın əsas səbəblərindən biri də valideynlərimin mənə yaxından dəstək olması idi.

Bir neçə gün əvvəl 700 bal toplamış abituriyentlərə Türkiyənin Sabançı Universitetindən pulsuz oxumaq təklifi edilsə də Cahandar hələ ki, təhsilini Azərbaycanda davam etdirmək fikrindədir. Qafqaz Universitetinin kompüter mühəndisliyi ixtisasını seçib.

O, əldə etdiyi bu yüksək uğurun qazanılması üçün yaradılan lazımi şəraitə görə, ilk növbədə, valideynlərinə borclu olduğunu söyləyir. Eyni zamanda, məktəbin direktor müavini Nərgiz xanıma, sinif rəhbəri Südabə müəllimə, sevimli fizika müəllimi Elmiraya, kimya müəllimi Ulduzəyə və məktəbin bütün müəllim kollektivinə dərin təşəkkürünü bildirir.

Cahandarın ən böyük arzusu seçdiyi ixtisas üzrə xarici ölkə universitetlərinin birində təhsil alıb doğma vətənə qayıdaraq layiqli bir övlad kimi müstəqil Azərbaycana xidmət etməkdir.  


  

Feyzullayeva Xavər Canbulat qızı 

1994-cü il fevralın 2-də Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakıdakı 299 nömrəli məktəbin 1-ci sinfinə qəbul olunub. O, məktəbdə bilik və bacarığı ilə bərabər, yüksək əxlaqi keyfiyyətlərə malik bir şagird kimi tanınıb. Təhsil aldığı məktəbin ictimai işlərində daim fəal iştirak edib.

Xavər 2011-ci ildə oxuduğu 299 nömrəli məktəbi bitirəndə attestatında yalnız bir fəndən - biologiyadan "4" qiymət olub. O, X və XI siniflərdə oxuyarkən TQDK tərəfindən keçirilən sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplayıb. Özünün dediyinə görə, sonuncu sınaq imtahanında 690 bal toplayıb.

O, I ixtisas qrupu üzrə qəbul imtahanı zamanı bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb və Qafqaz Universitetinə seçdiyi kimya mühəndisliyi  ixtisası  üzrə  qəbul  olunub. O, valideynlərinə, xüsusilə anası Səadət xanıma ona psixoloji dəstək olduğuna görə minnətdarlığını bildirir.

Eyni zamanda orta məktəbdə oxuduğu illərdə onun yüksək təhsil almasında əməyi olan sevimli müəllimləri - Reyhan, Qızxanım və ibtidai sinif müəllimi Ballı müəllimə, ona ali məktəbə hazırlaşmaqda yardımçı olan "Araz" kursu kollektivinə, o cümlədən Ülvi və Cahanə müəllimlərə öz dərin təşəkkürünü bildirir.

Xavər təhsildə, elmdə daha böyük uğurlar qazanmağı qarşısına məqsəd qoyub.

Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün Azərbaycanda hər bir kəsin yüksək təhsil alması üçün yaradılan münbit şərait gəncləri daha yaxşı oxumağa sövq edir. Xavərin də ən böyük arzusu bu təhsil ocağını bitirdikdən sonra biliyini xarici ölkə universitetlərinin birində daha da artırmaq, Vətənə layiq övlad kimi yetişərək xalqımıza xidmət etməkdir.

Arzusunun həyata keçməsində ona uğurlar diləyirik.


Əliyev Əli Rəhbər oğlu 

1993-cü ildə Neftçala şəhərində anadan olub. Atası mühəndis, anası Səadət xanım evdar qadındır. Əli dünyaya gəldiyi il Bakıya köçüblər. 2000-ci ildə o, Bakıdakı 27 nömrəli ingilis dili təmayüllü məktəbin 1-ci sinfinə qəbul olub. 2008-ci ildən Bakıdakı 287 nömrəli "Zəkalar" liseyində təhsilini davam etdirib. Özünün dediyi kimi əsas uğurları da elə bundan sonra başlanıb. Riyaziyyat olimpiadalarında iştirak edərək biliyini sınayıb. IX və XI siniflərdə "Araz" kursunun keçirdiyi sınaqlarda 2 və 3-cü yerləri tutub. X sinifdə oxuyarkən Qafqaz Universitetinin keçirdiyi III riyaziyyat və məntiq olimpiadasında fərqlənən 30 şagirddən biri olub. XI sinifdə oxuyarkən - 2011-ci ildə keçirilən riyaziyyat olimpiadasında Bakı şəhəri üzrə I yerə, respublika üzrə isə IV yerə çıxıb. Bu il Xəzər Universitetinin keçirdiyi olimpiadada I qrup üzrə 1-ci yerə layiq görülüb.

Eyni zamanda XI sinifdə oxuyarkən "Virtual rinq", "Xəmsə", "Ağıl dəryası" kimi intellektual teleoyunlarda iştirak edərək qalib olub. "Ağıl dəryası" verilişində 2-ci yeri tutub finala çıxan Əli imtahansız attestat və Şimali Kipr Universitetində pulsuz oxumaq şansı qazanıb. Attestatı isə ona təhsil naziri Misir Mərdanov özü təqdim edib.

Qəbul imtahanı zamanı test kitabçasında olan 125 sualın hamısını 2 saat ərzində düzgün cavablandıraraq 700 bal toplayıb. Beləliklə də Əli arzu etdiyi Qafqaz Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsini seçir və elə ora da qəbul olunur. Gələcəkdə təhsilini xarici ölkələrdə - Qərbi Avropa və Amerikada davam etdirmək arzusundadır.

Əli Əliyev deyir ki, qazandığım bu uğura görə, ilk növbədə, valideynlərimə, müəllimlərimə və bir də özümə borcluyam. Xüsusilə, ibtidai sinif müəllimim Elmira Nağıyevaya, riyaziyyat müəllimim Rəfailə, fizika müəllimim Şamxala, kimya müəllimim Atlasa, Azərbaycan dili müəllimim Səlminaza, ingilis dili müəllimim Amaliyaya, tarix müəllimim Abbasağaya və məktəbimizin direktoru Aygün xanıma təşəkkürümü bildirirəm.   

 
 
 
Səhifənin başına qalx Bölməyə dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov