Artıq dördüncü ildir ki, ali məktəblərə qəbul
imtahanlarında ən yüksək- 700 bal zirvəsi fəth
olunur. Bu il isə estafeti İsmayıl Kazımov,
Nəriman Məmmədli, Esmira Baxşəliyeva, İlkin
Məsimov, Aygül Tanrıverdiyeva, Günel Abdullayeva
və Aydan Həsənova davam etdirmişlər. Tələbə
adını qazanmış bu yeddi gənc 700 ballıq nəticə
ilə imtahan verdikləri qrupların və bütövlükdə
builki abituriyentlərin liderlərinə
çevrilmişlər.
Həmin gənclər haqqındakı yazıları oxucularımıza
təqdim edirik.
Kazımov İsmayıl Əkbər oğlu
1992-ci il oktyabrın 20-də Mingəçevir şəhərində
ziyalı ailəsində anadan olub. 1999-cu ildə
Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli orta
məktəbin ənənəsinə görə I sinfə qəbul olan
şagirdlərin qavrama qabiliyyətini yoxlayan
məktəbin direktoru Adil Kərimov İsmayılda
qeyri-adi bir istedad olduğunu hiss edib. Elə
həmin ildən məktəbin bütün müəllim kollektivi
onun gələcəkdə böyük uğurlar qazanacağına
inanıb.
Həqiqətən də İsmayıl öz fitri istedadı, bilik və
bacarığı, intellektual səviyyəsi ilə
həmyaşıdlarından fərqlənib. O, yaxşı oxumaqla
bərabər yüksək mədəniyyətə, tərbiyəyə malik bir
şagird olub. Təhsil aldığı müddətdə məktəbin
ictimai işlərində yaxından iştirak edib, təhsil
ocagında fəaliyyət göstərən "Uşaq parlamenti" və
"Ekoloji iş" üzrə komissiyasının sədri olub.
Altıncı sinifdən başlayaraq o, bir çox bilik
yarışlarında, olimpiadalarda iştirak edərək,
yüksək nəticələr əldə edib. Müxtəlif fəxri
fərmanlara, mükafatlara layiq görülüb.
O, on birinci sinfə qədər "Dərs əlaçısı", "İlin
ən yaxşı şagirdi" adlarını daşıyıb. Şəklı daim
məktəbin "Şərəf lövhəsi"ni bəzəyib.
2010-cu ildə oxuduğu məktəbi əla qiymətlərlə
başa çatdıran İsmayıl ali məktəbə qəbul olunmaq
üçün sənədlərini II ixtisas qrupuna verib və
yüksək bilik nümayiş etdirərək 700 bal toplayıb.
Qafqaz Universitetinin Sənayenin təşkili və
idarə olunması ixtisasına qəbul olunaraq
arzusuna qovuşub. Sevimli müəllimləri Çimnaz
Mustafayevanın, Səidə Babayevanın və Nübar
İsmayılovanın etimadını doğruldub.
İsmayılın arzusu ali təhsilini uğurla başa
çatdırdıqdan sonra bacarıqlı bir mütəxəssis kimi
müstəqil Azərbaycana layiqincə xidmət etməkdir.
Məmmədli Nəriman İsmixan oğlu
1992-ci il dekabrın 21-də Bakı şəhərində hərbiçi
ailəsində anadan olub. 1999-cu ildə paytaxtdakı
175 nömrəli orta məktəbin birinci sinfinə
gedərək, dördünci sinfə kimi burada oxuduqdan
sonra Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində
təhsilini davam etdirib.
Nəriman bu liseydə oxuduğu 7 il ərzində yüksək
biliklə yanaşı, nümunəvi əxlaqi keyfiyyətlər də
qazanıb. Liseydə mövcud olan güclü
nizam-intizam, şagirdlər arasında sağlam
rəqabətin yaranmasına imkan verib. Sözsüz ki, bu
rəqabət verilmiş dərs materiallarının yüksək
səviyyədə mənimsənilməsinə şərait yaradıb.
Təsadüfi deyildir ki, o, IX-X siniflərdə
oxuyarkən "Araz" kursunun keçirdiyi bilik
yarışlarında iştirak edərək birinci yeri tutub.
Burada oxuduğu illər ərzində keçirilmiş sınaq
imtahanlarında o, həmişə 680-700 bal toplayıb.
Əlbəttə, bu uğurun qazanılmasında ona dərs deyən
müəllimlərin əməyi əvəzsizdir. Onların hər biri
böyük səylə çalışır ki, şagirdləri yüksək
nəticələr əldə etsinlər. Elə bunun nəticəsidir
kı, 2010-cu ildə liseyi fərqlənmə attestatı ilə
bitirən Nəriman ali məktəbə qəbul olunmaq üçün
sənədlərini I ixtisas qrupuna verib və yüksək
bilik nümayiş etdirərək 700 bal toplayıb. Qafqaz
Universitetinə daxil olan Nəriman burada
İnformasiya texnologiyaları və sistemləri
mühəndisliyi ixtisasına yiyələnəcək.
Nəriman qazandığı bu uğura görə ilk növbədə ona
dördüncü sinfə kimi dərs demiş sinif rəhbəri
Solmaz müəllimə, liseyin direktoru Kadir
Bekdaşoğluna, valideynlərinə ona göstərdikləri
qayğıya görə minnətdarlığını bildirir.
Ən böyük arzusu seçdiyi bu ixtisas üzrə xarici
ölkə universitetlərinin birində dövlət xətti ilə
təhsil alıb doğma vətənə qayıdaraq, layiqli bir
övlad kimi müstəqil Azərbaycan Respublikasına
qulluq etməkdir.
Baxşəliyeva Esmira Qəhrəman qızı
1993-cü ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olub. 1999-cu ildə Bakı şəhəri F. Tağıyev
adına 72 nömrəli məktəb-liseyin birinci sinfinə
daxil olub. Bu təhsil ocağında oxuduğu illərdə
fənn olimpiadalarında iştirak edərək qələbələr
qazanıb, fəxri fərmanlara, mükafatlara layiq
görülüb. 2010-cu ildə Heydər Əliyev adına Müasir
Təhsil Kompleksinin təşkil etdiyi məktəblilərin
3-cü intellekt olimpiadasında onun da iştirak
etdiyi məktəb komandaları mütləq nominasiya üzrə
1-ci yeri tutub. O, bilik və bacarığı ilə
bərabər yüksək əxlaqi keyfiyyətlərə malik bir
şagird olub. Təhsil aldığı məktəbin ictimai
işlərində daim fəal iştirak edib.
Esmira 2010-cu ildə oxuduğu 72 nömrəli
məktəb-liseyi fərqlənmə attestatı ilə bitirərək,
ali məktəbə qəbul olunmaq üçün sənədlərini IV
ixtisas qrupuna verib və bütün suallara düzgün
cavab yazaraq 700 bal toplayıb. Azərbaycan Tibb
Universitetinə müalicə işi ixtisası üzrə qəbul
olunub.
O, əldə etdiyi bu yüksək uğurun qazanılması üçun
yaratdıqları bütün lazımı şəraitə görə ilk
növbədə valideynlərinə borclu olduğunu söyləyir.
Eyni zamanda məktəbdə oxuduğu illərdə onun
yüksək təhsil almasında əməyi olan təhsil
ocağının direktoru Polad Əjdərova, ilk müəllimi
Elmira Məmmədliyə, sinif rəhbəri Mətanət
Əliyevaya, riyaziyyat müəllimi Tofiqə Nəsibliyə
və məktəbin bütün müəllim kollektivinə dərin
təşəkkürünü bildirir.
Esmiranın ən böyük arzusu ixtisası üzrə
Almaniyada təhsil almaq və Azərbaycana qayıdıb
xalqımıza layiqincə xidmət etməkdir. Arzusunun
həyata keçməsində biz də ona uğurlar diləyirik.
Məsimov İlkin Natiq oğlu
1992-ci ildə Şəki şəhərində anadan olub. Bir
müddət sonra ailəsi Bakıya köçdüyü üçün 1999-cu
ildə paytaxtdakı 104 nömrəli orta məktəbin I
sinfinə daxil olub. 2001-ci ildən təhsilini 282
nömrəli orta məktəbdə davam etdirib. 2006-cı
ildə Təhsil Nazirliyinin tabeliyindəki
Fizika-riyaziyyat və informatika təmayüllü
liseyə qəbul edilib.
2010-cu ildə qəbul imtahanlarında bütün suallara
düzgün cavab yazaraq 700 bal toplayıb və
arzusunda olduğu Qafqaz Universitetinin
Sənayenin təşkili və idarə olunması ixtisasına
qəbul olunub.
İlkin Məsimov bu nailiyyətlərin əldə olunmasında
təhsil aldığı liseyin direktoru Tariyel
Talıbovun, riyaziyyat müəllimi Şəmsi Səfərovun,
X və XI siniflərdə dinləyicisi olduğu "Araz"
kursunun böyük rolunu qeyd edir.
2008-ci ildə İlkin "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu
illər)" icrası ilə əlaqədar riyaziyyat fənnindən
keçirilmiş seçim turunda xüsusi istedadı ilə
fərqlənərək, 2-ci dərəcəli diplomla təltif
olunub. 2009-cu ildə həmin Dövlət Proqramının
riyaziyyat fənni üzrə keçirilən seçim turunda
1-ci dərəcəli diploma layiq görülüb. Yenə həmin
ildə "Çağ" Öyrətim İşlətmələri "Araz" kursları
tərəfindən Novruz bayramı münasibətilə Bakı
şəhəri üzrə IX və XI sinifdə təhsil alan
məktəblilər arasında keçirilmiş "Bilik
yarışı"nda II ixtisas qrupu üzrə II yeri
tutduğuna görə fəxri fərmanla təltif olunub.
Arzusu gələcəkdə savadlı mütəxəssis kimi
yetişmək və xalqına, dövlətinə ləyaqətlə xidmət
etməkdir.
Tanrıverdiyeva Aygül Oqtay qızı
1992-ci ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olub. 1999-cu ildə paytaxtın Nərimanov
rayonundakı 212 nömrəli məktəbin birinci sinfinə
gedib, dördüncü sinfə kimi bu məktəbdə "5"
qiymətlərlə oxuyub. Sonra müəyyən səbəblərdən
Bakının Binəqədi rayonundakı 115 nömrəli orta
məktəbdə təhsilini davam etdirib. Bu məktəbdə də
"5" qiymətlərlə oxumaqla yanaşı, təhsil ocağının
ictimai işlərində də həmişə fəal iştirak edib.
O, bir çox bilik yarışlarında, əsasən riyaziyyat
və tarix fənlərindən olimpiadalarda iştirak
edərək mükafatlara layiq yerlər tutub. Birinci
sinifdən on birinci sinfə kimi əla qiymətlərlə
oxuyub. 2010-cu ildə Aygül ali məktəbə qəbul
olunmaq üçün sənədlərini IV ixtisas qrupuna
verib və bütün sualları düzgün cavablandıraraq
700 bal toplayıb. Azərbaycan Tibb Universitetinə
müalicə işi ixtisası üzrə daxil olub.
Aygül qazandığı bu uğura görə valideynlərinə,
ilk ibtidai sinif müəllimi Məleykə, Nəcibə və
sinif rəhbəri Nəzirə müəllimə, riyaziyyat
fənnindən ona dərs demiş Qədim müəllimə öz dərin
təşəkkürünü bildirir.
Ən böyük arzusu universiteti bitirdikdən sonra
təhsilini davam etdirərək elmi mövzular
üzərində işləmək, layiqli bir alim, mütəxəssis
kimi xalqına xidmət etməkdir.
Abdullayeva Günel Eldar qızı
1992-ci il iyunun 19-da Şəki rayonunun Kiçik
Dəhnə kəndində anadan olub. 1998-ci ildə Kiçik
Dəhnə kənd 2 nömrəli orta məktəbinin I sinfinə
qəbul olub. 2009-cu ildə həmin məktəbi əla
qiymətlərlə başa vuran Günel I ixtisas qrupu
üzrə qəbul imtahanlarına sənəd verib. Lakin
həmin il elektron ərizəsini vaxtında təsdiq
etdirmədiyinə görə qəbul imtahanlarında iştirak
edə bilməyib. Buna baxmayaraq, ruhdan düşməyən
Günel Abdullayeva 2010-cu ildə qəbul
imtahanlarında yenidən iştirak etmək üçün
sənədlərini I ixtisas qrupuna verib. Test
imtahan suallarının hamısına düzgün cavab
yazaraq 700 bal toplayıb və arzusunda olduğu
Qafqaz Universitetinə kimya mühəndisliyi
ixtisası üzrə qəbul olunub.
Məktəbin I sinfinə qədəm qoyduğu gündən istedadı
və fitri qabiliyyəti ilə yaşıdlarından fərqlənən
Günel sonralar əlaçı şagird kimi yoldaşları və
müəllimləri tərəfindən sevilib, şəkli həmişə
məktəbin "Şərəf lövhəsi"ni bəzəyib.
Orta məktəbdə təhsil aldığı müddətdə rayon,
şəhər və respublika səviyyəsində keçirilən
müxtəlif fənn olimpiadalarında iştirak edib,
diplom və fəxri fərmanlara layiq görülüb.
2010-cu ildə isə Xəzər Universitetinin keçirdiyi
I ixtisas qrupu üzrə Respublika Olimpiadasında
göstərdiyi nəticələrə görə I yerə layiq görülüb.
Ən böyük arzusu qəbul olduğu Qafqaz
Universitetini əla qiymətlərlə başa vurduqdan
sonra nüfuzlu dünya universitetlərinin birində
təhsilini davam etdirmək və yetkin mütəxəssis
kimi doğma vətənə qayıdıb müstəqil Azərbaycan
Respublikasına xidmət etməkdir.
Həsənova Aydan Aydın qızı
1993-cü il avqustun 20-də Bakı şəhərində ziyalı
ailəsində anadan olub. Birinci sinfə paytaxtın
281 nömrəli məktəbində gedib.
Təhsil almağa başladığı ilk illərdən Aydan
yüksək bilik səviyyəsi ilə həmişə yaşıdlarından
seçilib. 2003-cü ildə Türkiyə Diyanət Vəqfinin
Bakı Türk Liseyinin qəbul imtahanında uğur
qazanıb və V sinifdən təhsilini bu liseydə davam
etdirib.
Aydan burada da biliyi və hazırlığı ilə
fərqlənib. Ona dərs deyən qabaqcıl təcrübəyə
malik müəllimləri sayəsində tədris olunan bütün
fənləri eyni dərəcədə sevib və dərindən
mənimsəyib. Bütün sinifləri əlaçı kimi başa
vuran Aydan mərkəzləşdirilmiş qaydada keçirilən
buraxılış imtahanlarını da müvəffəqiyyətlə verib
və liseyi fərqlənmə attestatı ilə bitirib.
Ali təhsil almaq üçün IV ixtisas qrupunu seçən
Aydan qəbul imtahanlarında ən yüksək nəticəni
göstərməyə nail oldu. Artıq o, Azərbaycan Tibb
Universitetinin tələbəsidir.
Aydan deyir ki, anam mənim həkim olmağımı
arzulasa da, əvvəllər özüm heç vaxt bu fikirdə
olmamışdım. Amma biologiyanı, xüsusən də insanın
anatomiyasını öyrənməyə başlayandan sonra məndə
bu sahəyə böyük maraq oyandı.
"Qəbul imtahanlarında bu uğuru əldə edəcəyinə
əmin idinmi" sualına Aydan belə cavab verdi:
- Düzü, o qədər də inanmırdım. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq
imtahanlarında ən yüksək nəticəm 690 bal
olmuşdu. Bu inamı məndə sinif yoldaşlarım,
müəllimlərim yaratdı. Onların etimadı mənim
məsuliyyətimi daha da artırdı, daha ciddi
çalışmağa ruhlandırdı. Bəlkə də bunun
nəticəsidir ki, imtahanda heç bir həyəcan hiss
etmədim. Amma biləndə ki, 700 bal toplamışam,
nədənsə çox böyük həyəcan keçirdim.
Aydan bilik sınağında qazandığı nailiyyətə görə
ona hər zaman mənəvi dəstək göstərən anası
Sevinc xanıma, dostlarına və yoldaşlarına
minnətdar olduğunu bildirdi və onların ümidini
doğrultduğu üçün çox sevindiyini dedi.
Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin
məzunu olması ilə qürur duyduğunu söyləyən Aydan
təhsil ocağının müdiri Kadır Bektaçoğluya, sinif
rəhbəri Yusif Səfərova, müəllimləri Kəmalə
Bədəlova, Yəhya Şərifov, Balakişi Bağmanlı və
başqalarına təşəkkürünü bildirdi.
Aydan gələcəkdə təhsilini Almaniyada davam
etdirmək, Vətənə qayıdıb xalqına ləyaqətlə
xidmət etmək niyyətindədir. Bu yolda Aydana
uğurlar arzulayırıq.
|