Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter
istifadəyə verilib
“Google”
şirkətinin kvant süni intellekt laboratoriyasının (Quantum
Artifical İntelligence Lab) tədqiqatçıları “D-Wave 2X”
kompüterinin sınaqlarının nəticələrini elan ediblər.
www.hi-news.ru saytının məlumatına görə, “Google” bu
kompüteri 2013-cü ildə Kanadanın “D-Wave Systems”
şirkətindən kompüterin imkanlarından süni intellektin
yaradılması işində istifadə etmək məqsədilə satın alıb.
“Google” və “NASA” mütəxəssislərinin sözlərinə görə,
“D-Wave” qarşıya qoyulan vəzifəni bir prosessorla
işləyən ənənəvi kompüterlə müqayisədə 100 milyon dəfə
sürətli yerinə yetirib.
Məlumat üçün qeyd edək ki, kvant kompüteri iş prinsipi
adi kompüterlərdən fərqlənən və kvant mexanikası
əsasında işləyən hesablayıcı qurğudur. O, ənənəvi
bitlərin əvəzinə kubitlərdən istifadə edir. Kubitlər və
ya kvant bitlər informasiyanın kvant kompüterdə
saxlanılması elementləridir. Kvant mexanikasının
qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki,
bunun da sayəsində kompüter paralel hesablamalar apara
bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi
dəyişikliklərinə qarşı çox həssasdır. Kvant kompüterin
praktiki tətbiqi hələ ki, sübut edilməyib.
“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti”
Son illər nitq texnologiyaları sahəsində sürətli
inkişaf çoxlu sayda yeni terminlərin meydana gəlməsinə
səbəb olub. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları
İnstitutunda “Nitq texnologiyaları üzrə terminlərin
izahlı lüğəti” hazırlanıb. Lüğətin hazırlanmasında
məqsəd nitq texnologiyaları və nitq siqnallarının
rəqəmsal emalı sahəsində Azərbaycan dilində
terminologiyanın sistemləşdirilməsidir.
Yeni nəşrin müəllifləri institutun şöbə müdiri, texnika
üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və texnika
üzrə fəlsəfə doktoru Lyudmila Suxostat, elmi redaktoru
isə institutun şöbə müdiri, texnika elmləri doktoru
Ramiz Alıquliyevdir.
Lüğətdə nitq siqnallarının rəqəmsal emalı və nitq
texnologiyaları sahəsində elmi ədəbiyyatda rast gəlinən
terminlər toplanıb. Lüğətdəki sözlər nitq
texnologiyalarının əsas istiqamətlərini əhatə edən
müvafiq mövzular üzrə təqdim olunub. Nitq siqnallarının
rəqəmsal emalı, nitqin avtomatik tanınması və sintezi,
səsə görə şəxsin tanınması üzrə terminlər haqqında
ətraflı məlumat verilib.
Kitab nitq texnologiyaları üzrə ixtisaslaşan
mütəxəssislər, elmi tədqiqatçılar və tələbələr üçün
nəzərdə tutulub.
“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”
işıq üzü görüb
Terminologiya qloballaşma və sürətli elmi-texniki
tərəqqi şəraitində xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif
predmet sahələrində gedən inkişafla əlaqədar olaraq
terminlərin də sayı gündən-günə artmaqdadır. Bu
tendensiya informasiya təhlükəsizliyi sahəsində daha
sürətli və dinamikdir.
İnformasiya təhlükəsizliyi üzrə yeni terminlərin meydana
gəlməsi mütəxəssislər qarşısında bir sıra ciddi
terminşünaslıq problemləri qoyur. Qeyd olunan sahədə
vahid anlayışlar sisteminin (termin və təriflərin)
yaradılması informasiya təhlükəsizliyi üzrə elmi
tədqiqatların prioritet problemləri sırasına daxildir.
Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları
İnstitutunda “İnformasiya təhlükəsizliyi terminlərinin
izahlı lüğəti” hazırlanıb. Belə bir lüğətin ərsəyə
gəlməsi informasiya təhlükəsizliyi sahəsində Azərbaycan
dilində terminologiyanın sistemləşdirilməsi məqsədi
daşıyır.
Yeni nəşrin müəllifi institutun şöbə müdiri, texnika
üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, elmi
redaktoru isə institutun aparıcı elmi işçisi, texnika
üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir. Lüğətdə
informasiya təhlükəsizliyi üzrə elmi və praktiki
fəaliyyətin əsas istiqamətlərini əhatə edən, elmi və
kütləvi ədəbiyyatda rast gəlinən 600-dən çox ingilis
dilli termin toplanıb və onların Azərbaycan dilinə
tərcümə variantı təqdim olunub.
INOTEX 2016 - V Beynəlxalq innovasiyalar və
texnologiyalar sərgisi
Gələn il mayın 22-dən 25-dək Tehranda V Beynəlxalq
innovasiyalar və texnologiyalar sərgisi - INOTEX 2016
keçiriləcək. Sərgi informasiya-kommunikasiya
texnologiyaları, neft-qaz və neft-kimya sənayesi üçün
innovasiya texnologiyaları və avadanlıqları, sənayenin
avtomatlaşdırılması və intellektual sistemlər,
biotexnologiyalar, nanotexnologiyalar, tibb və
laboratoriya avadanlıqları, infrastruktur, geologiya və
yeni materiallar, optika, fotonika və lazerlər,
avia-kosmik texnologiyalar və b. istiqamətlər üzrə
təşkil olunacaq.
Pilotsuz uçan aparatlar üçün aeroport
Pilotsuz
uçan aparatların (dron) tətbiq sahəsi olduqca genişdir:
məhsulların çatdırılması, ucqar regionlarda təcili kömək
və s. Bunu nəzərə alaraq, Ruanda Respublikasında dronlar
üçün ilk aeroport da tikiləcək. Britaniyalı memar Norman
Foster bu məkanı ölkənin mürəkkəb landşaftına görə seçib.
Çünki bu ərazi pilot layihənin reallaşdırılmasından ötrü
poliqon kimi istifadəyə yararlıdır.
Avtomobillərlə müqayisədə dronlar məhsul, dərman,
elektronika qurğularını və başqa məhsulları daha sürətli
çatdıra bilərlər. Təyyarə vağzalı iki tip dronlara
xidmət göstərəcək: yüngül yüklərin çatdırılması üçün
“Redline” və 100 kq-dək yükü qaldıra bilən “Blueline”
dronlarına.
Proqramlaşdırmanı öyrədən top
Proqramçılara tələbatın yüksək templə artdığı bir dövrdə
Nyu-Yorkun “Made by Many” konsaltinq şirkəti “Hackaball”
oyuncaq topunu hazırlayaraq uşaqlara kod yazmağı
öyrətmək üçün maraqlı üsuldan istifadə edib. Bu top
mobil proqramla sinxronlaşdırılır və istifadəçilərə
proqramlaşdırmağa imkan verir.
Şirkətin strateji direktoru Uilyam Ouenin sözlərinə
görə, onların ixtirasının özəlliyi ondadır ki, oyuncaq
top proqramlaşdırmanın faydasını ekran qarşısında deyil,
real həyatda başa salır.
Alimlər həssas sensorlarla təchiz edilmiş süni dəri
yaradıblar
Stenford
Universitetinin mühəndisləri təzyiqi ölçən sensorlarla
təchiz edilmiş plastik dəri yaradıblar.
ictnews.az elektron xəbər xidmətinin məlumatına
əsasən, yeni texnologiya “iPhone”un barmaq toxunuşlarını
tanıma həssaslığında işləyir. Beləliklə, alimlər
yanğının qurbanı olmuş və protez daşıyan insanlara
toxunma qabiliyyətini bərpa etmək imkanı verəcəklər.
Bu layihə üzərində bir neçə il işləyən doktor Çjenan
Baonun komandası süni dəriyə adi dərinin reseptorlarını
tam yamsılayan sensor quraşdırıb. Növbəti addım -
sensorun topladığı məlumatları beyinə ötürməkdir.
Toxunuş zamanı təzyiqin daha dəqiq ölçülməsi üçün
sensorun ölçüsü kiçildiləcək ki, o, insan dərisində
milyonlarla sensor reseptorlarına bərabər olan əlavə
təzyiq mərkəzlərini emal edə bilsin.
Süni dəri bazara bir neçə ildən sonra çıxarılacaq, lakin
mühəndislər yeni sensorları mümkün qədər tez tətbiq
etməyi planlaşdırır.
Ən son texnoloji yeniliklər təqdim olunub
Məlum olduğu kimi, müasir dövrdə informasiya
texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən
əsas amillərdən birinə çevrilib. Son illər elmi-texniki
tərəqqi nəticəsində icad edilmiş texnologiyaların sayı
durmadan artır. Belə texnologiyaların bir çoxu
haqqında AMEA İnformasiya Texnologiyaları İnstitutunun
elmi seminarında təqdim edilən məruzələrdən birində
məlumat verilib. İnstitutun şöbə müdiri Şakir Mehdiyev
İKT sahəsində baş verən yeniliklərlə bağlı məruzəsində
öncə dünyada ilk dəfə olaraq Kolumbiya Universitetinin
Mühəndislik məktəbinin (Nyu-York) alimləri tərəfindən
yaradılmış bioloji orqanizmlərə oxşar, canlı
hüceyrələrdən qidalanan inteqral sxemlər barədə söz
açıb.
Ş.Mehdiyev qeyd edib ki, “Western Digital” şirkəti
dünyada ilk dəfə “HelioSeal” texnologiyasından istifadə
etməklə hazırlanmış və informasiya həcmi 10 terabayt
olan sərt diski satışa çıxarıb. Onun sözlərinə görə,
belə disklər enerjiyə 23 faiz qənaət etməyə kömək edir.
Onların yaddaşının 2020-ci ilədək 50 terabayta
çatdırılması nəzərdə tutulur.
Şöbə müdiri son dövrlər İKT mütəxəssislərinin diqqət
mərkəzində olan Li-Fi simsiz rabitə şəbəkəsi barədə
məlumat verib. “Velmenni” şirkətinin bir neçə ofisində
bu şəbəkənin sınaqdan keçirildiyini söyləyən Ş.Mehdiyev
bildirib ki, şirkət yeni texnologiya ilə 1 Gbit/san
sürət əldə etməyə müvəffəq olub. Bu da orta statistik
Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət
deməkdir. Bu şəbəkədə məlumatların nanosaniyələr içində
LED işıqlar vasitəsilə ötürüldüyünü diqqətə çatdıran
Ş.Mehdiyev texnologiyanın yaxın 3-4 il ərzində
istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
“Neverware” şirkəti tərəfindən orta məktəblərdə istifadə
müddəti başa çatmış kompüter və noutbuklardan
yararlanmaq məqsədilə yaradılmış “Chromium”a əsaslanan
bulud əməliyyat sistemi - “CloudReady” barədə də
seminarda söz açılıb. Məruzəçinin bildirdiyinə görə, bu
əməliyyat sistemi 8 ildən daha çox istifadə olunmuş
istənilən fərdi kompüteri yeni kompüterə çevirmək
imkanına malikdir.
Bu yaxınlarda Yaponiyanın paytaxtı Tokioda keçirilən
“Eco-Products 2015” adlı beynəlxalq sərgidən söz açan
Ş.Mehdiyev burada dünyanın aparıcı şirkətlərindən olan
“Epson” tərəfindən kağızları təkrar emal edən “PaperLab”
adlı ilk yığcam qurğunun təqdim olunduğunu vurğulayıb.
Qeyd edib ki, bu qurğu 8 saata A4 formatında 6720 vərəq
emal edir.
Şöbə müdiri, həmçinin yapon şirkəti “Panasonic
Corporation” tərəfindən hazırlanmış “Megahonyaku” adlı
meqafonun imkanlarından bəhs edib. Real vaxt rejimində
müxtəlif dillərdə danışan şəxslərin nitqini tərcümə
etmək imkanına malik meqafonun əsasən hava limanı və
vağzalda çalışan işçilər üçün nəzərdə tutulduğunu
söyləyib. Onun sözlərinə görə, meqafon 3 dildə
səsləndirilmiş ifadəni tərcümə edə və bu tərcüməni
ardıcıllıqla ucadan səsləndirə bilir. Bundan başqa,
“Megahonyaku” fövqəladə hallar baş verərsə, vacib
məlumatları ötürmək imkanına malikdir.
Məruzəçi, gələcəyin yüksəksürətli naqilsiz şəbəkəsi
adlandırılan “pCELL”, o cümlədən “CryptoLocker” proqramı
haqqında da ətraflı məlumat verib.
İnternetin “əhalisi” 3,2 milyarda çatdı
Dünya
üzrə İnternetdən istifadə edənlərin sayı 3,2 milyard
nəfərə çatıb. Mobil rabitə abunəçilərinin sayı isə 7,1
milyarddan artıqdır. Bu haqda Beynəlxalq Elektrorabitə
İttifaqının (ITU) hesabatında deyilir. ITU-nun statistik
məlumatına görə, yeni nəsil genişzolaqlı şəbəkələr və
mobil servislər daha çox Cənubi Koreyada inkişaf edib.
Növbəti sırada Danimarka, İslandiya, Böyük Britaniya və
İsveç qərarlaşır. Yaponiya reytinq cədvəlində 11-ci
yerdə, Almaniya və ABŞ isə 14-15-ci yerdədirlər.
Hesabatda o da deyilir ki, dünyada 350 milyon insanın nə
İnternetə, nə də rabitə şəbəkələrinə çıxışı vardır.
Onlar Malavi, Madaqaskar, Efiopiya, Eritreya və Çad kimi
dünyanın ən kasıb ölkələrində yaşayırlar.
“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı
“Mariya
Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən
maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim,
mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu
proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla
şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı
laureatına layiq görülmüş kimyaçı-fizik Mariya
Skladovskaya-Kürinin adı ilə adlandırılmışdır.
Proqram 2014-2020-ci illəri əhatə edir və büdcəsi 6.612
milyon avro təşkil edir. Mariya Küri doktorantlar üçün
əsas proqramlardan biri olub, təqribən 25000 doktorantı
maliyyələşdirən və karyerasının hər hansı bir
mərhələsində olan alimlər üçün qrantlar təqdim edən
proqramdır. Alimlər bu proqram vasitəsilə xarici ölkədə
təcrübə qazanır, təlim və karyeralarında daha böyük
irəliləyiş imkanı əldə edirlər.
Hər bir doktorantın xaricdəki yaşayış xərcləri, o
cümlədən, mübadilə proqramı çərçivəsində hər hansı
universitetdə təhsil alan doktorantların bütün
universitet xərcləri bu proqram tərəfindən
maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən
universitetdən və fəaliyyət növündən asılı olaraq
dəyişir.
www.ikt.az
saytının materialları
əsasında hazırladı: Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |