Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Alıcanov Rafiq Cəfər oğlu 

1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya gəlmişdi. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil almışdı. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdu. R. Alıcanov 1988-ci ildə təhsilini  bitirərək Ukraynada ixtisası üzrə çalışmağa başlamışdı. 1992-ci ildə doğma vətənini erməni işğalından müdafiə etmək məqsədilə Azərbaycana dönmüşdü. Rafiqin döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçmişdi. Bir hərbiçi kimi döyüşlərdə göstərdiyi şücaətlər onu kapitan rütbəsinədək yüksəltmişdi. R. Alıcanov 1993-cü il noyabrın 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir qızı, bir oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Köçvəlli kəndində dəfn olunub. Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.


Aqarunov Albert Aqarunoviç 

1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 nömrəli texniki peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. O, 1987-ci ildə hərbi xidmətə çağırılıb, əsgəri borcunu Gürcüstanda yerinə yetirib və tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Vətənə dönüb. Albert bir müddət Bakının Suraxanı rayonunda maşınqayırma zavodunda çalışıb.  Vətənimiz  erməni işğalına  məruz qaldığı günlərdə o, könüllü olaraq  cəbhəyə yollanıb.

İlk gündən çevikliyi və diqqətli olması, hərbi tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, xüsusilə döyüş texnikasından bacarıqla istifadə etməsi ona olan rəğbəti qat-qat artırmışdı. Bütün bu yüksək səviyyəyə, intizamlı davranışa, hərtərəfli hazırlığa malik olduğuna görə də A.Aqarunov tank komandiri təyin edilərək, Şuşa cəbhəsinə göndərilib. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə azğın düşmənin xeyli canlı qüvvəsini məhv edib. Eyni zamanda o, bu döyüşdə ermənilərin neçə-neçə zirehli texnikasını sıradan çıxarıb.

A.Aqarunov 1992-ci il mayın 8-də Şuşa və Laçın rayonları uğrunda gedən ağır döyüşlərdə düşmən snayperinə tuş gələrək şəhid olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı 154 nömrəli məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.


Babayev Nazim Abbas oğlu 

1975-ci il fevralın 7-də Salyan rayonunun Aydıngün kəndində dünyaya göz açıb, 1992-ci ildə kəndlərindəki orta məktəbi bitirib. 1993-cü ilin aprelində Milli Ordu sıralarında hərbi xidmətə çağırılıb.

Bu zaman qaniçən erməni işğalçıları müqəddəs torpaqlarımızın sinəsinə dağ çəkir, kəndlərimizi yandırır, yerlə yeksan edir, evləri viran qoyurdular.

Nazim torpaqlarımızın erməni işğalçılarından müdafiə olunması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb. O, doğma Azərbaycanımızın ayrılmaz bir hissəsi olan Qarabağın Füzuli və Tərtər bölgəsində gedən  ağır döyüşlərdə erməni faşistlərinə qarşı vuruşub.

Torpaqlarımızı azad, sərhədlərimizi bütöv görmək istəyi, arzusu ilə yaşayan bu mübariz döyüşçü erməni quldurlarına qarşı hər an mərdliklə vuruşub. Vətən, xalq qarşısında öz övladlıq borcundan ləyaqətlə çıxıb.

Nazim həmçinin 1995-ci ilin məlum mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınması, silahlı dəstələrin tərksilah edilməsində də fəal iştirak edib. Həmin il martın 15-də dövlətçiliyimizin müdafiə olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Babayev Nazim Abbas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qaraçala kənd Şəhidlər xiyabanında dəfn olunub.

Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulub.


Babayev Çingiz Adil oğlu 

1964-cü il oktyabrın 2-də Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 20 nömrəli orta məktəbi bitirib. Sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub , 1986-cı ildə təhsilini başa çatdıraraq təyinatla “Azərelektroterm” Zavodunda əmək fəaliyyətinə başlamışdı. Çingiz eyni zamanda işlədiyi müddətdə Azərbaycan Dövlət Xarici Dillər  İnstitutunun  nəzdində  ingilis dili üzrə illik kursu da bitirib. 

Həmin zamanlar mənfur ermənilərin ata-baba yurdlarımıza təcavüzü qeyrətli bir oğul kimi Çingizi də hiddətləndirib. Vətən sevgisi, Vətən məhəbbəti onu torpaqlarımızın yağı düşməndən müdafiəsinə səsləyib. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarında hərbi xidmətdə olub, bir müddət hərbi hissələrdən birində qərargah rəisi vəzifəsində çalışıb. 1994-cü ildə isə Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə C.Naxçıvanski adına liseyə dəyişdirilib. O, burada əvvəlcə tağım komandiri, sonra bölük komandiri, daha sonra tərbiyə işləri üzrə müavin vəzifəsinə irəli çəkilib. Çingiz 1995-ci il oktyabrın 28-də Bakının “Ulduz” və “Nərimanov” metrostansiyaları arasında qəzaya uğrayan qatardakı sərnişinlərin həyatını xilas edərkən faciəli surətdə həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 nömrəli Fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Yasamal rayon qəbiristanlığında dəfn olunub. Şərəfinə metronun “Ulduz” stansiyasında abidə kompleksi ucaldılıb. C.Naxçıvanski adına hərbi liseydə isə büstü qoyulub. Təhsil aldığı məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.


Bağırov Tahir Əminağa oğlu 

1957-ci il iyulun 14-də Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olub. Elə həmin il ailə üzvləri ilə birlikdə Azərbaycana - Əli Bayramlı ( Şirvan) şəhərinə köçüb. 1972-ci ildə burada səkkizinci sinfi bitirərək, təhsilini peşə məktəbində davam etdirib. O, 1977-ci ildə hərbi xidmətə çağırılmış və 1979-cu ildə ordu sıralarından tərxis olunub. T.Bağırov 1988-ci ildə Milli Azadlıq Hərəkatının iştirakçısı olub. 1990-cı il 20 Yanvar faciəsi zamanı yaralı insanlara kömək edərək onların tibb məntəqələrinə, təhlükəsiz yerlərə aparılmasında xüsusi fəallıq göstərib.

O, 1992-ci ildə könüllü olaraq müdafiə dəstələrindən birinə üzv yazılmış və   “N” saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilib. Erməni faşistlərinin törətdiyi Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin təhlükəli zonadan çıxarılmasında böyük rəşadət göstərib. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdi.1992-ci il oktyabrın 11-də Laçının Səfiyan kəndi istiqamətində gedən döyüşdə vertolyot ermənilər tərəfindən vurularkən Tahir qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Bağırov Tahir Əminağa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Həzi Aslanov qəsəbəsindəki 59 nömrəli orta məktəbə onun adı verilib, büstü qoyulub. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.


Bağırov Allahverdi Teymur oğlu 

1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhər 1 nömrəli orta məktəbini bitirən Allahverdi “ Qarabağ “ futbol klubunda məşqçi kimi fəaliyyət göstərib.

O, 1988-ci ildə Dağlıq Qarabağda nankor ermənilərin törətdikləri cinayətlərə dözməyərək, Xalq Hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra A.Bağırov Ağdamda könüllülərdən ibarət batalyon yaradıb. 1992-cı ildə düşmənin mühasirəsində olan kəndlərə kömək etmək, dinc əhaliyə ərzaq çatdırmaq, onların təhlükəsizliyini təmin etmək üçün o, bütün var-qüvvəsi ilə çalışıb.

Erməni faşistlərinin törətdikləri Xocalı faciəsi zamanı o, bir çox soydaşımızın həyatını xilas edib. 1992-ci il iyunun 12-də Allahverdinin batalyonunun güclü səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. A.Bağırov inanırdı kı, qoşunlarımız tezliklə  Xankəndinə girəcək. Azərbaycanın bu cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman sürücüsü ilə birlikdə minaya düşərək həlak olub.

Ailəli idi. Bir oğlu, iki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 nömrəli Fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.


Bayramov Soltanağa Nəhmət oğlu  

1936-cı il oktyabrın 17-də Lənkəran rayonunun Şürük kəndində anadan olub. O, orta təhsilini Astara rayonunda alıb. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirib, sonra təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlayıb. 1990-cı illərdə bəzi xarici dövlətlər erməni separatçıları ilə birlikdə bir qrup adamı öz əlaltılarına çevirərək Azərbaycanı parçalamaq istəyirdilər. Həmin nankorlardan biri də  vətəninə, xalqına xəyanət edən “Talış Muğan Respublikası” yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov idi. 1993-cü ildə bir qrup silahlı dəstə Soltanağanın çalışdığı hospitala basqın edib. Öz qorxmazlığı, vətənə olan sevgi və məhəbbətini canı, qanı bahasına hər zaman torpaqlarımızın bütövlüyünü düşünən S.Bayramov burada əsl vətənpərvərlik nümayiş etdirərək silahlılara qarşı müqavimət göstərərək faciəli şəkildə həlak olub .

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilib və büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.           


Behbudov Səfiyar Abuzər oğlu 

1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində dünyaya göz açıb. 1984-cü ildə Bərdə şəhər 6 nömrəli orta məktəbi bitirib. Bir il sonra isə sovet ordusu sıralarına çağırılıb. Səfiyar 1987-ci ildə ordudan tərxis olunaraq, rayon Hərbi Komissarlığının təqdimatı ilə bu sahədə təhsilini artırmaq üçün zabitlik kursuna göndərilib. Həmin kursu müvəffəqiyyətlə bitirərək kiçik leytenant rütbəsi alıb. Tərtər bölgəsində erməni quldurlarına qarşı gedən gərgin döyüşlərdə neçə-neçə uğurlu əməliyyatların iştirakçısı olub. Xalqımızın tarixi qəhrəmanlıq əməllərini davam etdirən, ürəklərdə özünə bir ölməzlik abidəsi ucaldan Səfiyar daha sonra Ağdam və Əsgəran uğrunda gedən ölüm-dirim savaşında xüsusi fəallıq nümayiş etdirib.

O, 1992-ci il martın 11-də ermənilər tərəfindən əsir götürülmüş, martın 21-də meyitini çətinliklə də olsa geri almaq mümkün olmuşdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bərdə rayonunun Mollalı kəndində dəfn olunub. Təhsil aldığı 6 nömrəli orta məktəb onun adını daşıyır.


Babayev Əjdər Xalıqverdi oğlu 

1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfərli kəndində anadan olub. Bir müddət sonra ailələri Ağstafa rayonunun Xətai kəndinə köçüb. O, 1967-ci ildə Xətai kənd orta məktəbini bitirib.

Əjdər 1969-cu ildə hərbi xidmətə çağırılmış, ordu sıralarından tərxis olunduqdan sonra isə Bakının Nərimanov Rayon Polis Şöbəsinə işə qəbul olunub. 1978-ci ildə polis orqanlarında çalışmaqla yanaşı, Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş, 1981-ci ildə burada avtonəqliyyat ixtisasına yiyələnib. O, dörd il Qazax Rayon Polis Şöbəsində işləmiş, sonra iş yerini dəyişərək Ağstafa Rayon Polis Şöbəsində fəaliyyətini davam etdirib. Ə.Babayev bu orqanda çalışdığı illərdə nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülüb. O, 1995-ci il 13-17 mart hadisələri zamanı həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağstafa rayonunda dəfn olunub. Adına məktəb var.


Cəbrayılov Fəxrəddin Mövsüm oğlu 

1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə Almaniyaya getmiş və ibtidai təhsilini orada almışdır. Az sonra Bakıya dönərək orta təhsilini burada bitirmişdir. Fəxrəddin 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuş və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. Fəxrəddin 1992-ci ildə cəbhə bölgəsinə yollanaraq,  656 nömrəli hərbi hissədə motoatıcı taborun komandiri təyin olunmuşdur. 1993-cü ildə Beyləqan rayonu istiqamətində gedən döyüşlərdə qərargah rəisi kimi düşmənin xeyli canlı qüvvəsini itkiyə məruz qoymuşdur. 1994-cü ildə Füzuli və Kəlbəcər istiqamətində döyüşən F.Cəbrayılov Gəncə şəhərindəki 172 nömrəli motoatıcı briqadasına komandir təyin edilmişdir. Onun komandir olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir.

O, 1994-cü ilin oktyabrında “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırda 4-cü ordu korpusunun fərdi qərargah rəisi vəzifəsində çalışır.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov