Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə
görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirində
bədii təsvir vasitələri mövzusunda “açıq dərs” keçilib.
Dərs prosesində məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəllimi Xuraman Əliyeva interaktiv təlim metodlarından
ustalıqla bəhrələnib. Slaydlar vasitəsilə səslənən
“Azərbaycan” şeirinin sədaları şagirdləri daha da fəal
olmağa həvəsləndirib. Dərsdə əqli hücum, müqayisə,
diskussiya və s. üsullardan istifadə olunub və ilkin
mərhələdə motivasiyanın yaradılmasına üstünlük verilib.
“Azərbaycan nə üçün qüdrətli bir ölkədir” tədqiqat
xarakterli sualla sinfə müraciət edən müəllim 5-ç
sinfinin şagirdlərini mövzuya uyğun olaraq
“Azərbaycan”, “Qarabağ” “Kəpəz”, “Bənövşə” və
“Göyəzən” adlı qruplara bölüb. Sonra qrupun
rəhbərləri - Ayətdin Heydərov, Səbinə Şərbətzadə,
Şəkərəli Süleymanov, Xanım Hüseynova, Günay Bayramova
rəngli kartoçkalarda təqdim olunan suallarla tanış
olublar. Onlar Səməd Vurğunun “Azərbaycan” şeirində
işlənmiş bədii təsvir və ifadə vasitələrini çox aydın
şəkildə dəqiq müəyyən ediblər. İkinci mərhələdə qruplar
arasında şeir yarışı keçirilib. Tayfun, Xeyransa, Nurlan,
Nəzrin, Telman, Məryəm, Rəvan, Nərgiz və Nihad
görkəmli ədibin şeirlərindən nümunələr söyləyiblər.
Abduləziz Məmmədov və Günay Bayramovanın ifasında
“Ananın öyüdü” şeiri səhnələşdirilmiş formada nümayiş
edilib. Üçüncü mərhələdə isə müxtəlif tapşırıqlar
yazılmış kartoçkalar qruplara paylanılıb. Yenə rəsm
nümunələri göstərilib, müxtəlif mövzularda esse oxunub.
Şagirdlər cavablarında Azərbaycanın necə qüdrətli bir
dövlət olduğunu ifadə ediblər.
Xuraman müəllim dərsdə qiymətləndirməni hər qrup
üçün meyar cədvəlinə əsasən həyata keçirməklə dərsin
bütün mərhələlərində qiymətləndirmə aparıb.
Qiymətləndirmə uşaqlar üçün özünüqiymətləndirmə və
özünənəzarət prinsipi ilə həyata keçirilib. Müəllim
uşaqların fəallığını qiymətləndirib. Sonda müəllim evə
“Mənim vətənim çox qüdrətli ölkədir” mövzusunda esse
yazmağı tapşırıb. Dərsin gedişindən razı qaldıqlarını
bildirən qonaqlar qeyd ediblər ki, BİBÖ, Venn
diaqramı, klaster, auksion, söz assosiasiyası, rollu
oyunlar və s. kimi yeni təlim üsulları ilə keçilən bu
cür dərslər daha maraqlı olur. Məktəbin direktoru
Mehriban Ələkbərova şagirdlərin cavablarından və
ümumiyyətlə, yeni təlim metodlarından istifadə
olunmaqla nümayiş olunan “açıq dərs”dən razı qaldığını
söyləyib.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |