Dekabrın 19-da Bakıdakı 229 nömrəli tam orta
məktəbdə general Səməd bəy Mehmandarovun 160 illik
yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş
sözü ilə açan məktəbin direktoru Fəridə Bağırova
generalın Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi
naziri kimi gördüyü işlərdən danışıb, onun xalqımızın
hərb tarixində tutduğu yerdən, sərkərdəlik məharətindən
söhbət açıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının
Prezident İlham Əliyevin general S.Mehmandarovun 160
illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam
tarixi keçmişimizin öyrənilməsində mühüm rol oynayır.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov
görkəmli hərbiçi general Səməd bəy Mehmandarovun 160
illik yubileyinin təhsil ocağında belə yüksək səviyyədə
keçirilməsində əməyi olan məktəbin direktoru Fəridə
Bağırovaya, tarix müəlimləri Nərgiz Məmmədovaya, İlqar
Əliyevə və məktəbin musiqi müəllimi Xədicə Məmmədovaya
təşəkkürünü bildirib. Səməd bəy Mehmandarovu dövrün ən
görkəmli simalarından biri olduğunu diqqətə çatdıran
H.Əsgərov bildirib ki, general Azərbaycan tarixinin
hərb salnaməsinə unudulmaz səhifələr yazıb.
Tədbirdə Səməd bəy Mehmandarovun həyat yolu
haqqında maraqlı süjetlər, filmlərdən epizodlar nümayiş
olunub.
Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |