Dekabrın 18-də Bakıdakı Məktəb-Lisey Kompleksində
şeir demək qabiliyyətinə malik şagirdləri üzə çıxarmaq
məqsədilə
bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin ilkin
mərhələsində 88 şagird iştirak edib. Onların arasından
seçilən 25 ədəbiyyat və şeir həvəskarı olan şagird
iştirak edib.
Müsabiqənin final mərhələsini açıq elan edən
kompleksin direktoru Qafar Hüseynov Təhsil Nazirliyinin
“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr
2014-cü il tarixli əmrinin icrası ilə əlaqədar son
vaxtlar rəhbərlik etdiyi təhsil ocağında bir sıra
tədbirlər həyata keçirildiyini və bu gün də davam
etdiyini bildirib. Şagirdlər arasında keçirilən bu
müsabiqənin də məhz bununla bağlı olduğunu diqqətə
çatdıran Q.Hüseynov onların dünyagörüşünün
artırılmasında mütaliənin böyük əhəmiyyəti nəzərə
alınaraq müxtəlif iş formaları ilə uşaqların bədii
əsərlərin mütaliəsinə həvəsləndirildiyini vurğulayıb. O,
təfəkkürün inkişafına yönəlmiş mənəvi fəaliyyət forması
olan mütaliənin tərbiyəvi əhəmiyyətindən ətraflı
danışıb və şagirdlərin mütaliəyə
istiqamətləndirilməsini onlarda mütaliə mədəniyyətinin
formalaşdırılmasına müsbət təsir edəcəyini qeyd edib.
Sonra 25 şagird tanınmış və sevilən şairlərin
şeirlərini ifa etməklə öz qabiliyyətlərini göstərib.
Şagirdlərin ifası münsiflər heyəti (direktor Qafar
Hüseynov, direktor müavinləri Xanım Sultanova, Natavan
Heydərova, məktəbin dil-ədəbiyyat müəllimi Həbibə
Saribəyli, “Hədəf” kursları MMC-nin tədris işləri üzrə
direktor müavini Elxan Nəcəfov və “Hədəf” kursları
Nizami rayon filialının müdiri Məhəmməd Xankişiyev)
tərəfindən tələffüz, ifadəlilik, emosionallıq,
jest-mimika, səhnə mədəniyyəti və davranışı nəzərə
alınaraq qiymətləndirilib. Nəticədə 1 nəfər I yerə, 2
nəfər II yerə, 3 nəfər III yerə, 6 nəfər isə
həvəsləndirici yerə layiq görülüb. Qaliblərə diplomlar
təqdim olunub.
Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |