Maarifpərvər şair Seyid Əzim Şirvaninin anadan
olmasının 180 illiyi dekabrın 22-də Şamaxıda qeyd edilib.
Təhsil şöbəsindən bildirilib ki, yubiley
mərasimində çıxış edən filologiya elmləri doktoru,
professor Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə
doktoru Eyvaz Eminalıyev və başqaları şairin həyat və
fəaliyyətindən, bədii irsindən ətraflı danışıblar.
Qeyd olunub ki, şairin bədii irsi azərbaycanca və
farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının
çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd,
təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr,
düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi
gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir.
İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin
yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük
realist şairi kimi tanıdan “Dəli Şeytan”, “Məkri-zənan”,
“Yerdəkilərin göyə şikayəti”, “Bəlx qazisi və xarrat”,
“Elmsiz alim” və sair satiralarıdır.
Tədqiqatçılar S.Ə.Şirvani nəslinin nümayəndələri
barədə də məlumat veriblər.
Yubiley mərasimində tanınmış musiqiçilərin
ifasında şairin qəzəllərinə bəstələnən muğamlar oxunub,
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı
filialının tələbələrinin ifasında qəzəl və lirik şeirlər
səsləndirilib. |