Dekabrın 25-də Təhsil İşçilərinin Peşəkar İnkişafı
İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
yeni il münasibətilə tədbir keçirilmişdir. İnstitutun
professor-müəllim heyətinin, gənclər təşkilatının
üzvlərinin, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi
tədbiri giriş sözü ilə açan rektor, professor Asəf
Zamanov bəşər tarixində qabarma və çəkilmələrin
Azərbaycan xalqının taleyindən də yan keçmədiyini
vurğulayaraq, müxtəlif təsirlər nəticəsində
azərbaycanlıların dünyaya yayılması tarixindən söz açdı.
Statistikaya görə, hazırda dünyanın 100-ə qədər
ölkəsində 50 milyondan çox azərbaycanlının yaşadığını
söyləyən A.Zamanov Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün yaranma şəraitindən bəhs etdi. Bildirdi ki, ötən
əsrin 80-ci illərinin sonunda blokada şəraitində yaşayan
Naxçıvanın əhalisi, o cümlədən ziyalılar bu çətin
vəziyyətdən çıxmaq üçün 1989-cu il dekabr ayının 31-də
“sərhəd hərəkatı”na başladılar. Böyük tarixi hadisə kimi
qəbul edilən bu hərəkat xaricdə yaşayan soydaşlarımızla
əlaqələrin və həmrəyliyin yaradılması istiqamətində
böyük bir addım oldu.
Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə
əlaqələrin genişləndirilməsi üçün ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi 1991-ci il dekabr ayının 31-nin Dünya
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi
haqqında qərar qəbul edərək və onun rəsmiləşdirilməsi
haqqında Azərbaycan Respublikasının Ali Sovetinə
qanunvericilik təşəbbüsü ilə müraciət etdi. Çox təəssüf
ki, bu qərar o vaxtkı rəhbərliyin biganəliyi üzündən
kağız üzərində qaldı...
Rektor qeyd etdi ki, xalqın yekdil tələbi ilə
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra onun ciddi səyi nəticəsində dünya
azərbaycanlılarının mənəvi və siyasi birliyinə nail
olmaq istiqamətində yeni mərhələ başlandı. 2001-ci il
noyabrın 9-10-da keçirilən Dünya Azərbaycanlılarının I
qurultayı soydaşlarımızın yaxınlaşdırılması və onların
həmrəyliyinin təmin olunması istiqamətində mühüm hadisə
oldu. 2002-ci ildə “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında” qanun qəbul edildi. Bu
əhəmiyyətli sənədin icrasını təmin edən dövlət orqanı -
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi yaradıldı. Bu uğurlu addımlar dünyanın
müxtəlif yerlərinə səpələnmiş həmvətənlərimizin milli
maraqlarının gerçəkləşdirilməsinə təminat yaratdı.
Həmrəylik gününün qeyd edilməsinin bütün dünya
azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi
ehtiyaca çevrildiyini deyən A.Zamanov qeyd etdi ki,
Prezident cənab İlham Əliyev bu təməli daha da
möhkəmləndirərək, bütün dünya azərbaycanlılarını vahid
ideya və məqsəd ətrafında birləşdirmək siyasətini uğurla
həyata keçirir.
Tədbirdə pedaqogika kafedrasının müdiri Fikrət
Əliyev, psixologiya və ictimai elmlər kafedrasının
müdiri Hökümə Əliyeva və başqaları çıxış edərək
Həmrəylik Gününün dövlətçilik tariximizdə, həmçinin
xalqımızın həyatındakı əhəmiyyətini vurğuladılar.
Mətbuat xidməti |