Azərbaycan Respublikası Prezidentinin 21 dekabr
2015-ci il tarixli sərəncamları ilə 2014-2015-ci
tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil
müəssisəsi” və “Ən yaxşı müəllim”
müsabiqələrində müvəfəqiyyət qazanmış 50
məktəb və 100 müəllim mükafatlandırılıb.
Müsabiqələrdə qalib gələn məktəblərin hər
birinə 10 min manat, müəllimlərin hər birinə isə
5 min manat məbləğində birdəfəlik pul
mükafatları verilib. Mükafat alan məktəblərin
rəhbərlərindən və müəllimlərdən bir qrupu ilə
əlaqə saxlayıb bu böyük uğurları ilə bağlı
təəssüratlarını bizimlə bölüşmələrini xahiş
etdik. |
İkinci dəfə qalib olmaq sonsuz qürur hissidir
Sahibə
ABBASOVA,
Bakı şəhəri 54 nömrəli tam orta məktəbin
direktoru
Ciddi rəqabət şəraitində və bir neçə mərhələdən
ibarət keçirilən müsabiqələrdə qaliblər
sırasına düşmək hər bir təhsil müəssisəsi və
müəllim üçün böyük uğur və şərəf işi hesab
olunur. Bizim məktəbimiz artıq ikinci dəfədir ki,
belə bir uğura imza atır, şərəfə nail olur.
Belə mötəbər bir müsabiqədə birinci dəfə qələbə
qazanmaq əgər böyük sevincdirsə, ikinci dəfə
qalib olmaq sonsuz qürur hissidir. Bu hissi
bizə, məktəbimizin kollektivinə yaşatdığına görə
möhtərəm Prezidentimizə dərin
minnətdarlığımızı bildiririk.
Məktəbimizin uğurları az deyil. Belə ki, son 3
ildə buraxılış imtahanlarının nəticələrinə görə
IX siniflər üzrə müvəffəq qiymət alanlar 91%, XI
siniflər üzrə isə 98% olmuşdur. Məktəbi
bitirənlərdən 70%-i hər il ali məktəblərə qəbul
olunur.
Son 3 ildə qəbul olan şagirdlərin 26%-i 500-700
arası bal toplamışdır.
Son 4 tədris ilində 4 medalçımız olub. Onlarn
4-ü də yüksək balla ali məktəblərə qəbul
olmuşdur. 1 nəfər Prezident təqaüdçüsüdür.
Qarşıdan gələn 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə cənab Prezidentimiz başda olmaqla
xalqımızı təbrik edir, yeni ildə yeni-yeni
uğurlar arzulayıram.
Göstərilən qayğıya cavab olaraq çalışacağıq ki,
gələcəyimizin təminatçısı olan gənclərimizin
layiqli vətəndaş kimi yetişməsi üçün bundan
sonra da bütün bilik və bacarığımızı
əsirgəməyək. |
|
Müsabiqədə qələbə bizə də nəsib oldu
Təranə
SƏLİMOVA,
Qəbələ şəhər 2 nömrəli tam orta məktəbin
direktoru
Bu il “Ən yaxşı ümumi təhsil müəssisəsi”
müsabiqəsinin qalibi, respublikamızın 50 ən
yaxşı təhsil müəssisəsindən biri olmaq şərəfi
bizə də nəsib oldu. Ömrünü gələcəyimiz olan
şagirdləri yolunda şam kimi əridən
müəllimlərimizin fədakar əməyinə bundan böyük
qiymət ola bilməz. Qəbələ şəhər 2 nömrəli tam
orta məktəbinin “Ən yaxşı ümumi təhsil
müəssisəsi” müsabiqəsinin qalibi olması təkcə
müəllim kollektivini deyil, şagirdlərimizi,
valideynlərimizi, Azərbaycan dövlətinə,
təhsilinə dəyər verən hər bir qəbələlini
qürurlandırdı. Bütün bunlara görə muəllimlərimiz
adından Prezidentimizə minnətdarlıq edirik.
Qəbələ şəhər 2 nömrəli tam orta məktəb üçün
2014-2015-ci tədris ili uğurlu olmuşdur. Belə ki,
ali məktəbə sənəd vermiş 46 nəfərdən 19-u
ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinə
qəbul olunmuşdur. Sevindirici haldır ki,
məzunlarımızdan 2 nəfəri 600-dən, 3 nəfəri isə
500-dən yuxarı bal toplamışdır. Məzunumuz Lalə
Mustafayeva məktəbi qızıl medalla bitirmişdir.
Onu da qeyd edim ki, Lalə həm də fənn
olimpiadalarının respublika turunda biologiya
fənni üzrə birinci olmuş və qızıl medala layiq
görülmüşdür. Məzunumuzun 2 qızıl medala sahib
olması kollektivimizi qürurlandırır.
Məktəbimizin daha bir məzunu - Fidan Aslanova
47-ci Beynəlxalq Kimya Olimpiadasının zona
turunun iştirakçısı olmuş, ali məktəblərə qəbul
imtahanlarında 680 bal toplayaraq Bakı Ali Neft
Məktəbinin tələbəsi adına layiq görülmüşdür.
Bu gün qazandığımız hər bir uğur dövlətimizin,
şəxsən Prezidentimizin təhsilə göstərdiyi yüksək
qayğının nəticəsində mümkün olmuşdur.
|
|
Bu il bir müəllimimiz də qaliblər sırasındadır
İsmayıl
YUSUBOV,
Şirvan şəhəri 18 nömrəli tam orta məktəbin
direktoru
31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il ərəfəsində
məktəbimizin kollektivi şad xəbər aldı. Ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə
məktəbimiz “Ən yaxşı ümumi təhsil müəssisəsi”
müsabiqəsinin qalibi elan olunmuş və 10000 manat
pulla mükafatlandırılmışdır. Nəzərə çatdırım ki,
bu, müsabiqədə məktəbimizin ikinci qələbəsidir.
Gənc nəslin təlim-tərbiyəsi sahəsində
qazandığımız uğurlara verdiyi yüksək qiymətə
görə məktəbimizin bütün kollektivi və
valideynləri adından ölkə Prezidentinə
minnətdarlığımızı bildiririk.
Ötən tədris ilində məktəbimizin 11-ci sinfini
111 nəfər şagird bitirmişdir. Onlardan 84 nəfəri
ali məktəbə qəbul olmaq üçün sənəd təqdim etmiş,
62 nəfəri ali məktəbə qəbul olunmuşdur. Onlardan
1 nəfəri qızıl medal, digər 1 nəfəri isə gümüş
medal almışdır. Bundan başqa, 2 məzunumuz kimya,
fizika fənləri üzrə respublika olimpiadasının
qalibi olmuş, 1 məzunumuz isə Beynəlxalq Kimya
Olimpiadasında bürünc medal qazanmışdır. Ali
məktəbə qəbul olunan məzunlarımızdan 17 nəfəri
500-dən çox bal toplamışdır.
Nəzərə çatdırım ki, bu il məktəbimizin coğrafiya
müəllimi Pərvanə Heydərova da “Ən yaxşı müəllim”
müsabiqəsinin qalibləri sırasındadır. Belə
müsabiqələr müəllimləri, pedaqoji kollektivimizi
daha yaxşı işləməyə ruhlandırır, böyük qələbələr
qazanmağa sövq edir. |
|
Müsabiqə obyektiv və şəffaf keçirildi
Rafiq
ƏLİYEV,
Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbinin
direktoru
Rəhbərlik etdiyim Ağdam rayonu Quzanlı qəsəbə
tam orta məktəbi ikinci dəfədir ki, “Ən yaxşı
ümumi təhsil müəssisəsi” müsabiqəsində iştirak
edir. Nəzərə çatdırım ki, bu il həmin müsabiqəyə
daha inamla qoşulduq və əldə etdiyimiz
nailiyyətlər bizi müsabiqənin qalibi etdi.
Məktəbimizin fəaliyyətini yüksək səviyyədə
dəyərləndirdiyi üçün bütün pedaqoji
kollektivimiz adından ölkə Prezidenti İlham
Əliyevə öz təşəkkürümüzü və minnətdarlığımızı
bildiririk və dövlət başçımızı əmin edirik ki,
bundan sonra da bütün fəaliyyətimizi təhsil
islahatının tələbləri əsasında quracağıq.
Xüsusilə qeyd etmək istəyirəm ki, müsabiqə
obyektiv və şəffaf keçirildi. Məktəbimiz istər
qəbul imtahanlarında, istərsə də digər müsabiqə
və yarışlarda uğurla iştirak edir. Bütün bunlar
məktəbin pedaqoji kollektivinin qabaqcıl
təcrübəyə malik fənn müəllimlərinin öz işlərinə
əsl vətəndaş mövqeyindən yanaşmasının və yüksək
peşəkarlığının nəticəsidir. |
|
Mükafatı gələcək fəaliyyətim üçün stimul hesab
edirəm
Gülnar
HÜSEYNOVA,
Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi
Hər il müsabiqənin gedişini izləyirdim. Nəhayət,
bu il mən də “Ən yaxşı müəllim” müsabiqəsinə
qoşuldum və qaliblər sırasına düşdüm. Müsabiqəni
biz müəllimlərin fəaliyyətinə dövlətimizin
verdiyi yüksək qiymət, möhtərəm Prezidentimizin
təhsil işçilərinə diqqət və qayğısının ən bariz
nümunəsi kimi dəyərləndirir, bizi
mükafatlandırdığına görə dövlət başçısına
minnətdarlıq edirəm.
Fikrimcə, bu müsabiqə müəllimləri öz üzərlərində
çalışmağa, yaradıcı axtarışlar aparmağa, yeni
nailiyyətlər qazanmağa sövq edən mötəbər bir
yarışmadır. Müsabiqənin təşkilinə də söz ola
bilməz. Çox şəffaf şəkildə keçdi. Onu da deyim
ki, mən məktəbimizdə bu müsabiqədə iştirak edib
qalib gələn ilk müəlliməm. Başa vurmağa
hazırlaşdığımız il mənim yaddaşımda, güman
edirəm ki, məhz bu hadisə ilə qalacaq. Çünki
müsabiqədə qalib gəlməyim indiyədək əldə etdiyim
uğurların ən böyüyüdür. Mükafatı həm də gələcək
fəaliyyətim üçün stimul hesab edirəm. Gələcəkdə
daha fəal olmağa, yeni təlim texnologiyalarını
öyrənib öz işimdə tətbiq etməyə, yeni
nailiyyətlər qazanmağa çalışacağam.
|
|
Bu sevinc hissini sözlə ifadə etmək çətindir
Cəmalə
CƏFƏROVA,
Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Mən hər zaman axtarışdayam. Yeniliklərlə
maraqlanır, müxtəlif səpgili təlimlərdə,
layihələrdə, beynəlxalq konfranslarda,
müsabiqələrdə iştirak edirəm.
Bu il “Ən yaxşı müəllim” müsabiqəsinə qatıldım.
Ölkənin ən nüfuzlu müəllimlərindən olmaq, bu ada
layiq görülmək, məncə, hər bir müəllimin
arzusudur. Bu gün təhsil müəssisələrimizdə
təhsilalanların təlim-tərbiyəsi və onların
şəxsiyyət kimi həyata hazırlanmasında
fədakarlıqla çalışan, öz fənnini dərindən
sevdirə bilən müəllimlərimiz çoxdur. Onlarla bir
sırada olmaq, mübarizə aparmaq elə də asan
olmadı. Tamamilə şəffaf və obyektiv şəkildə
keçən müsabiqənin qaliblərindən biri də mən
oldum. Qürur duyuram. Bu sevinc hissini sözlə
ifadə etmək çətindir.
Bütün sahələrdə olduğu kimi, təhsilimizdə də
özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən
müəllimlərimiz ölkə başçısının qayğı və
diqqətindən kənarda qalmır. Bu da bir həqiqətə -
Prezident İlham Əliyevin təhsili dövlət
siyasətinin prioritetlərindən biri kimi diqqətdə
saxlaması həqiqətinə söykənir. Mən bizə
göstərdiyi diqqət və qayğıya görə möhtərəm
Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. |
|
Müsabiqədə ilk dəfə iştirak edirdim
Dəyanət
FƏRZƏLİYEV,
Ağcabədi rayonu Hindarx qəsəbə 1 nömrəli tam
orta məktəbin informatika müəllimi
Düşünürəm ki, müəllimlik həyatın bütün
sahələrində fəallıq tələb edir. Bu baxımdan mən
də özümü sınamaq məqsədi ilə dövlətimizin
müəllimlərə göstərdiyi diqqət və qayğısı
nəticəsində verdiyi bu şansı əldən qaçırmaq
istəmədim. Bu il ilk dəfə olaraq “Ən yaxşı
müəllim” müsabiqəsinə qoşuldum və qaliblər
sırasına düşməyə nail oldum. Müsabiqənin bütün
mərhələləri şəffaf və ədalətli təşkil olunmuşdu.
Bu müsabiqə müəllimin öz bacarıqlarını nümayiş
etdirməsi üçün böyük bir şansdır. Müsabiqədəki
qalibiyyətimi pedaqoji fəaliyyətimin uğuru hesab
edirəm.
“Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi
müəllimlərin əməyinə verilən qiymətin bariz
nümunəsidir. Bu müsabiqədə iştirak etmək üçün
bizə şərait yaradan ulu öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Müsabiqədə qalib
olan bütün həmkarlarımı ürəkdən təbrik edirəm.
|
|
Adımı qaliblər sırasında görəndə çox sevindim
Nicat
İSMAYILOV,
Bərdə şəhəri 3 nömrəli tam orta məktəbin tarix
müəllimi
Müəllim əməyinə diqqət, şəffaf seçim məni də bu
il müsabiqədə iştirak etməyə həvəsləndirdi.
Müsabiqədə iştirak etdim və qalib oldum. Adımı
mükafatlandırılanlar sırasında görəndə çox
sevindim. Bu diqqət və qayğıya görə Prezident
İlham Əliyevə təsəkkürümü bildirirəm.
Bir çox təlimlərdə iştirakçı və təlimçi kimi
fəaliyyət göstərmişəm. Təlimlərdə əldə etdiyim
bilik və təcrübələrdən istifadə edərək
dərslərimi müasir dövrün tələblərinə uyğun
qurmağa çalışıram. Dərs dediyim siniflərdə
şagirdlərimin qazandıqları uğurlar məndə hər
zaman sevinc və qürur hissi yaradır, məni işimə
daha da məsuliyyətlə yanaşmağa sövq edir.
Hazırda yeni təhsil proqramına uyğun olaraq dərs
dediyim siniflərdə şagirdlərin hamısı tədris
prosesinə cəlb olunur. Təlim prosesinin həyatla
əlaqələndirilməsi, eyni zamanda digər fənlərlə
inteqrasiya xüsusi diqqətimdə olur. Tədris
prosesi zamanı mənim şagirdlərə aşılamağa
çalışdığım əsas məsələlər ləyaqətlə ömür sürmək,
insanı qabağa çəkən dünyagörüşü formalaşdırmaq
olub. |
Hazırladılar: Yusif
ƏLİYEV,
Niyazi RƏHİMOV
“Azərbaycan müəllimi” |