Lənkəran
Dövlət Universitetində yazıçı-dramaturq Hüseynbala
Mirələmovun yaradıcılıq gecəsi keçirilmişdir.
Tədbiri universitetin rektoru, əməkdar elm xadimi,
professor Asəf İsgəndərov açaraq Hüseynbala Mirələmovu
təqdim etmiş, onun yaradıcılığında gənclərin
vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə
olunmasını əks etdirən əsərlərin əsas yer tutduğunu
bildirmişdir.
Universitetin dil və ədəbiyyat kafedrasının müdiri,
filologiya elmləri doktoru Yədulla Ağazadə
yazıçı-dramaturq Hüseynbala Mirələmovun həyat və
yaradıcılığı haqqında məruzə etmişdir. Məruzəçi
H.Mirələmovun 14 yaşından “Bir tikə çörək” hekayəsi ilə
yaradıcılığa başladığını, ssenariləri əsasında beş
televiziya filminin çəkildiyini, dram əsərlərinin
respublikanın müxtəlif dram teatrlarında tamaşaya
qoyulduğunu diqqətə çatdırmışdır.
Görüşdə yazıçı-dramaturqun Moskvanın “Molodaya qvardiya”
nəşriyyatında “Görkəmli adamların həyatı” seriyasından
çap olunmuş “Qeydar Aliyev”, “İlxam Aliyev-bioqrafiya
prodoljaetsya” və “Zarifa Aliyeva” kitablarının
siyasi-publisistik janrının ən gözəl nümunələrindən
sayıldığı qeyd edilmişdir.
Pedaqogika üzrə fəlsəfə doktoru, şair Tükəzban
Cahangirova Hüseynbala Mirələmovun tələbə-gənclərlə
görüşünü yüksək qiymətləndirmiş, görüşün əhəmiyyətindən,
tələbələrdə dünyagörüşünün artmasında oynadığı roldan
danışmış və yazıçı-dramaturqa həsr etdiyi “Bütöv
Azərbaycan sənin vətənindir” şeirini oxumuşdur.
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin ikinci sinif
şagirdi Sadiq Cəfərzadə, tələbələrdən Nərgiz Ağazadə,
Şəhla Adıgözəlova və başqaları yazıçı-dramaturqa həsr
olunmuş şeir və poemalardan parçalar söyləmişlər.
Sonra Hüseynbala Mirələmovun ictimai-siyasi, ədəbi
fəaliyyətini, görüşlərini əks etdirən reklam çarxı,
əsərlərinə çəkilmiş kinofilmlərdən fraqmentlər
göstərilmişdir.
Sonda yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbir
iştirakçılarını salamlamış, onun təşkilatçılarına
minnətdarlığını bildirmiş və ona ünvanlanan sualları
cavablandırmışdır.
Hacı Etibar Əhədov,
Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya
xidmətinin rəhbəri |