Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Təhsil Problemləri İnstitutu metodik xidmətə dair konfrans keçirdi

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu dekabrın 22-də Bakı şəhərindəki “Grand Hotel Europa”da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elmi-praktik konfrans keçirib.

Konfransın keçirildiyi zalda TPİ-nin “Təhsil Texnologiyaları Mərkəzi”nin mətbəəsində çap olunmuş 20-yə qədər metodiki vəsait, müəllimlərin tədrisdə istifadə edə biləcəyi resurslar  və digər elmi nəşrlərin yer aldığı kitablar da sərgilənirdi. Konfrans iştirakçıları onlarla yaxından tanış oldular.

Konfransı giriş sözü ilə ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq tədbir iştirakçılarını və respublikamızın pedaqoji ictimaiyyətini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı.

Q.Novruzov konfransın ilin sonunda, hesabat dövründə keçirildiyini qeyd edib rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə il boyu təşkil olunmuş və gələcəkdə gerçəkləşdiriləcək tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan məktəbinin dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin yalnız yaddaşa deyil, düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi, təhsilin, təlim-tədrisin yeni texnologiyalar əsasında qurulması və inkişaf etdirilməsi və s. kimi məsələlər mövcud metodik xidmət sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsi və məzmununun təkmilləşdirilməsi zərurətini irəli sürür.

TPİ-nin direktoru ümumi təhsil sahəsində aparılan islahatların uğurla nəticələnməsi üçün metodik işin məzmununun və formalarının təkmilləşdirilməsinin, rayon, şəhər təhsil şöbəsi metodik kabinetlərinin, metodik mərkəzin fəaliyyətinin daha səmərəli təşkilinin, burada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və metodik xidmət sahəsində bacarıqlarının artırılmasının, metodik xidmətin təşkilində müasir texnologiya və mexanizmlərin tətbiq edilməsinin, dünya təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini vurğuladı. Bu sahədə artıq konkret addımlar atıldığını söyləyən Q.Novruzov 2015-ci ilin iyun ayında institut tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq bəndinə və TPİ-nin “Fəaliyyət Planı”na uyğun olaraq rayon təhsil şöbələrinin metodik kabinetlərinin fəaliyyətinin gücləndirilməsi və strategiyada nəzərdə tutulan məsələləri müzakirə etmək məqsədilə respublikanın Göygöl, Masallı, Sumqayıt, Şamaxı və Şəki şəhərlərində zona müşavirələri təşkil olunduğunu, metodik xidmətin yaxşılaşdırılması üçün müzakirələr aparıldığını, bugünkü konfransın da məhz həmin tədbirlərin məntiqi davamı olduğunu söylədi.

Konfransda institutun “Əlavə təhsilin kurikulumu” şöbəsinin müdiri Afaq Əliyevanın “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda təqdimat-məruzəsi dinlənildi.

Təqdimatdan sonra mövzu ilə bağlı çıxışlar oldu, müzakirələr aparıldı.

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin aparıcı məsləhətçisi Vəfa Yaqublu, şəhər, rayon təhsil şöbələri metodik kabinetlərinin direktorları, TPİ-nin şöbə müdirləri və b. çıxışlarında müasir təhsil sistemində metodik xidmətin yeri və rolu, bu sahədə mövcud vəziyyət, metodik xidmətin daha da təkmilləşdirilməsi məsələlərinə toxundular, bir sıra təkliflər irəli sürdülər. 

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov