Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət
göstərən Heydər Əliyev Universitetinin 202-ci məşğələsi
keçirilib.
“Heydər Əliyev Dünya Azərbaycanlılarının
milli-mənəvi birliyinin yaradıcısıdır” mövzusuna həsr
olunmuş məşğələdə universitetin rektoru, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki,
xalqımız ən ağır, çətin məqamlarda milli mənsubiyyəti
ilə qürur duyan, azərbaycançılıq ideologiyasının kamil
daşıyıcısı, ömrünü xalqının xoşbəxt və firavan
gələcəyinə həsr edən ümummilli liderin ətrafında bir
yumruq kimi birləşməklə möhtəşəm tarixi nailiyyətlərə
imza atıb. Natiq qeyd edib ki, 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının
sarsılmaz milli birliyinin rəmzidir. 1989-cu ildə
Naxçıvanda vüsət alan sərhəd hərəkatına, milli birlik
uğrunda mübarizəyə ilk dəfə dünya şöhrətli siyasətçi,
xalqımızın böyük oğlu Heydər Əliyev düzgün siyasi qiymət
verərək Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi
qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Bu
bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar
arasında milli-mənəvi birliyin və həmrəyliyin
yaranmasında mühüm rol oynayır. Həmrəylik günü
Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib və
dünyanın bir çox ölkəsində qeyd olunur.
“Dünya azərbaycanlılarının birliyi,
soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider
Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında
göstərdiyi tarixi xidmətlərindən biridir”- bu fikirləri
tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov mövzu
ilə bağlı məruzəsində səsləndirib.
Məruzəçi qeyd edib ki, ulu öndər Heydər Əliyevin
milli birlik və azərbaycançılıq ideyaları bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə
üzvlük vəsiqələri təqdim edilib.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |