Dekabrın 24-də Bakı şəhəri 189-190 nömrəli tam orta
məktəbdə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas
və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik
yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı
Cavanşir Feyziyev, Səbail Rayon İcra Hakmiyyətinin
nümayəndəsi Azər Məmmədov, telejurnalist Ələddin Əsədov,
paytaxtın bir sıra tanınmış məktəblərinin direktorları,
eləcə də məktəbin müəllim-şagird kollektivi, valideynlər
iştirak ediblər.
Məktəbin direktoru Ceyran Kuliyeva tədbirin əlamətdar
bir günə- Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin ad gününə təsadüf etməsindən məmnunluq hissi
keçirdiyini bildirərək ölkə başçısını təhsil işçiləri
adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Görkəmli şair və ədəbiyyatşünas Bəxtiyar Vahabzadə
haqqında danışan direktor onun çağdaş Azərbaycan
ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış
şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edilib ki,
Bəxtiyar Vahabzadə haqqında danışarkən həmişə gözlərimiz
qarşısında poeziya sənətini Məcnun çılğınlığı ilə sevən
və bu sevda havasında çox zaman özünü unudan bir
sənətkar, ədəbiyyat nəhəngi-şair, dramaturq, alim,
publisist, siyasi xadim canlanır.
“Bircə ondan razıyam ki, özümdən narazıyam” deyən şair
bütün türk dünyasında sənətin, şeirin ləl-cəvahiratı,
sönməz ulduzu adlandırıldığı halda, özünü sənət
dünyasının qırıq telli sazına bənzədir. Azərbaycanda
milli-mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri
olan xalq şairi ictimai xadim, vətəndaş kimi ana
dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub.
B.Vahabzadənin yaradıcılığının, fəaliyyətinin ətraflı
təhlilini aparan Ceyran xanım ölkə başçısı cənab İlham
Əliyevin görkəmli şairin 90 illik yubileyinin
keçirilməsi haqqında müvafiq sərəncamını sənətkara
dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin
ifadəsi olduğunu bildirib. Direktor vurğulayıb ki,
xalqımız bu söz ustadının xatirəsini hər zaman əziz
tutur. O, “Necə ki, Nizamini, Fizulini Azərbaycan
şeirinin günəşi adlandırırlar, bizim üçün Bəxtiyar
Vahabzadə də müasir Azərbaycan poeziyasının günəşidir”
- deyib.
Həzin ovqat üzərində köklənən, kövrək duyğularla
müşayiət olunan tədbirdə şairin yaradıcılığından bəhs
edən videoçarxın nümayişi, şagirdlərin ifasında
B.Vahabzadənin müxtəlif mövzularda yazdığı şeirlərin
səsləndirilməsi iştirakçılar tərəfindən maraqla
qarşılanıb.
Sonra söz qonaqlara verilib. Xalq şairi Bəxtiyar
Vahabzadənin 12 cildlik külliyatının işıq üzü görməsində
əvəzsiz əməyi olan Milli Məclisin deputatı Cavanşir
Feyziyev çıxış edərək görkəmli ədiblə bağlı
xatirələrini bölüşüb, onun yaradıcılığından, yüksək
mənəvi keyfiyyətlərindən danışıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
Məhəbbət Vəliyeva şairin XX əsr Azərbaycan ədəbiyyatına
verdiyi töhfələrdən söz açıb. Qeyd olunub ki, onun
yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik
ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu
xüsusi önəm daşıyır. İstedadlı və vətənpərvər şair saf
əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə
xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.
Təhsil müəssisələrində Azərbaycanın tanınmış şair və
yazıçılarının xatirə gecələrinin təşkilinin vacibliyini
diqqətə çatdıran Məhəbbət Vəliyeva belə tədbirlərin
böyüməkdə olan gənc nəslin bir vətəndaş, şəxsiyyət kimi
formalaşmasında, onların milli-mənəvi dəyərlərə hörmət,
vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm
əhəmiyyət kəsb etdiyini söyləyib.
Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin
saflığının qorunmasının Bəxtiyar Vahabzadənin
fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu
deyən Ələddin Əsədov onun tariximizə, doğma torpağımıza,
mədəniyyətimizə, folklorumuza və yazılı ədəbiyyatımıza
dərin köklərlə bağlı olduğunu qeyd edib.
Çıxış edənlər tədbirin belə yüksək səviyyədə təşkil
edilməsində əməyi olan 189-190 nömrəli tam orta məktəbin
direktoru Ceyran Kuliyevaya və onun rəhbərlik etdiyi
müəllim-şagird kollektivinə minnətdarlıqlarını
bildiriblər.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |