Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

85 illiyini qeyd edən UNEC: İnnovativ təhsil sistemi yaratmaq əzmindəyik

 

Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Bu gün bizim hər birimiz üçün doğma olan Azərbaycan Dövlət İqtisad Universitetinin 85 yaşı tamam olur. Bu şərəfli illərin səhifələrinin yazılmasında bu və ya digər dərəcədə rolu, əməyi olan hər birimizin bayramıdır.

İllərin sınağından keçən universitetimiz bu gün Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsidir. İqtisad elmi sahəsində intellektual kadrların, zəngin bilik mənbələrinin, tədris təcrübəsinin cəmləşdiyi təhsil ocağıdır. Maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. İqtisad Universitetində Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlar çalışır. Ölkəmizdəki iqtisadçı alimlərin böyük hissəsi məhz bu universitetdə fəaliyyət göstərir. Biz həyatının böyük hissəsini Azərbaycan Dövlət İqtisad Universitetinə həsr edən və universitetin bu səviyyəyə çatmasında böyük rolu olan iqtisadçılarımız, qocaman professorlarımızla fəxr edirik.

Böyütmək üçün seçinTəhsilin güzgüsü müəllimlərdir. Tədrisin keyfiyyəti müəllimin keyfiyyətinə bağlıdır. Ona görə də UNEC-də müəllim potensialının artırılması universitetin strateji hədəfidir. Bunu nəzərə alaraq UNEC-də mövcud müəllim potensialının reallaşdırılmasının maksimallaşdırılması, eləcə də təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Ali məktəbimizdə “Gənc müəllimlər” layihəsinə start verilib. Son iki ildə 147 gənc müəllim universitetimizə cəlb olunub. Eləcə də “Gənc professorlar” layihəsini reallaşdırırıq. Keçən il 6, bu il isə 2 gənc fəlsəfə doktoru bu layihəyə daxil edilib. Əldə etdiyimiz razılaşmaya görə, təcrübəli müəllimlərimizdən 15 nəfəri qış tətilində Türkiyənin müxtəlif universitetlərində təcrübə mübadiləsi keçəcək. Həmçinin 30 müəllimimizə qış tətilində Harvard Universitetinin professoru, eləcə də 100 müəllimimizə Abu Dabinin Paris-Sorbona Universitetinin professorları təlim keçəcək.

Son iki ildə universitetimizdə əməkhaqqı 3 mərhələdə artırılıb və ali təhsil müəssisələri arasında universitetimizin pedaqoji heyətinin orta əməkhaqqı ən yüksək göstəriciyə malikdir. Təbii ki, bu son hədd deyil. Əməkdaşların maaşlarının artırılması istiqamətində də işlər gedir.

Qeyd edim ki, artıq UNEC-in intellektual məhsulu olan diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu sistem universitetlər arasında ilk dəfədir ki, tətbiq olunur. Əməkhaqlarına diferensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf  fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən müəllimlərin əməkhaqlarına əlavələr olunacaq. Əlavələr mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulub.

UNEC-də elektron universitet modelini reallaşdırırıq. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr müəllimlərin tədris materiallarına çıxış imkanı əldə edəcəklər. Yeni tədris ilindən əcnəbi tələbələrin yenidən hazırlıq və ali təhsil üzrə qəbulu da elektron formada həyata keçirilib.

Təhsilin keyfiyyətinin artırılması yollarından biri də dünyada ən müasir təhsilin universitetimizə gətirilməsidir. Bununla bağlı London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq proqramlarını xüsusilə qeyd etmək istəyirəm. Artıq sentyabr ayından UNEC-də London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramı əsasında 6 tələbə təhsil alır. Həmin tələbələr təhsilini bitirdikdən sonra London Universiteti/ London İqtisadiyyat Məktəbinin diplomunu əldə edəcəklər.

UNEC Fransanın ən nüfuzlu tarixi universiteti olan Monpelye Universiteti ilə ikili diploma dair razılıq əldə edib. Yaxın vaxtlarda müqavilənin imzalanması tamamlanacaq. Həmçinin Azərbaycan təhsilinin xaricə inteqrasiya edilməsi istiqamətində nailiyyətlər əldə etmişik. MDB məkanında ilk dəfə olaraq məhz UNEC-ə Rusiya Federasiyasının ərazisində təhsil xidmətlərinin göstərilməsi hüququ verilib. Cari ilin noyabr ayından etibarən RF-nin Təhsil və Elm Nazirliyi tərəfindən UNEC-in Dərbənd filialına lisenziya verilib.

Azərbaycan tarixində ilk dəfə olaraq, universitimiz Avropa İttifaqına üzv ölkədə - Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr hazırlığını həyata keçirir və birlikdə magistr hazırlığı proqramını reallaşdırmağa başlayıb.

Qürur duyduğumuz proqramlardan biri də MBA proqramıdır. MBA proqramı tamamilə yenilənib və beynəlxalq tələblərə cavab verən səviyyədədir. MBA proqramında hazırladığımız proqramlar dünyanın ən nüfuzlu 5 universiteti - ABŞ-ın Park Universiteti, Almaniyanın Drezden Texniki Universiteti, İsveçrənin UBİS Universiteti, Kanadanın Vaterloo Universiteti, ABŞ Qərbi Texasın A&M Universiteti tərəfindən yüksək qiymətləndirilib. Magistratura pilləsində tədrisin təşkili üçün mövcud proqramlar tamamilə yenilənir, doktorantura pilləsində də qəbuldan müdafiəyə qədər bütün mərhələlərin şəffaf və obyektiv həll edilməsinə imkan verən zəruri sənədlər hazırlanıb. Doktorantura pilləsinə qəbulda yeni qaydalar  ondan ibarətdir ki, fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq British Council tərəfindən həyata keçiriləcək. Sevindirici haldır ki, universitetimizin doktoranturasına diqqət və maraq artıb. Bu il sənəd verənlərin sayı rekord səviyyədə - 104 nəfər olub.

Müəllimlərimizin ekspert qismində fəaliyyət göstərməsinə təkan vermək üçün yeni bir jurnal - “UNEC Ekspert” jurnalını təsis etmişik. Növbəti ilin birinci rübündə jurnal işıq üzü görəcək.

Azərbaycan Dövlət İqtisad Universiteti yeni layihəyə - iqtisadçı alimlərin və praktiklərin “diskurs.az” virtual iqtisadi forumu layihəsinə start verib. Layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır. “Diskurs.az” maraq kəsb edən məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə imkan verir. Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri dərc olunacaq, eyni zamanda istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək. İstifadəçilər Azərbaycanda elə bir unikal intellektual meydançanın iştirakçılarına çevriləcəklər ki, orada iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin aparıcı iqtisadçı alimləri və müxtəlif sahələrin mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.

Forum debatlar aparmağa imkan yaradan bir platforma rolunu da oynayacaq. Burada mütəxəssislər müxtəlif iqtisadi məsələlərə dair müzakirələr apararaq müştərək təkliflər formalaşdıra biləcəklər. Debatlara müxtəlif iqtisadi məktəblər, habelə müstəqil ekspertlər dəvət edilə bilərlər.

Elektron forum həmçinin iqtisadçılarla daimi əks-əlaqə üçün vasitə rolunu oynayacaq və istər Azərbaycanın, istərsə də xarici ölkələrin vətəndaşları arasında müxtəlif mövzulara aid sorğular keçirməyə imkan verəcək.

Layihə eyni zamanda müəyyən tədris elementini də özündə daşıyır. Belə ki, tələbələrimiz müzakirələri izləmək və onlardan faydalanmaq imkanını əldə edirlər.

İqtisad Universitetinin yeni “UNEC Ekspert” jurnalı diskurs.az-da yerləşdiriləcəkdir.

Bu günlərdə universitetimiz daha bir ilkə imza atıb. Bu, türk dünyası iqtisadçıları tarixində əlamətdar bir hadisədir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Beynəlxalq Türk Akademiyasının əməkdaşlığının nəticəsi olaraq Türk Dünyası İqtisadçılar Birliyi təsis edildi. UNEC bu Birliyin katibliyi funksiyasını yerinə yetirəcək. Əminəm ki, türk dünyası iqtisadçı alimlərini bir araya gətirmək və tədqiqatlar aparmaq istiqamətində TDİB-nin çox böyük rolu olacaq.

Bütün bu yeniliklərin nəticəsidir ki, universitetimiz “Webometrics” beynəlxalq reytinq sisteminin açıqladığı reytinq sıralamasında  ölkə universitetləri arasında birinci yerə yüksəlib.

Bu nailiyyətlər bizi sevindirir, amma qane etmir. Ölkə Prezidenti İlham Əliyevin qarşıma qoyduğu vəzifəni - Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevrilməsini icra etmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Əminəm ki, UNEC yaxın gələcəkdə “QS” reytinqində Top-1000 universitet sırasına yüksələcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov