Dekabrın 22-də Bakı şəhəri 47 nömrəli tam orta
məktəbin texniki fənlər təmayüllü 10-cu sinif
şagirdlərinə kimya fənni üzrə “Hallogenlərin müqayisəli
xarakteristikası” mövzusunda nümunəvi dərs tədris edilib.
Nümunəvi dərs Azərbaycan Milli Elmlər Akademiyası
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik
Vaqif Abbasov tərəfindən keçirilib.
Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri
Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi
mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla
bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş
razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər
tərəfindən tədris edilir.
Nümunəvi dərsdə V.Abbasov bildirib ki, elm və
təhsilin inteqrasiyası yüksək elmi biliyə malik
kadrların yetişməsində mühüm rol oynayır. Ölkə
iqtisadiyyatında kimya sənayesinin rolundan danışan
akademik bu sahədə baş verən mühüm yeniliklərdən söz
açıb, şagirdlərə hallogenlərin insan həyatında
əhəmiyyəti barədə geniş və əhatəli məlumat verib, onları
maraqlandıran sualları cavablandırıb.
Nümunəvi dərsdə Təhsil Nazirliyinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəbin kimya
müəllimləri və KİV nümayəndələri iştirak edib. |