Dekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki
akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi
dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa
müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə
respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird
iştirak edib.
Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında
düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil
Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
“Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi
və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması
tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə
birgə Fəaliyyət planına və həmin planın 8-ci bəndinin
icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə
əsasən keçirilir.
Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif
şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox
şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər)
mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil
olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin adları
yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil
Nazirliyinə təqdim olunub.
İnşa yazıları Təhsil Nazirliyində yaradılmış
xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə
qalibləri müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif
ediləcəklər. |