Dekabrın 24-də Zaqatala rayonu Yengiyan kənd və
Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış
mərasimləri keçirilib.
Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin
açılış mərasimində təhsil nazirinin müavini Ceyhun
Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin
açılışında isə təhsil nazirinin müavini Firudin Qurbanov
iştirak edib. Hər iki tədbirə yerli icra
hakimiyyətlərinin rəsmiləri, məktəblilər və kənd
ictimaiyyətinin nümayəndələri qatılıb.
Açılış mərasimlərində çıxış edən natiqlər qeyd
ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni
məktəblər inşa olunur və köhnə məktəb binaları əsaslı
təmir edilir. Yeni tədris ocaqları vahid standart
əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa
olunur. Bildirilib ki, son 11 il ərzində Azərbaycanda
3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı
təmir olunub. Bu isə ölkə Prezidenti cənab İlham
Əliyevin təhsilə olan xüsusi qayğısını əks etdirir.
Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam
orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta
məktəbi isə 360 şagird yerlikdir. Tədris ocaqları sinif
otaqları, fənn laboratoriyaları, kompüter və müəllimlər
otağı, akt və idman zalı, yeməkxana, hərbi hazırlıq,
əmək təlimi, inzibati, texniki və tibb otaqları,
kitabxana və yeməkxanadan ibarətdir. Hər iki məktəb
müasir tələblərə cavab verən mebel və avadanlıqla təmin
olunub.
Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə
siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil
ocaqlarına internet və telefon xətləri çəkilib. Təhsil
müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə
cavab verən qazanxana quraşdırılıb. Məktəblərin
ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif
idman qurğuları şagirdlərin fiziki inkişafının təmin
olunmasına xidmət edir.
Təhsil müəssisələri üçün ayrıca transformator
yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı
tikilib. Tədris ocaqlarının ərazisi abadlaşdırılıb,
ağaclar və gül kolları əkilib. |