Azərbaycan
Dövlət Aqrar Universitetində “İlham Əliyev və Azərbaycan
gəncliyi” mövzusunda inşa müsabiqəsi keçirilib.
Müsabiqədən əvvəl iştirakçılarla görüşən ADAU-nun
rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov
deyib ki, gənclik hər bir dövlətin gələcəyidir. Onlara
yaradılan şərait ilk növbədə dövlətin gələcəyinə
təminat, idarəetmənin zaman-zaman gəncləşməsinin
təsdiqidir. Elə bu səbəbdən də Azərbaycanda gənclər
siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi
qiymətləndirilir. Həqiqət budur ki, indi Azərbaycan
gəncliyi ictimai həyatın bütün sahələrində aktiv
fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar,
sosial tədbirlərin həyata keçirilməsində mühüm rol
oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı
geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı
qüvvəsinə çevrilir. Təbii ki, gənclik ilk növbədə ali
təhsil müəssisələrində formalaşır, əldə etdikləri bilik
və bacarıqları ilə dövlətin enerjili, bütün dəyərlərə
malik aparıcı qüvvəsi kimi cəmiyyətdə yerini tutur.
Qeyd edilib ki, təhsil müəssisəsində vaxtaşırı gəncliyə
göstərilən etimad və onlara yaradılan şərait barədə
diskussiyalar keçirilir, inşa müsabiqələri təşkil edilir.
Universitetdə keçirilən və bütün fakültə və ixtisaslar
üzrə 700-dən artıq 1-ci kurs tələbəsinin iştirak etdiyi
müsabiqədən əvvəl münsiflər heyəti iştirakçılara
mövzunun mahiyyəti, dəyəri və aktuallığı, dövlət gənclər
siyasəti,gənclərin öz bilik və bacarıqlarını,
potensialını reallaşdırmasını, cəmiyyətdə layiqli yer
tutmasını təmin edən şəraitin yaradılması məqsədilə
qəbul edilən prioritetlər və həyata keçirilən tədbirlər
barədə ətraflı məlumat verib.
Müsabiqədən əvvəl monitorlarda İlham Əliyev və
Azərbaycan gəncliyi adlı slayd nümayiş olunub.
Müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə hər
fakültə üzrə birinci, ikinci, üçüncü yerin sahibləri
mükafatlandırılıb. Digər 25 nəfər fərqlənən tələbəyə isə
sertifikatlar təqdim edilib.
Qalib RƏHİMLİ,
Mətbuat xidmətinin rəhbəri |