Dekabrın
24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir
keçirilib.
Tədbir iştirakçıları öncə UNEC-in tələbə və
əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və
kitab sərgisi ilə tanış olublar. Yubiley tədbiri
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə
başlayıb.
Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə
universitetə gəlişi zamanı “Fəxr edirəm ki, bizim ali
təhsilimiz var” fikri ilə çıxışına başlayan UNEC-in
rektoru, professor Ədalət Muradov bildirib ki,
universitetin 85 illik şərəfli yolunda iqtisad elminə
mühüm töhfələr verən və xidmətlər göstərən qocaman
professorlarımızın böyük əməyi var. Müəllim
potensialının artırılmasının universitetin strateji
hədəfi olduğunu deyən rektor, bu potensialın
təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü
vurğulayıb. Rektor, həmçinin son iki ildə universitetdə
əməkhaqqının 3 mərhələdə artırılması və hazırda pedaqoji
heyətin orta əməkhaqqı göstəricisinin ali təhsil
müəssisələri arasında ən yüksək olduğunu söyləyib. Qeyd
edib ki, əməkhaqqı artımı son hədd deyil, əməkdaşların
maaşlarının da artırılması istiqamətində işlər gedir.
Universitetdə
görülən işlərdən danışan rektor bildirib ki, UNEC
müəllimlərinin ekspert qismində də fəaliyyət
göstərməsinə təkan vermək üçün “UNEC Ekspert” jurnalı
təsis edilib. Növbəti ilin birinci rübündə jurnal işıq
üzü görəcək.
“Ölkə Prezidenti İlham Əliyevin qarşıma qoyduğu vəzifəni
– Azərbaycan Dövlət İqtisad Universitetinin dünya
səviyyəli universitetə çevrilməsini icra etmək üçün
bütün gücümüzü səfərbər edəcəyik” deyən rektor, əlavə
edib ki, UNEC-in 90 illik yubileyində “QS” reytinqində
Top-1000 universitet sırasına yüksəlməyə çalışacağıq.
Təhsil naziri Mikayıl Cabbarov ali təhsilin inkişafına
özünəməxsus töhfələr verən İqtisad Universitetinin
ölkənin sosial-iqtisadi problemlərinin həlli sahəsində
əhəmiyyətli rolu olduğunu bildirib. Nazir qeyd edib ki,
qarşılaşdığımız iqtisadi çətinliklər şəraitində
Azərbaycan iqtisadiyyatına bilikli, kreativ düşüncəli və
qloballaşan dünyada biznes mühitini yaxşı bilən
peşəkarlar lazımdır. Dünya təcrübəsi göstərir ki,
istənilən dövlətin inkişaf səviyyəsini yüksək məhsul
yaradan insan resursları müəyyən edir. İqtisad
Universitetinin belə kadrlar hazırlamaq üçün gördüyü
işlər təqdirəlayiqdir.
“İnanıram ki, 85 yaşlı İqtisad Universitetinin əsas
amalı ali təhsilin beynəlxalq standartlara
uyğunlaşmasıdır”, deyən M.Cabbarov bildirib ki, bu gün
ali təhsilin beynəlmiləlləşməsi qlobal prosesdir. Eyni
zamanda, təhsildə elmi potensialın qorunub saxlanılması
və eləcə də gənc elmi-pedaqoji kadrların hazırlanması
öndə duran məsələlərdən biridir: “Bu baxımdan UNEC-də
həyata keçirilən “Gənc müəllimlər” layihəsi bizi çox
sevindirir. 121 gənc müəllim işə qəbul edilib ki,
onların da əksəriyyəti Avropanın, ABŞ, Kanada kimi
ölkələrin nüfuzlu universitetlərinin məzunlarıdır. Bu
proses davam etdirilməli və digər ali təhsil
müəssisələrini də əhatə etməlidir. İnanıram ki, xaricdə
təhsil alan gənc mütəxəssislərin elmi-pedaqoji
fəaliyyətə cəlb edilməsi təhsildəki problemlərin həllinə
əsaslı surətdə kömək edəcək”.
Azərbaycan
Dövlət İqtisad Universitetinin əsasını qoyan və
inkişafında xidməti olanları ehtiramla yad edən
M.Cabbarov müstəqil Azərbaycanın davamlı inkişafı
naminə kollektivin gənc iqtisadçı kadrların
yetişdirilməsi istiqamətində bundan sonra da uğurla
çalışacağına ümidvar olduğunu bildirib.
M.Cabbarov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad
günüdür. Mən bütün təhsil ictimaiyyəti adından cənab
Prezidenti təbrik edirəm. Hesab edirəm ki, bizim ölkə
başçısı üçün edə biləcəyimiz ən böyük töhfə öz işimizə
vicdan və peşəkarlıqla yanaşmağımızdır”.
UNEC-in 85 illik yubileyi münasibəti ilə təhsil naziri
Mikayıl Cabbarovun əmri ilə universitetin bir qrup
əməkdaşı“Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri
fərmanla təltif edilib.
Beynəlxalq Türk Akademiyasının rəhbəri, professor Darhan
Kıdıralı yubiley münasibəti ilə UNEC-in
professor-müəllim heyətini təbrik edib. Bu günlərdə
UNEC-də təsis edilən Türk Dünyası İqtisadçılar
Birliyinin əhəmiyyətindən söz açan D.Kıdıralı bildirib
ki, türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq
əlaqələrinin qurulması və inkişaf etdirilməsi bu
ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhfələr
verəcək.
UNEC-in
Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət
Cəfərov universitetin kecdiyi 85 illik tarixi yola nəzər
salıb.
Sonra UNEC-də yeni yaradılan diskurs.az – virtual
iqtisadi forumun təqdimatı keçirilib. Tədbirdə
universitetin tarixini əks etdirən “UNEC-85 fakt” filmi
nümayiş etdirilib. Yubiley tədbiri UNEC-in Yaradıcılıq
Mərkəzinin üzvlərinin ifası ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi |