Dekabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı
ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi
internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Təhsil Nazirliyi əməkdaşlarının və KİV
təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi
şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş
olunub. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi
iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar
Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar.
Sonra internat məktəbinin şagirdlərinə Təhsil
Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
Media nümayəndələri internat məktəbində şagirdlər
üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından
tanış olub və şagirdlərlə birgə nahar ediblər. KİV
təmsilçilərinə məlumat verilib ki, Sağlamlıq imkanları
məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün
4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər
Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra
cari ilin noyabrında şagirdlərin istifadəsinə verilib.
Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik,
tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri
fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz
olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli
təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və
idman zalı mövcuddur.
İnternat məktəbi şagirdlərinin beynəlxalq
səviyyəli idman yarışlarında, respublika rəsm
sərgilərində iştirakı və qazandıqları nailiyyətlər
barədə də media nümayəndələrinə məlumat verilib.
Qeyd edək ki, internat məktəbində təlim-tərbiyə
alan 198 nəfər şagirddən 104-ü bu təhsil ocağının
nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinə cəlb
edilib. Şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər
pedaqoji heyət məşğul olur. |