“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf
və səmərəli tənzimləmə mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli və dövlət-biznes
partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə
sisteminin formalaşdırılması əsas strateji
istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş,
idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında
yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ümumi təhsil
sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində
2013-2014-cü dərs ilindən etibarən Bakı şəhərində məktəb
direktorlarının seçimi üzrə yeni mexanizmin tətbiqinə
başlamışdır. Bu vəzifədə işləmək arzusunda olan pedaqoji
kadrlar üçün mərhələli müsabiqə təşkil edilmiş,
sənədlərin qəbulu, ilkin seçimin aparılması, təlimlərin
keçirilməsi, yekun imtahan və müsahibə ilə nəticələnən
prosedurlar tətbiq edilmişdir.
Tətbiq edilən yeni mexanizm idarəetmə sahəsində peşəkar
kompetensiyalara malik səriştəli şəxslərin ümumi təhsil
müəssisələrinə rəhbər vəzifələrə təyin edilməsinə, bu
prosesin şəffaf və obyektiv meyarlar əsasında həyata
keçirilməsinə imkan vermişdir.
Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi
istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə
əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil
müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan,
şəffaf və ictimai nəzarət şəraitində səriştəli
namizədlərdən seçilib təyin edilməsi məqsədilə,
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında”
Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1.
Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin
tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi
Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl,
Samux, Goranboy və Daşkəsən rayonlarına şamil olunsun.
2.
Yeni müsabiqə mexanizminin tətbiqinə 2016-cı ilin yanvar
ayından başlansın və məktəb rəhbərlərinin hazırlanması
üzrə təlimlər bu əmrin 1-ci bəndində qeyd edilən
rayonlar əhatə edilməklə Sumqayıt və Gəncə şəhərlərində
təşkil edilsin.
Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy,
Daşkəsən rayon təhsil şöbələri:
2.1. bu əmrin və müsabiqə qaydalarının bütün ümumtəhsil
məktəblərinin rəhbərlərinə və müəllimlərə çatdırılmasını
təmin etsinlər;
2.2. təlim kurslarına cəlb ediləcək məktəb rəhbərləri və
müəllimlərin işdən ayrılmadan kurslarda iştirakına
şərait yaratsınlar;
2.3. ümumtəhsil məktəblərində vakant direktor vəzifəsi
ilə əlaqədar vəziyyəti təhlil etsinlər, vakant vəzifənin
icrası müvəqqəti həvalə edilərkən həmin yerlərin yalnız
Təhsil Nazirliyi tərəfindən təşkil edilən müsabiqə
nəticəsində tutulacağını nəzərə alsınlar;
2.4. vakant yerlərin tutulması üçün yeni qayda tətbiq
edilənədək Təhsil Nazirliyinə təqdim etdikləri
namizədlərin, eləcə də bu sahədə potensialı olan
müəllimlərin və direktor müavinlərinin müsabiqədə
iştirakı ilə bağlı maarifləndirmə tədbirlərini həyata
keçirsinlər.
3.
İnsan resursları şöbəsi (F.Qədirov), QHT və KİV-lə iş
sektoru (C.Valehov) məktəb rəhbərlərinin seçilib
yerləşdirilməsi üzrə yeni müsabiqə mexanizminin məqsədi
və mahiyyətinin təbliği istiqamətində yerli təhsili
idarəetmə orqanları ilə birlikdə kommunikasiya planının
hazırlanması və həyata keçirilməsini təmin etsinlər.
4.
Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev):
4.1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə
daxil olan ümumi təhsil müəssisələrində rəhbər
vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə
müsabiqə Qaydaları”na müvafiq olaraq Sumqayıt və Gəncə
şəhərlərində bu əmrin 1-ci bəndində göstərilən rayonlar
da əhatə olunmaqla yeni müsabiqə mexanizminin tətbiqi
ilə əlaqədar tədbirləri həyata keçirsin;
4.2. təlimlərin təşkili sahəsində təcrübəsi olan ali
təhsil müəssisələrinin ümumtəhsil məktəbləri
rəhbərlərinin hazırlığı prosesinə cəlb edilməsi, təlim
proqramlarının təkmilləşdirilməsi ilə bağlı zəruri
məsələləri həll etsin.
5.
Aparat rəhbəri (M.Eynullayev), İnsan resursları şöbəsi
(F.Qədirov), Təhsilin inkişafı proqramları şöbəsi
(E.Əmrullayev):
5.1. namizədlərlə yekun müsahibənin Təhsil Nazirliyində
aidiyyəti şöbələrin iştirakı ilə keçirilməsini təşkil
etsinlər;
5.2. müsabiqənin yekunlarına görə ən yüksək nəticə
göstərmiş və “Uğur sertifikatı” almış müdavimlərin
vakant direktor vəzifələrinə təyin edilmələrinə dair
təklifləri hazırlayıb rəhbərliyə təqdim etsinlər.
6.
İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan
müəllimi” qəzetində dərc olunmasını və yerli təhsili
idarəetmə orqanlarına göndərilməsini təmin etsin.
7.
Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov)
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 dekabr 2015-ci il |