Aznaurov
İsgəndər Söhrab oğlu
1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının
Buxara vilayətində dünyaya gəlmişdi. 1973-cü ildə orta
məktəbi bitirib, 1978-ci ildə Daşkənd İrriqasiya
İnstitutuna daxil olmuşdu. 1983-cü ildə ali təhsilini
başa vuran İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə
Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdü.
O, burada cihazqayırma zavodunda çalışıb. Erməni
faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri
narahat edirdi və o, 1992-ci il aprelin 21-də Milli
Ordu sıralarına yazılır. İsgəndəri "N" saylı hərbi
hissənin artilleriya üzrə komandir müavini təyin
edirlər. Döyüşlərin birində düşmənin dörd topunu və
xeyli canlı qüvvəsini məhv etmişdi. İsgəndər Qarabağ
müharibəsində ən sərrast topçulardan biri sayılırdı.
1993-cü il aprelin 18-də Vətən uğrunda döyüşərək
mərdliklə həlak olub.
Evli idi. Üç qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci
il tarixli 262 nömrəli Fərmanı ilə baş leytenant
Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Onun adına Gədəbəyin Şınıx bölgəsində “İsgəndər qalası”
var. Kür qəsəbəsindəki 1 nömrəli məktəb qəhrəmanın adını
daşıyır, məktəbdə büstü qoyulub.
Allahverdiyev
Bəxtiyar Əzizulla oğlu
1974-cü il iyunun 10-da Bakıda anadan olmuşdur. 1991-ci
ildə Bakıdakı 199 nömrəli orta məktəbi bitirmiş, 1992-ci
ilin avqustunda Milli Orduya çağırılmış, 776 nömrəli
hərbi hissədə xidmətə başlamışdır. Həmin ilin
oktyabrında cəbhəyə yollanmışdır. Bir müddət Qubadlı
bölgəsində, sonra Füzuli, Murovdağ əməliyyatlarında
qəhrəmanlıq nümayiş etdirmişdir. 1994-cü ildə Tərtər,
Ağdərə bölgələrinə göndərilmiş və o, cəbhədəki məlum
vəziyyətlə əlaqədar ordu sıralarında müddətdən artıq
xidmət etmişdır.
Həmişə öz əsgəri andına sadiq qalan B.Allahverdiyev
olduğu bütün bölgələrdə vətənə layiqincə xidmət etmişdir.
Vətənə layiqli xidmətinə görə Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli
Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1997-ci ildə gizir rütbəsi alaraq 196 nömrəli hərbi
hissənin kəşfiyyat tağımına komandir təyın olunmuşdur.
1998-1999-cu illərdə Zabitləri Təkmilləşdirmə və
Gizirlər kursunda təminat tağımının komandiri,
1999-2000-ci illərdə Bakı Ali Komandirlər məktəbində
taktika kafedrasının təlimatçısı vəzifələrində
çalışmışdır. Həmin ilin oktyabrında ordudan tərxis
olunmuşdur. 2001-ci ildə Polis Akademiyasında təhsilini
davam etdirmişdir. O, hazırda polis orqanlarında
çalışır.
Allahverdiyev
Elbrus Hacı oğlu
1958-ci il oktyabrın 27-də Gəncə şəhərində dünyaya göz
açmışdı. O, burada 18 nömrəli orta məktəbi bitirdikdən
sonra 1976-1978-ci illərdə sovet ordusu sıralarında
hərbi xidmətdə olmuşdu. 1990-cı ildə isə Orconikidze
Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Bir müddət
Vladiqafqazda yaşamışdı. Vətənimizə erməni faşistlərinin
təcavüz etdiyini eşidən Elbrus Azərbaycana dönmüş və
könüllü olaraq 1992-ci il mayın 17-də cəbhəyə
yollanmışdı. E.Allahverdiyev Silahlı Qüvvələrimizdə
artilleriyanın ilk təşkilatçılarından olmuşdu. 1992-ci
ilin iyununda batareyanın ilk diviziyonu yaradılmış və
Elbrus ona komandir təyin edilmişdi. Onun rəhbərliyi ilə
briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya
diviziyonu sərrast atəşlə düşmənin bir çox strateji
əhəmiyyətli obyektlərini məhv etmişdi. Ağdərə bölgəsində
isə briqada üzvlərı düşmənin bir reaktiv artilleriya
qurğusunu sıradan çıxarmışdı. Eyni zamanda 1993-cü il
iyunun 12-də Ağdam üzərinə güclü hücuma keçmiş düşmən,
artilleriya diviziyonunun sarsıdıcı zərbələrindən geri
çəkilmişdi. İyunun 14-16-da Ağdamın Şelli kəndi
istiqamətində gedən ağır döyüşlərdə Elbrus igidlik
göstərərək həlak olub.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Allahverdiyev
Elbrus Hacı oğlu ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır.
Allahverdiyev
Namiq Müslüm oğlu
1967-ci il oktyabrın 5-də Beyləqan rayonunda anadan
olmuş, 1984-cü ildə 1 nömrəli orta məktəbi bitirmişdi.
1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə
hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə
dönmüşdü. 1988-ci ildə ermənilərin vətənimizə etdikləri
təcavüzə dözməyən Namiq könüllü olaraq vətənin
müdafiəsinə qalxmışdı. Onun ilk döyüş yolu 1990-cı ildə
Qubadlı rayonundan başlamışdı. Namiq 1991-ci il avqustun
31-də DİN-in XTP dəstələrinə daxil olmuş və yenidən
döyüş meydanına atılmışdı. O, Laçın, Əsgəran, Füzuli,
Goranboy rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə
iştirak etmişdi. Sonuncu döyüşü Tərtər rayonunda olmuşdu.
Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı
kəndlərinin düşməndən azad edilməsində xüsusi fəallıq
göstərmişdi. 1992-ci il iyulun 9-da erməni yaraqlıları
Cəmilli yüksəkliyinə hücum edərkən, Namiq düşməni
qabaqlamaq üçün döyüş yoldaşları ilə yüksəkliyə qalxmış
və orada əlverişli mövqe tutmuşdu. Düşmən tankından
atılan mərmi Namiqin həyatına son qoydu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci
il tarixli 264 nömrəli Fərmanı ilə Allahverdiyev Namiq
Müslüm oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Beyləqan şəhər
1 nömrəli orta məktəb onun adını daşıyır. Rayon
mərkəzində büstü qoyulub.
Aslanov
Niyazi Şərəfxan oğlu
1960-cı il dekabrın 25-də Goranboy rayonunun
Tap-Qaraqoyunlu kəndində anadan olmuş, burada orta
məktəbi bitirmişdi. 1979-1981-ci illərdə Rusiyanın Altay
vilayətində əsgəri xidmətdə olub. Hərbi xidmətini başa
vurduqdan sonra doğma kəndlərinə qayıdan Niyazi
təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam
etdirmişdi. Oxuduğu müddətdə əmək fəaliyyəti ilə də
məşğul olmuşdu. O, 1989-cu ildə erməni qəsbkarlarının
torpaqlarımızı işğal etməkdə fəallaşdıqları bir zamanda
Goranboy rayonunda yaradılan özünümüdafiə dəstəsinə
qoşulmuşdu. Həmin dövrdə Niyazi yoldaşlarının köməyi ilə
sıradan çıxmış iki tank tapıb onu təmir etmişdi. O, bu
tanklarla nəinki Tap-Qaraqoyunlu kəndini, hətta qonşu
kəndləri də layiqincə müdafiə etməyə nail olmuşdu.
Niyazi Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və
Ağdamın müdafiəsində fəal iştirak etmişdi. 1992-ci il
mayın 4-də Tap-Qaraqoyunlu kəndi yaxınlığında gedən
döyüş zamanı N.Aslanov komandiri İsfəndiyar Əsədovu
xilas edərkən qəhrəmancasına həlak olub.
Ailəli idi. İki oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü
il tarixli 457 nömrəli Fərmanı ilə Aslanov Niyazi
Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Tap-Qaraqoyunlu kəndində dəfn olunub.
Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan
şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy
şəhərində büstü qoyulub.
Aslanov
Şikar Davud oğlu
1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı
kəndində dünyaya gəlmiş, 1977-ci ildə kəndlərindəki orta
məktəbin birinci sinfinə getmiş və 1987-ci ildə həmin
məktəbi bitirmişdi. 1988-ci ildə sovet ordusu sıralarına
hərbi xidmətə çağırılmış, 1990-cı ildə ordudan tərxis
olunaraq doğma kəndlərinə dönmüşdü. Həmin ərəfədə erməni
silahlı qüvvələrinin Azərbaycana təcavüzü davam edirdi.
Qarabağın şəhər və kəndlərində erməni quldurları
tərəfindən evlər dağıdılır, yandırılır, dinc əhali
təcavüzə məruz qalırdı. Belə bir şəraitdə Şikar cəbhəyə
yollanmış, DİN-in Cəbrayıl rayon post-patrul xidmətinə
üzv qəbul olunmuşdu.
1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə
düşmənin atəş nöqtələrini peşəkarlıqla susdurmuşdu.
1992-ci il iyulun 2-də növbəti əməliyyat zamanı düşmənin
snayper gülləsinə tuş gələn Şikar hospitala çatdırılsa
da, onun həyatını xilas etmək mümkün olmamış və o, vətən
uğrunda həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci
il tarixli 264 nömrəli Fərmanı ilə Aslanov Şikar Davud
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Doğulduğu Süleymanlı kəndində dəfn olunub. Təhsil aldığı
Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda
bu kənd işğal altındadır.
Arazov
Ənvər Talış oğlu
1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olmuşdu.
Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci
sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində
oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan
sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu.
1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk
vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət
etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə
dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov,
eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək,
1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda
əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa
başlamışdı.
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində
müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə
qəbul olunaraq cəbhəyə yollanmışdı. Ağdərə rayonunda bir
çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il
noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd
kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə
girərək, mərdliklə həlak olub.
Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci
il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Atakişiyev
Aslan Qabil oğlu
1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı
kəndində dünyaya göz açmışdı. 1960-cı ildə burada
birinci sinfə getmiş, 1970-ci ildə orta məktəbi
bitirmişdi. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdu.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuşdu. 1981-ci ildə
təhsilini uğurla başa çatdıraraq Qubadlı rayonuna
qayıtmış, doğma Muradxanlı kənd orta məktəbində ixtisası
üzrə müəllim işləməyə başlamışdı. Amma erməni
quldurlarının doğma torpaqlarımızda törətdikləri
vəhşilikləri görən Aslan yağı düşməndən intiqam almaq
üçun cəbhəyə yollanmaq qərarına gəlir. O, 1992-ci ildə
Milli Ordu sıralarına yazılaraq leytenant rütbəsi ilə
komandir müavini təyin olunmuşdu. A.Atakişiyev Laçın
rayonunun Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri
uğrunda gedən döyüşlərdə əsl fədakarlıq və qəhrəmanlıq
göstərmişdi. Azərbaycanın bu mərd, mübariz, dəyanətli
oğlu 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ
yüksəkliyində gedən ağır döyüşdə amansız düşmənə əsir
düşməmək üçün son gülləsini öz ürəyinə sıxaraq Vətən
uğrunda həlak olub.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci
il tarixli 350 nömrəli Fərmanı ilə Atakişiyev Aslan
Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakıda Səhidlər xiyabanında dəfn olunub.
Atakişiyev
İntiqam Vahid oğlu
1974-cü il aprelin 7-də Qəbələ rayonunun Tüntül kəndində
anadan olmuşdur. 1991-ci ildə həmin kənddəki orta
məktəbi bitirmiş və 1992-ci ildə Milli Ordu sıralarına
çağırılmışdır. O, orduda xidmət etdiyi zaman yüksək
əsgəri keyfiyyətləri ilə diqqət çəkdiyindən Türkiyəyə
hərbi zabitlər kursuna göndərilmişdir. İntiqam sonralar
Murovdağ döyüşlərində yaralanmışdır. Mingəçevirdə
müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə
qayıtmışdır.
Xidməti borcunu şərəflə yerinə yetirən İ. Atakişiyev
1995-ci ilin martında dövlətçiliyimizə qarşı yönəlmiş
qəsdin qarşısının alınmasında fəal iştirak etmiş,
mübarizlik nümayiş etdirmişdir.
O, 776 nömrəli hərbi hissənin qrup komandiri, bölük
komandirinin müavini, bölük komandiri və hərbi hissə
komandirinin maddi-texniki təminat üzrə müavini
vəzifələrində çalışmışdır. Kapitan rütbəsinə qədər
yüksəlmişdir.
İntiqam öz vətəndaşlıq mövqeyi ilə seçilən bir
hərbiçidir. Onun təşəbbüsü ilə təhsil aldığı orta
məktəbin önündə vətən uğrunda şəhid olmuş
soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün abidə
ucaldılmışdır.
Ailəlidir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 nömrəli Fərmanı ilə Atakişiyev İntiqam Vahid
oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Axundov
Səfa Fətulla oğlu
1958-ci il iyunun 19-da Masallı rayonunda anadan olmuşdu.
1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmiş və
atasının xidməti işi ilə əlaqədar ailələri Cəlilabad
rayonuna köçdüyündən təhsilini burada davam etdirmişdi.
Orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa
vurmuşdu. Təyyarəçi olmaq arzusu Səfanı Bakı Aeroportuna
gətirmişdi. Bir müddətdən sonra isə Orenburq Mülki
Aviasiya Məktəbinə daxil olmuşdu. O, 1979-cu ildə həmin
məktəbi bitirərək vətənə dönmüş və Yevlax rayonundakı
aeroportda AN-2 təyyarəsinə pilot təyin edilmişdi. S.
Axundov 1987-ci ildə Riqaya köçərək gəmi tərsanəsində
mühəndis işləməklə yanaşı, texnikumda müəllim kimi
çalışmışdı. Qarabağ hadisələri başlayanda vətəni darda
görən Səfa Azərbaycana dönmüşdü. 1989-cu ildə Zabrat
“Azal-aero” Aviaşirkətinə məxsus Mi-8 vertolyotuna 2-ci
pilot təyin edilmişdi. 1992-ci il yanvarın 28-də Şuşaya
iki uğurlu uçuş etmişdi. Səfa yenidən Şuşa istiqamətində
uçuş etdiyi zaman düşmən tərəfindən vurulan vertolyotun
partlaması nəticəsində faciəli surətdə həlak olub.
Evli idi. İki oğul övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci
il tarixli 337 nömrəli Fərmanı ilə Axundov Səfa Fətulla
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Cəlilabad
şəhərinin mərkəzində büstü qoyulub.
Cəlilabad şəhərinin küçələrindən biri
onun adını daşıyır. |