Cari
tədris ilinin əvvəlindən Bakı şəhəri 263 nömrəli tam
orta məktəbdə təlim-tərbiyənin günün tələbləri
səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir.
Təhsil ocağında şagirdlərin təlim - tərbiyəsi ilə 156
müəllim məşğul olur. Təhsil müəssisəsi 2012-2013-cü
tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin qaliblərindən biri olub. Hazırda pedaqoji
işçilər metodiki cəhətdən öz bilik və bacarıqlarını
daim artırır, tədrisdə interaktiv təlim metodlarından
geniş istifadə edirlər. Bununla əlaqədar interaktiv,
innovasiya, kurikulumyönümlü “açıq dərs”lər keçilir və
keçilən dərslər mütəxəssislərin iştirakı ilə pedaqoji
şurada müzakirə edilir.
Ötən tədris ilində məktəbi bitirən məzunların
əksəriyyəti yüksək balla respublikanın, eləcə də
xarici ölkələrin ali məktəblərinə qəbul olub. Bu
göstərici isə ötən tədris ilində məktəb üzrə 74,03%
təşkil edib.
Məktəbin şagirdləri eyni zamanda müxtəlif müsabiqə və
yarışlarda, fənn olimpiadalarında qazandıqları uğurlarla
da seçilirlər. Belə ki, respublika olimpiadasında tarix
fənni üzrə X sinif şagirdi Zəminə Həsənova bürünc
medala layiq görülüb.
Təhsil ocağının idman sahəsində də qazandığı uğurlar
böyükdür.
Məktəbin pedaqoji kollektivi təhsillə bağlı respublika
və beynəlxalq səviyyəli layihələrdə, habelə
inkişafyönümlü innovativ təhsil proqramlarında fəal
iştirak edir, istedadlı şagird və müəllimlərin əməyi
isə stimullaşdırılır. Sinifdənxaric və məktəbdənkənar, o
cümlədən, müxtəlif tədbirlərin təşkilində
valideynlərin iştirakı təmin edilir.
Burada İKT-nin tətbiqi diqqətdə saxlanılır. İstər
informatika, istərsə də ayrı-ayrı fənlərin tədrisində
müəllimlər İKT-dən bacarıqla istifadə etməklə
dərslərini kurikulumun tələbləri səviyyəsində
keçirlər.
Məktəbin direktoru Nəsimi Abbasov bildirir ki, hazırda
qazanılan nailiyyətlərə baxmayaraq, 263 nömrəli tam
orta məktəbin pedaqoji kollektivi işə böyük həvəslə
yanaşır və yüksək tədris keyfiyyətinə nail olmaq üçün
beynəlxalq və ölkədaxili layihələr üzrə gördüyü işləri
daha da genişləndirir.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |