Təhsil
Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə
Bakı şəhərində ARDNŞ Ekologiya İdarəsinin Eko-parkında
dekabrın 11-də məktəblilərin “Ekoerudit” Respublika
breyn-rinqinin final yarışı keçirilib.
Breyn-rinqin zona mərhələsi 2015-ci ilin noyabr ayında
Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba,
İsmayıllı şəhərlərində rayon, şəhər orta təhsil
müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və
təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında
keçirilmişdir.
Ekologiya elminin və ətraf mühitinin qorunması sahəsində
müxtəlif mövzuları əhatə edən yarışmada 600-dən artıq
məktəbli ekoloji biliklərini sınayıb. Breyn-rinqin final
mərhələsinə zona qalibləri - Bakı, Gəncə, Sumqayıt,
Şirvan, Quba, Qax, Astara şəhər və rayonlarının tam orta
məktəblərinin komandaları seçilmişdir.
Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin
ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşünün,
ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji
mədəniyyətin formalaşdırılmasıdır.
“Ekoerudit” məktəblilərin Respublika ekoloji
breyn-rinqində Şirvan şəhərinin “Şirvan” komandası I yer,
Quba rayonu “Ekostar” komandası və Bakı şəhəri 186
nömrəli tam orta məktəb II yer, Bakı şəhəri 274, 49
nömrəli tam orta məktəbləri və Sumqayıt şəhəri Təbiət
Elmləri Təmayüllü Gimnaziyanın komandası III yer, Gəncə
şəhər 17 nömrəli tam orta məktəbin “Nizami” komandası,
Astara rayonu “Gənc ekoloqlar” komandası və Qax rayonu 5
nömrəli tam orta məktəbin komandası həvəsləndirici
yerlərə layiq görülüb.
Respublika mərhələsinin qaliblərinə diplomlar və
qiymətli hədiyyələr Təhsil Nazirliyi Respublika Ekoloji
Tərbiyə və Təcrübəçilik Mərkəzi və Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsi
tərəfindən təqdim olunub. Tədbir çərçivəsində
məktəblilərin iştirakı ilə Eko-Park və Qala
Arxeoloji-Etnoqrafik Muzey Kompleks ərazisində
ekskursiya da təşkil edilib.
Tədbirdə ARDNŞ-nın Ekologiya İdarəsinin rəis müavini
Əflatun Həsənov, şöbə rəisi Fizuli Hacıyev, Təhsil
Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin
sektor müdiri Ayla Həsənova, Təhsil Nazirliyi Ekoloji
Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə
Sultan-zadə, Mərkəzin direktor müavini Lalə Dadaşova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil
sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev və ARDNŞ
Eko-Parkın direktoru Tahir Şıxəliyev, BDU-nun biologiya
fakültəsinin dosenti Sevinc Hümbətova iştirak ediblər.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
İnformasiya və Mətbuat şöbəsi |