Göyçay rayon Mərkəzi Kitabxanasında Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əliağa
Vahidin 120 illik yubileyi ilə əlaqədər “Vahidəm,
xəlqimin qəzəl şairiyəm” adlı tədbir təşkil olunub.
Rayon təhsil şöbəsindən bildirilib ki, tədbirdə çıxış
edənlər Prezident İlham Əliyevin “Əliağa Vahidin 120
illik yubileyinin keçirilməsi haqqında” Sərəncam
imzaladığını diqqətə çatdırıblar. Bildirilib ki,
sərəncama uyğun olaraq ölkəmizin hər yerində şairə həsr
edilmiş silsilə tədbirlər təşkil olunur. Azərbaycan
müstəqilliyini yenidən bərpa etdikdən sonra Əliağa Vahid
yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib,
şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi
məqalələr yazılıb.
Qeyd edilib ki, Əliağa Vahid hələ erkən yaşlarından
Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid
Əzim Şirvani, Mirzə Ələkbər Sabir ənənələrini dərindən
mənimsəyərək klassik sənətkarlar səviyyəsində qəzəllər
yazıb. Onun yaradıcılığında satira, yumor və lirika
vəhdət təşkil edir. Şeirlərinin əsas obrazları Vətən,
sevgi, həyat, insandır. Yüksək obrazlılıq, fikri təsirli
ifadə etmək bacarığı onun şeirlərinə əbədiyyət
qazandırıb. Məhz buna görə də ilk şeirlərini yazdığı
dövrdən yüz ildən çox vaxt keçsə də, qəzəl ustadının
əsərləri yaddaşlardan silinmir, dillərdə dolaşır.
Tədbir iştirakçıları Azərbaycan ədəbiyyatında Əliağa
Vahidin xidmətlərindən söz açıb, onun ənənələrinin bu
gün də davam etdirilməsindən danışıblar. Məktəblilər
Məhəmməd Füzuli ənənələrinin davamçısı olan Əliağa
Vahidin yaradıcılığından nümunələr səsləndiriblər.
Yubiley tədbiri rayon mədəniyyət evinin və uşaq musiqi
məktəbinin hazırladığı musiqili kompozisiya ilə başa
çatıb. |