Rayon təhsil şöbəsindən daxil olan məlumata görə,
ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının
müəyyənləşdirilməsi, onlara gələcək ixtisas seçimində
kömək göstərilməsi məqsədilə keçirilən tədbirdə rayon
təhsil şöbəsinin, məşğulluq mərkəzinin nümayəndələri,
işəgötürənlər, müəllimlər, yuxarı sinif şagirdləri
iştirak ediblər.
Rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov əmək
bazarında olan mövcud vəziyyəti tədbir iştirakçılarının
diqqətinə çatdırıb. O, işaxtaran vətəndaşlara mərkəzdə
göstərilən xidmətlər barədə ətraflı məlumat verib, eyni
zamanda, gənclərin səmərəli məşğulluğunun təmin
olunmasında peşə seçiminin mühüm rol oynadığını bildirib.
Bu ilin 11 ayı ərzində rayonun 17 tam orta məktəbinin
IX-XI sinif şagirdlərindən 1445 nəfərin peşəyönümlü
məsləhətlərə cəlb olunduğu qeyd edilib.
Tədbirdə çıxış edən mütəxəssislər gənclərin peşəyə meyil
və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin
əhəmiyyətindən danışıblar. Şagirdlərə peşə və
peşəyönümünə dair əyani vəsaitlər paylanılıb və onların
sualları cavablandırılıb. |