Mingəçevir
Dövlət Universitetinin Mətbuat xidmətindən bildirilib ki,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və
yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” və
“Multikulturalizmə giriş” fənlərinin tədrisi layihəsi
çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn
tədris edilir.
Bu fənlərin universitetlərdə aktuallığını və onun uğurlu
layihə kimi davamlılığını təmin etmək və fənni tədris
edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması
məqsədi ilə hər semestr sonunda Mərkəzin müəyyən etdiyi
şəxslər tərəfindən monitorinq aparılır.
Bu həftə Multikulturalizm Mərkəzi Mingəçevir Dövlət
Universitetində monitorinq keçirib. “Multikulturalizmə
giriş” fənnini Mingəçevir Dövlət Universitetində bu ilin
payız semestrindən humanitar fənlər kafedrasının baş
müəllimi İlham Məmmədov tədris edir. Universitetdə
monitorinqi Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Bağır
Bağırov həyata keçirib.
İqtisadiyyat və idarəetmə fakültəsində 50 tələbəyə
tədris olunan “Multikulturalizmə giriş fənninin”
budəfəki mühazirəsi “Multikulturalizm Azərbaycan
Respublikasının dövlət siyasəti kimi” və “Dünya
ölkələrində multikulturalizmin fərqli modelləri”
mövzusuna həsr edilib. Monitorinq zamanı tələbələr
multikulturalizm modelləri və Azərbaycan dövlətinin
multikulturalizm siyasəti haqqında təqdimatlarla çıxış
ediblər. Seyfəl Həsənov tələbələrə “Multikulturalizmə
giriş” fənninin tədris edilməsinin xüsusi önəm
daşıdığını bildirib. Multikulturalizm məsələləri fonunda
tələbələrin eyni zamanda Azərbaycan ədəbiyyatı, tarixı,
elmi-fəlsəfə fikri və s. barədə də biliklər əldə
etdiklərini vurğulayıb. II mühazirə mövzusu isə
tələbələrə dünya xalqlarının fərqli mədəniyyətlərini
çatdırmaq məqsədi olub.
Seyfəl Həsənov tələbələrə müxtəlif səpgili suallarla
müraciət edərək fənnə olan münasibət, fənnin
mənimsənilməsi problemləri, fənnin tədrisində təklif və
iradların olub-olmadığını öyrənməyə çalışıb.
Monitorinqin sonunda tələbələrə fənnin tədrisi ilə bağlı
fikirlərini əks etdirən sorğu vərəqələri təqdim olunub.
Dərsdən sonra humanitar fənlər kafedrasında dərsin
keçirilmə qaydası və keyfiyyəti müzakirə olunub. |